Həm Ermənistanda, həm də Qarabağda erməni separatizminin tör-töküntüləri son günlər sərgilədikləri manipulyasiyanın, siyasi şounun barıtını bir qədər də artırıblar. Onlar bütün dünyaya çatdırmaq istəyirlər ki, guya Qarabağdakı ermənilər blokadadırlar, humanitar böhran içərisindədirlər, Azərbaycan dövləti tərəfindən təzyiq və təqib altındadırlar və s. Bütün bunlar bölgədə vəziyyəti gərginləşdirməyə və beynəlxalq diqqəti ermənilərin üzərinə çəkməyə hesablanıb. Azərbaycan yaranmış stiuasiyaya uyğun addımlar atmalıdır. Düşünürəm ki, indi Zəngəzur dəhlizinin açılmasını daha uca səslə tələb etməyin vaxtıdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Ermənisatanın şou göstərməsinin qarşını almaq üçün yaxşı olardı ki, ölkəmizin ictimaiyyət nümayəndələri və Qərb bölgəsində yaşayan əhali və eyni zamanda Naxçıvanda yaşayan ziyalılar, fəallar üzü Zəngəzur dəhlizi ilə hərəkətə başlamalıdırlar: “Biz də yerli və xarici mətbuat nümayəndələrinin, beynəlxalq ictimaiyyətin diqqətini bu prosesə cəlb etməliyik. Bütün dünya görsün ki, uzun illərdir Naxçıvanda yaşayan vətəndaşlarımız blokadada yaşayıblar. Zəngəzur dəhlizinin açılmasını və Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanın quru sərhəddinin bərpa edilməsini tələb etməliyik. Ermənistan Azərbaycanın suveren ərazisi olan Laçın yolundakı nəzarət buraxılış məntəqəsinin ləğvini və yolun açılmasını tələb etdikləri kimi, biz də Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasındakı quru yolun bərpasını gündəmə gətirməliyik. Bizim tələbimiz daha haqlı və qanunidir. Çünki hazırda Ermənistanın nəzarətində olan Zəngəzur mahalı vaxtilə Azərbaycanın torpağı olub, onlar Moskvanın göstərişilə ermənilərə verilib”.
Politoloq hesab edir ki, Ermənistan 10 noyabr bəyanatında nəzərdə tutulan bəndlərin icrasını məqsədli şəkildə yubadır: “Onlar Zəngəzur dəhlizini açmaq istəmirlər. Amma Azərbaycanın razılığı olmadan İrəvandan 19 yük maşınını Qarabağa göndərirlər. Halbuki, Azərbaycan tərəfi erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolu və digər alternativ yollardan istifadəni təklif edib. Ermənilər Azərbayanın bütün təkliflərinə qarşı çıxırlar. Ağdam-Xankəndi yoluna beton maneələr düzərək əslində özlərini təcrid vəziyyətə salırlar. Biz imkan verməməliyik ki, ermənilər öz problemləri, haqsız siyasi tələbləri, məkrli siyasi tələblərilə gündəmi zəbt etsinlər. Təəssüf ki, bu gün müzakirələr daha çox erməni revanşistlərinin qaldırdıqları məsələlər ətrafında gedir. Odur ki, biz də hədəflərimizi, məqsədlərimizi önə çıxarmalı, yerli və beynəlxalq diqqəti ora yönəltməliyik”.
R.Alıyevə görə, erməni tərəfinin "humanitar fəlakət" şousunu aktiv əks arumentlərimizlə, gedişlərimizlə aradan qaldıra bilərik: “Yixarıda qeyd etdiyim kimi, Zəngəzur dəhlizinin açılmasını gündəmə gətirməli, bu istiqamətdə daha fəal addımlar atmalıyıq. Həmçinin Qarabağdakı separatçıların hərbi tör-töküntülərini zərərsizləşdirməliyik. Eyni zamanda Qarabağdakı sıravi erməniləri qızışdıraraq onların Azərbaycana inteqrasiyasına mane olan, ölkəmizdə etnik zəmində qarşıdurma yaratmaq istəyən şəxslərin barəsində ölçü götürməliyik. Xankəndiyə humanitar yardımlar yalnız Azərbaycanın müəyyən etdiyi yollarla daşınmalıdır”.