7 Avqust 2023 12:24
11 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan humanitar yardım adı altında Azərbaycan sərhədinə konvoy göndərdi və bunun ardınca yenidən bölgədə gərginlik yaşandı. Burada diqqət çəkən məqam kənardan verilən bəyanatlardır. Əslində, yaxın tarixdə belə bəyanatlar çox eşitmişik. Amma burada təəccüblü məsələ yoxdur. Çünki biz bunu görmüşük və artıq belə hallara öyrəşmişik. Bu baxımdan da verilən bəyanatlar xidməti yanaşmalardır. Sadəcə olaraq hansısa humanitar vəziyyətin düzəlməsi ilə bağlı absurd iddialar səslənir.

Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, bu cür rmövqelərin özündə də ciddi ziddiyyət var:

“Əslində, onların özlərinə sual vermək lazımdır ki, doğurdanda hazırda Qarabağda humanitar problem varmı? Əgər belə bir problem varsa, onlar nəyə görə Ağdam-Xankəndi yolunu bağlayıblar? Bunu bir çox dairələr də yaxşı başa düşürlər. Sadəcə olaraq bunun məqsədi Ağdam-Xankəndi yolundan yüklərin daşınmasının qarşısını almaq üçündür. Onlar da bunu qəbul etmək istəmirlər. Həmçinin burada ermənilərin oyunu elə də böyük mahiyyət kəsb etmir. Bu, rus sülhməramlılarının istəyidir. Sülhməramlılar istəmirlər ki, onların təminatı Azərbaycan ərazisindən olsun. Ona görə də, rus sülhməramlılar ermənilərin əli ilə təxribatlar törədirlər. Ağdam-Xankəndi yolunda hazırda bərpa işləri gedir. Bu yol çoxdan minalardan təmizlənib. Artıq bir müddətdən sonra eşidiləcək ki, Ağdam-Xankəndi yolu bərpa edildi. Sovet dövründə Ağdam-Xankəndi dəmir yolu olub. Ona görə də, məsələnin həlli yüklərin Ağdam-Xankəndi yolundan keçməsi ilə təmin olunacaq. Azərbaycan bunu suveren hüquqları çərçivəsində edir və heç bir beynəlxalq qanunu pozmur”.

Rusiya Ağdam-Xankəndi yolunun açılmasını niyə istəmir?

Sabiq nazirə görə, Rusiyanının dediyi kimi həmin yüklərin Azərbaycana keçidi ilə bağlı Ermənistan öncədən razılaşmaya getməli idi:

“Amma indi Azərbaycan qarşı tərəfə təklif edir ki, o yüklər Ağdam-Xankəndi yolu ilə çatdırılsın. Bu arqument isə onların ümumi məntiqini pozur. Çünki əgər orada aclıq varsa, bunu kimin yaratması məsələsi ortaya çıxmalıdır. Azərbaycan yol təklif edirsə, qarşı tərəf bundan imtina edirsə, demək aclığı yaradan onların özüdür. Ona görə də, bu yanaşmaya irad tutmaq mümkün deyil. İndi onlar Xankəndidə avtobusları yığıb "Azərbaycan sərhədinə, Laçın yoluna yürüş edəcəyik" - kimi mənasız fikirlərlə şou yaratmağa çalışırlar. Avtobuslarla gəlirlərsə, buyurub Ermənistana getsinlər. Amma onların geri qayıtması məsələsi var. Azərbvaycan sərhədindən keçirsənsə, bilməlisən ki, geri qayıdanda Azərbaycan qanunları ilə ölkə ərazisinə daxil olmalısan”.

"Onlar hələ icma olmağa namizədir. Çünki Azərbaycan vətəndaşı deyillər”

Politoloq Yevlaxda Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin təmsilçiləri arasında gözlənilən mümkün görüşü də şərh edib:

“Bu gün bir çoxları açıqlayır ki, onlar erməni icmasıdır. Əslində bu belə deyil. Onlar hələ icma olmağa namizədir. Çünki Azərbaycan vətəndaşı deyillər. Vətəndaşlığımıza namizəd olmaq istəyirlər. Ona görə də, burada etnik mənsubiyyəti xüsusilə vurğulamaq düzgün olmaz. Bu, siyasi bir prosesdir. Reinteqrasiyaya razı olacaqlarsa, gəlib söhbət edəcəklər. Etnik mənsubiyyət onlar üçün əsas məsələ deyil. Reinteqrasiyaya meyilli olan insanlar gəlib Azərbaycan hökuməti ilə öz gələcəkləri ilə bağlı danışırlar. Bu cür görüşlərin olması da təbiidir”.

“Paşinyan “Qarabağ Ermənistandır” mövzusundan “Qarabağ xalqı”na taktiki keçid edib”

Tofiq Zülfüqarov hesab edir ki, bir çox hallarda məsələlər ermənilərin təbliğatı altına düşür:

“Reallıq odur ki, Xankəndidə toplum və s. anlayışlar yoxdur. Araikdən tutmuş, “jek” müdirinə kimi hamısı Ermənistan dövlətinin büdcəsindən məvacib alır. Deməli onlar Ermənistanın məmurlarıdır. Çünki büdcədən maaş alan məmurdur. Belə olan halda bu adamların Xankəndidə özlərini müstəqil və hansısa hüquqları tələb edən toplum kimi qələmə verilməsi düzgün deyil. Bu məmur kimdən maaş alırsa, ondan verilən təlimat əsasında bəyanat verir. Ölkə başçısı da açıq şəkildə dedi ki, Xankəndidə olan ermənilər bu rejimin girovlarıdır. Fakt odur ki, Xankəndidə olanlar işğalçı rejimin qalıqlarıdır. Ona görə də, onlar Azərbaycan ərazisindən dərhal çıxmalıdır. Bu gün Azərbaycan kimlərisə Ermənistana göndərib onlara dövlət büdcəsindən məvacib versə bunu necə qarşılayarlar? Nümunə göstərsinlər ki, dünyanın hansı ölkəsində bu cür hal var? Ona görə də, belə nağıllara və bəyanatlara inanmamaşıq və inanmamalıyıq. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Paşinyan, indi taktiki baxımdan onun adını dəyişdirib “Qarabağ xalqı” qoyub. Ona sual vermək lazımdır ki, sən baş nazir kimi Ermənistanın dövlət büdcəsindən Qarabağda olan rejimin işçilərinə necə maaş verirsən? Qarabağda keçən ay təxribatlara görə məhv edilən erməni əsgərlər Laçın yolundan Ermənistana göndərildi. Bunu da Paşinyandan soruşmaq lazımdır ki, sənin əsgərin Azərbaycan ərazisində nə gəzirdi? İndi də məlumat yayılıb ki, Qarabağdan olan 50-ə yaxın ağır hərbi texnika Ermənistana aparılır. Onlardan soruşmaq lazımdır ki, Xankəndidə silah zavodu var? Bu silahlar orada necə qalıb? Doğurdan da əgər bu silahlar onların deyilsə, niyə Ermənistana aparırlar? Əgər bu silahlar sizin, deyilsə bunu Azərbaycana təhvil verin. Ona görə də, bu cür məsələlərə aydınlıq gətirilməlidir".


Müəllif: Tapdıq Qurbanlı