24 Avqust 2023 17:40
6 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi bir aya yaxındır ki, Azərbaycanla sərhəddə “yardım konvoyu” saxlayır. Bu heç də “yardım” kampaniyası deyil. Məqsəd Azərbaycana qarşı təzyiq etməkdir. Düşünürlər ki, təzyiqlər Azərbaycanı geri addım atmağa vadar edə bilər. Erməni tərəfi bununla öz istədiklərini həyata keçirmək gücünü göstərməyə çalışır.

Bunu Teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, Ermənistan həmçinin beynəlxalq ictimaiyyətə və daxili auditoriyaya mesaj vermək niyyəti güdür:

“Təbii ki, Azərbaycan buna imkan verməyəcək. Çünki Ermənistandan göndərilən “yardım” TIR-larının Laçından keçib Xankəndiyə getməsinə razılıq verilə bilməz. Ona görə də, erməni tərəfinin TIR-ları Azərbaycanla sərhəddə saxlaması tamam başqa məqsədlərə xidmət edir. Amma onların gözləntilərinin heç bir nəticəsi olmayacaq”.

Partiya sədrinə görə, Laçın yolu ətrafında baş verənlərin heç bir əsas olmadan BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılması məntiqsiz idi:

“Ermənilər bu məsələləri beynəlxalq müstəvidə müzakirəyə çıxarmağı özləri üçün “uğur” hesab etsələr də, bu onlara heç bir müsbət nəticə verməyəcək. Fakt odur ki, Xankəndi və onun ətrafında yaşayan şəxslərin əksəriyyəti buradan çıxır. Çünki verilən vədlər və yaranmış ümidsilik onları belə bir qərar verməyə məcbur edir. Eyni zamanda Rusiya pasportu olan ermənilər də bölgə gedir. Əslində bununla Rusiyanın yaratdığı uydurma rus icması və “Qarabağ siyasəti” iflasa uğramış olur”.

Sərdar Cəlaloğlu hesab edir ki, indiki halda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan hakimiyyətinin təmsilçiləri arasında ehtimal olunan Bərdə görüşü fərqli müstəvidə ola bilər:

“Çünki Azərbaycan heç bir halda separatçılarla danışıqlara getməyəcək. Bu danışıqların Qarabağda yaşayan erməni sakinlərin öz aralarından seçdiyi adi vətəndaşlarla olması mümkündür. Amma bu görüş Bərdə, Yevlax və digər yerlərdə deyil, Bakıda olmalıdır. Azərbaycan hakimiyyət nümayəndələri gedib Xankəndidə yerli erməni sakinlərin təmsilçiləri ilə görüşüb. İndi onlar hansısa bir formada şərtlər qoyursa, demək ki, özlərini tərəf kimi təqdim etməyə çalışırlar. Bu isə onlar üçün uğurlu seçim deyil”.


Müəllif: Tapdıq Qurbanlı