24 May 2023 09:23
1 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə açıq şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını açıqladı. Olayların bundan sonrakı gedişatı haqda hansı fikirdəsiniz?

- Bəzən verdiyi açıqlamalar ziddiyyətli olsa da, müxtəlif mərhələlərdə müxtəlif formalarda bəyanatlar da səsləndirir. Son bəyanatı da müəyyən bir mərhələnin göstəricisi sayıla bilər. Bilirsiniz ki, Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə bir görüş keçirildi. Şarl Mişel bu görüşdən sonra 86.6 min kvadratkilometr və 29.8 min kvadratkilometr olmaqla tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdi. Əlbəttə, bu, Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Paşinyan çox realist düşünərək, bu bəyanatı verdi. Baxmayaraq ki, Ermənistan cəmiyyətində hələ də revanşist qüvvələr güclüdür və qeyri-real düşüncələrlə yaşayırlar. amma Paşinyan da Ermənistana rəhbərlik edən şəxs və prosesdən məlumatlı insan kimi, beynəlxalq münasibətlər və hüquq sistemini bildiyi üçün Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqelərinin konkretləşdirilməsinə doğru addımlar atır. Bu da atılan kiçik addımlardan biridir.

Önəmlisi, verilən bu bəyanatın imzalanması nəzərdə tutulan sülh müqaviləsində yer almasıdır. Azərbaycan bu prinsipləri ötən il təklif edib. Həmin 5 prinsipin başında tərəflərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması durur. Eləcə də, bura gələcəkdə ərazi iddiaları irəli sürməmək barədə öhdəliyin götürülməsi daxildir.

- Ermənistan daxilindəki duruma diqqət çəkdiniz. Bu açıqlamasından sonra Paşinyana daxildən təzyiq güclənib, yenidən ona qarşı “istefa” çağırışları var. Sizcə, daxili qüvvələr Paşinyanı devirəcək qədər güclü və mütəşəkkildirlərmi?

- Paşinyan hakimiyyətə gələndən bəri daxildə ona qarşı ciddi bir müxalif qüvvə də formalaşıb. Həmin qüvvə keçmiş hakimiyyətin nümayəndələri, sabiq cinayətkar prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın dəstələri, o cümlədən Rusiyaya bağlı dairələrdən ibarətdir. 44 günlük müharibədən sonra 17 partiyanın birləşdiyi bir qrup var. Bu qüvvələr uzun müddət çalışdılar ki, küçə etirazları ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Amma dünya tarixində bir ilk baş verdi, savaşda ciddi şəkildə məğlub olmuş bir hökumətin başçısı erkən seçkilərə getdi və səslərin üçdə ikisini alaraq yenidən seçildi. Ermənistan cəmiyyətində revanşistlərin resursları güclü olsa da, məncə, hazırda onların bu gücü Paşinyanı devirmək üçün kifayət etmir.

Başqa bir yol da qalır. Ermənilərin mental xarakterindən irəli gələrək, hansısa formada terror variantı seçilə bilər. Bunu real hesab edirəm. Küçə etirazları və ya digər formalarda Paşinyanı devirmək qeyri-real görünsə də, terror aktı ilə onun aradan götürülməsi mümkündür.

- Ötən il Moskvadan Xankəndiyə göndərilmiş Ruben Vardanyan da yenidən fəallaşıb. Artıq o da sülh müqaviləsini imzalamaq istədiyini deyən Paşinyanı açıqca hədələyir. Vardanyanın aktivliyini necə şərh etmək olar?

- Dediyim kimi, Ermənistanda Paşinyana qarşı olan qüvvələrin əksəriyyəti Rusiyaya bağlıdır. Onların içində Ruben Vardanyan da var. Baxmayaraq ki, hazırda Xankəndidədir, Ermənistanda deyil, amma onun bütün çıxışları və addımları Moskva tərəfindən müəyyənləşdirilir, təlimatlandırılır. Əlbəttə, Vardanyanın bəyanat və hədələri də gələcəkdə Ermənistan hakimiyyətinin olimpində yüksək yer tutmasına hesablanıb. Sadəcə Qarabağ məsələsi Ermənistanda hakimiyyət uğrunda mübarizədə əsas vasitələrdən biridir. Vardanyanın bəayantları da bu istiqamətdən gəlir.

Vardanyan hələlik Ermənistandakı revanşist qüvvələri birləşdirəcək və onların lideri olacaq səviyyədə deyil. Bəli, Rusiyadan konkret komanda və təlimat gələrsə, o zaman Paşinyana qarşı olan qüvvələri onu özlərinə lider seçmələri mümkündür. Amma o zamana qədər çox şey dəyişə bilər. Yəni hazırda Rusiyanın Paşinyanı devirmək üçün Ermənistanda yetərli resursunun olmadığını düşünürəm.

- Bütün bu gəlişmələri nəzərə aldıqda, bizi qabaqda nə gözləyir? Paşinyan artan təzyiqlər qarşısında yerindən tərpənən sülh prosesini pozacaq, ya yoluna davam edəcək?

- Paşinyanın indiyədək olan davranışlarına baxdıqda, bunlar daha çox vaxtı uzatmağa hesablanmış addımlar kimi dəyərləndirilə bilər. Burada Ermənistan daxilindəki gəlişmələrin proseslərə təsiri önəmlidir. Amma böyük güclər – bölgədə maraqları olan ABŞ, Rusiya və Qərb hansı mövqeni tutacaqlar, nə qədər israrlı olacaqlar, məncə, prosesin gedişatı bunlardan asılı olacaq. Ermənistana ABŞ tərəfindən ciddi təzyiq olarsa, yaxud Qərb israrlı şəkildə İrəvanı sülhə təşviq edərsə, sülh prosesini tezləşdirmək mümkündür. Ciddi təzyiqlər olmayacaqsa, Ermənistan sülhə vadar edilməyəcəksə, onda bizi qarşıda xeyli zaman gözləyir.

Bölgədə sülhü istəməyən güclər var. Rusiya əsas əngəlləyici faktorlardan biridir. Bunun qarşısına da ABŞ, yaxud Qərbin mövqeyi qoyulmalıdır. Bu israrlı mövqe olacaqsa, proses davam edəcək, olmayacaqsa, əlbəttə, durğunluq ola bilər.

- Bəs Qərb həmin israrlı mövqeni qoyacaqmı?

- Bunu söyləmək çətindir. Məncə, bir çox məsələlər Ukraynadakı gedişatdan asılı olacaq. Rusiyanın Ukraynadakı vəziyyəti bir az da mürəkkəbləşsə, onda Güney Qafqazdakı proseslərdə də intensivləşmə müşahidə oluna bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər