24 Avqust 2023 09:32
2 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, Ermənistanın "yardım" TIR-ları bir aya yaxındır ki, Azərbaycanla sərhəddə dayanıb. Bu nə vaxta qədər davam edəcək? Həqiqətən də TIR-larda "ərzaq və digər yardım" vasitələri varsa, konvoyu ümidsiz halda orada saxlamağın mənası nədir?

- Erməni tərəfi düşünürdü ki, "yardım" TIR-larına Azərbaycan sərhəddi açmasa, ona beynəlxalq təzyiq güclü olacaq və geri addım atacaq. Azərbaycan əleyhinə müəyyən açıqlamalar olsa da böyük təzyiqlər olmadı. Təzyiqlər olsa da, heç nə dəyişməyəcəkdi. Azərbaycan bununla bağlı alternativ variantlar təklif edib. Ölkəmizin ərazi bütövlüyü çərçivəsində istənilən məntəqəni göstərmək olar ki, yardım konvoyları oradan keçə bilər. Bu, istənilən dövlətin müstəsna hüququdur. Amma erməni tərəfi bundan istifadə etmək istəmədi. Qarşı tərəf iddia edir ki, Ağdam-Xankəndi yolundan istifadə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması anlamına gələcək. Ona görə də, Laçın keçid məntəqəsindən istifadədə israr edirlər. Azərbaycan da sözsüz ki, buna icazə vermir. Maraqlısı isə odur ki, həqiqətən də o TIR-larda ərzaq, yardım ləvazimatları varsa, bir aya yaxındır onlar hansı şəraitdə saxlanılır? Çünki bir aya yaxın müddətdə həmin TIR-ların işlək halda belə o ərzaqı saxlaması mümkün deyil. Reallıq isə bunun əslində Azərbaycana qarşı seçilmiş təzyiq taktikası olduğunu təsdiqləyir. Normal halda onlar ən azı bir həftədən sonra o TIR-lar geri qayıtmalı idi. Hətta həmin yolun TIR-ların geri dönüşü üçün də istifadəsiz olduğu bildirilir.

- Azərbaycan ilk günlərdən bu keçidi açmayıbsa, sonradan bunu hansı məntiqlə edə bilər?

- O vaxt bildirilirdi ki, bu yüklərlə bağlı iki mühüm variant var. Bu yüklər ya geri qaytarılacaq, ya da ki Azərbaycanın dediyi istiqamətdə Qarabağa çatacaq. Görünən isə odur ki, son günlər yüklərin Ağdam-Xankəndi yolundan Qarabağa çatdırılmasını müzakirə etməyə başlayıblar. Separatçılar həmçinin Yevlax görüşü baş tutmasa da Bərdədə görüşməyə hazır olduqlarını deyirlər. Ona görə də, yaxın günlərdə hadisələrin inkişaf ssenarisini diqqətdə saxlamaq lazımdır.

- Xankəndidə separatçıların "rəhbərləri", yəni Araik Arutunyanla, Ruben Vardanyan arasındakı qarşıdurmanın Ağdam-Xankəndi yolundan istifadə, Bərdədə görüşlə bağlı razılaşmalar fonunda baş verməsi nə dərəcədə realdır?

- Burada başqa məsələlər var. Vardanyan Moskvanın adamıdır. Sadəcə olaraq orada "hakimiyyət" uğrunda mübarizə gedir. Ağdam-Xankəndi yolu məsələsində isə erməni tərəfi özünü tələyə salıb. Əgər onlar doğurdan da ərzaq qıtlığı yaşayırdısa, ərzağın hansı yolla gəlməsi heç bir önəm daşımalı deyildi. Demək ki, onların dərdi heç də yük və humanitar məsələlər olmayıb. Sadəcə olaraq son zamanlar vəziyyətləri ağırlaşdığına görə, Ağdam variantını da müzakirə etməyə başlayıblar. Ona görə də, onlar iki variantdan birini seçməlidirlər. Yüklər Ağdam yolundan çatdırılmasa, geri göndəriləcək. Amma burada da Azərbaycan ərazisinə daxil olan yüklərin yoxlanışdan sonra ünvana çatdırılması mümkün olacaq. İstənilən yük ölkə ərazisinə daxil olduqda yoxlanılır, laborator analizdən keçirilir. İrəvandan gələn yüklər bu qaydada yoxlanılacaq.

- Qarabağın erməni sakinlərinin təmsilçiləri Yevlax görüşündən son anda imtina etdi. Bərdə görüşü ilə bağlı gözləntilər nədən ibarətdir?

- Gec-tez onlar Azərbaycanın dedikləri ilə razılaşacaq. Çünki onlara iki dəfə Bakıda görüş təklif edilib. Amma buna razı olmayıblar. Yevlaxdakı görüş də son anda pozuldu. Bərdə isə onlara coğrafi cəhətdən daha yaxındır. Onlar bu təklifləri qəbul etməlidirlər. Əks halda onları çətin bir həyat gözləyir. Ya bölgəni tərk edib getməlidirlər, ya da Azərbaycanın qanunları ilə yaşamalıdırlar. Qarşıdan qış fəsli gəlir onlar yəqin ki, bunu düşünür. Sonra da deyəcəklər ki, qazımız kəsildi və s. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanımırlarsa, ölkə ərazisinə necə qanunsuz qaz xətti çəkə bilərlər? Ona görə də, Qarabağ erməniləri bu istiqamətdə son qərarlarını verməlidir.

- Erməni mediasına görə, Azərbaycanla görüşə separatçı Samvel Babayan göndərilə bilər. Bu, Bakı üçün nə dərəcədə məqbul şəxsdir?

- Babayan digər separatçılardan bir qədər fərqlənir. O hətta Bakı ilə dialoqa getməyin zəruriliyindən, lazım gəlsə Ağdam üzərindən də ticarətin mümkünlüyündən danışır. Amma Samvel Babayan Azərbaycan üçün hərbi canidir. Bu şəxs Xocalı soyqırımında iştirak edib. O vaxt separatçı rejimin müdafiə naziri, təhlükəsizlik şurasının katibi işləyib. Azərbaycan isə canilərlə heç bir təmas qurmur. Reallıq odur ki, oradakıların çoxusu separatçıdır. Digər ermənilər də separatçıların təsiri altındadır.

- Azərbaycanın bu məsələdə əsas tələbi nədən ibarətdir?

- Əsas şərt Azərbaycanın irəli sürdüyü tələblərin qəbul edilməsidir. İndi isə separatçılar beynəlxalq təşkilatlardan özləri üçün amnistiya istəyir. Azərbaycan Prezidenti də açıqlama vermişdi ki, bütün tələbləri qəbul etdikdən sonra amnistiya məsələsinə baxıla bilər. Ona görə də, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq qurmaq olar. Burada əsas başlıca prinsip Azərbaycan qanunları ilə yaşamağı qəbul etmələridir.

- Laçın postundan ermənilərin keçidi və oradan çıxanların tərkibi ilə bağlı hansı yanaşmalar var?

- Burada bölgəni tərk edən üç qrup ermənidən söhbət gedir. Bunlar Rusiya vətəndaşı olan ermənilərdir ki, onlar artıq buradan çıxır. Digər qrup isə Ermənistan ordusunun qalıqlarıdır. Çünki onlar buradan heç cür çıxa bilmirdi. İndi mülki formada ölkə ərazisini tərk edə bilər. Üçüncü qrup isə Qarabağda yaşayan ermənilərdir ki, onlar Azərbaycan qanunları ilə yaşamaq istəmədiklərinə görə buranı tərk edir. Fakt odur ki, bu proses başlayıb. Sadəcə olaraq bu heç də kütləvi xarakter almayıb. Azərbaycanın tələbi odur ki, ölkə qanunlarını qəbul edib burada yaşamaq olar. Kimlərsə Azərbaycan qanunlarını qəbul etmirsə, ölkə ərazisini tərk etməlidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər