31 Avqust 2023 09:05
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fransanın Azərbaycana qarşı son addımları haqda nə düşünürsünüz: sərhəddən buraxılmayacağını bilə-bilə niyə separatçılar üçün “humanitar yük” göndərdi?

- Fransanın bu addımlarında məntiq tapmaq çox çətindir. Fransanın indiki hakimiyyətinin siyasətində məntiq axtarsaq, onu heç yerdə tapa bilməyəcəyik. Bu, təkcə bizim regionumuzla bağlı yox, Fransanın maraqlarının olduğu digər bölgələrlə də əlaqəlidir.

Məsələn, Afrika və Yaxın Şərqdə. Fransanın siyasətinə işıq salan mühüm bir məqam var. Bir neçə il əvvəl Livanda bir fəlakət baş vermişdi, Beyrtutda dəniz limanında partlayışı nəzərdə tuturam. Bunun nəticəsində Livanın paytaxtına böyük ziyan dəymişdi, üstəgəl, daxildəki siyasi gərginlik ölkəni daha da çətinə salmışdı. O zaman Makron demişdi ki, mən Livana yardım edəcəm, Livanı dirçəldəcəyik, müəyyən islahatlar keçirmək lazımdır, Fransa buna dəstək verəcək və sair.

Bir il sonra “Financial Times” qəzeti Fransa və Makronun Livana verdiyi vədləri yerinə yetirmədiyinə dair böyük bir məqalə yayımladı. Yəni Fransa Livan üçün heç nə eləmədi, Ermənistan və ermənilər üçün də heç nə etməyəcək. Livan o zaman necə bərbad və defolt vəziyyətində idisə, indi də elə qalır. Belə bir siyasətdə məntiq tapmaq mümkündürmü? Yox!

Fransa son iki-üç ildə Afrikada bir neçə müttəfiqini itirib. Fransa prezidenti bu il Konqoya səfər etmişdi, məqsədi də iki ölkə arasındakı münasibətləri qaydasına salmaq idi. Konqo prezidenti onu çox sərt sözlərlə qarşıladı. İki lider hamının gözü önündə söz güləşinə girmişdi. Nəticədə Konqo-Fransa münasibətləri daha da pisləşdi. Fransa və Makronun siyasəti ən yumşaq dillə desək, təzadlı və yaramaz siyasətdir. Fransa digər bölgələrdə apardığı siyasəti bu gün bizim regionumuzda davam etdirir. Hələ Makronun daxili siyasətini demirəm, Fransada da onun tənqidçilərinin sayı kifayət qədər çoxdur. Yəni Fransa Afrika və Yaxın Şərqdə nə nəticə əldə etmişdisə, burda da eynisini alacaq. Bu gün hər iki bölgədə Fransanın və Makronun nüfuzu yerlə birdir. Bu siyasətlə Fransa nə əldə edə bilər? Heç nə!

- Yəni Fransanın BMT Təhlükəsizlik Şurasına təqdim etmək istədiyi qətnamə dəstək görməyəcək?

- Düşünürəm ki, görməyəcək. Yeri gəlmişkən, bu qətnamə avqustun 29-da müzakirə edilməliydi. Nə oldu, niyə müzakirəyə çıxarmadılar? Qətnamənin qəbulundən söhbət getmir. Amma cəhd göstərsələr, əlbəttə, istədikləri olmayacaq. Anlamaq lazımdır ki, regionda digər oyunçular da var. Dünyada heç kim Fransanın istəyi ilə oturub-durmur. Fransanın elə bir nüfuzu yoxdur ki, dünyanın aparıcı oyunçularına təsir edə bilsin. Ən azı Rusiya bu təşəbbüsə veto qoya bilər. Mən hələ başqalarını demirəm.

- ABŞ və Rusiya – bölgədə maraqları olan bu iki güc Fransanın oyununun məntiqsiz olduğunu bildikləri üçün təmkinlidirlər, ya bu gərginliklə bağlı öz hesabları var?

- Bir tərəfdən başa düşürlər ki, bu, çox axmaq bir oyundur. Bu siyasəti başqa cür izah etmək olmur. Onlar anlayırlar ki, bu o qədər absurd oyundur ki, burada iştirakçı olmaq heç kimə müsbət xal qazandırmayacaq. Onlar bunu da başa düşürlər ki, bu, elə bir destruktiv oyundur ki, bunun nəticəsində bölgədə yeni siyasi vəziyyət yarana bilər. Bu mümkün siyasi vəziyyətdən istifadə edib növbəti addımları ata bilərlər. Amma onlar dərk edirlər ki, Fransanın bölgədəki qeyri-adekvat davranışı regionda yeni proseslərə rəvac verə bilər. Bu proseslərin də hansı istiqamətdə gedib-getmədiyini görərək, yəqin ki, növbəti addımlarını atacaqlar.

- Kanadaya nə oldu? Bölgə ilə yaxın-uzaqdan əlaqəsi olmayan bu ölkə nə istəyir?

- Kanadadır, Belçikadır, İsveçrədir və digər bəzi ölkələrdir – onlar Fransanın istəyi ilə oturub-dururlar. Bu da Makronun özünün dediyi Azərbaycana təzyiq siyasətinin təzahürüdür. Fransa öz müttəfiqləri və tərəfdaşları ilə sözləşib ki, Azərbaycana təzyiq göstərsinlər.

Əslində, onlar üçün Cənubi Qafqaz elə bir əhəmiyyət kəsb etmir. Elə Fransa üçün də... Yəni Fransanın rəğbətini itirməmək üçün bunu edirlər. Kanada Baş naziri Trüdo, xarici işlər naziri Melani Coli və bu komandanın bir sıra üzvləri fransız əsilli şəxslərdir. Yəni ortada bir etnik həmrəylik var. Belçika fransızdilli ölkədir. İsveçrənin bir hissəsi də bu dildə danışır. Fransa bu kimi amillərdən istifadə edərək, Azərbaycana təzyiq göstərmək istəyir.

- Bu məqamda Qarabağ ermənilərinə humanitar yük göndərməyimiz haqda nə deyə bilərsiniz: bu gediş kənar təzyiqlər fonunda əlimizi nə qədər gücləndirəck?

- Bununla bağlı əsas fikir ondan ibarətdir ki, Bakı bununla erməni susvanq vəziyyətinə saldı, bundan sonra atdıqları addımlar onların xeyrinə olmayacaq. Ermənilər yükləri Ağdam-Xankəndi yolu ilə qəbul etməyə razı olmalıdır. Amma görünən budur ki, bunu etməyəcəklər. Digər yandan, baş verənlərdən görünən budur ki, orada dedikləri kimi kritik vəziyyət yoxdur. Biz də bunu dünyaya göstəririk ki, vəziyyət kritik olmadığı üçün Ağdam-Xankəndi yolundan istifadə etmək istəmirlər.

Bu, Azərbaycana qarşı çıxış edən digər qüvvələrə də ismarışdır. Biz bununla göstəririk ki, “blokada” ilə bağlı deyilənlər nağıldır. Bu addım siyasi motivli olmaqla yanaşı, həm də bizim xoş niyyətimiz göstərir. Biz bununla göstəririk ki, ermənilərlə normal dildə danışmaq istəyirik, buna ümidliyik, sadəcə onların başında duran separatçılar buna imkan yaratmırlar, onları dəstəkləyən kənar qüvvələr də vəziyyəti olduğu kimi saxlamağa çalışırlar, orada yaşayanlar da belələrinin girovudur.

- Bölgədədəki son gəlişmələr fonunda Türkiyə və Rusiya liderləri arasında keçiriləcək görüşdən gözləntiniz necədir?

- İndi iki ölkə arasında əsas müzakirə olunan mövzulardan biri taxıl sazişinin bərpasıdır. Rusiyanın təklifi var, bu məsələdə Qətər və Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Türkiyə istəyir ki, Ukraynanın buğdası da dünya bazarlarına çatsın. Bununla bağlı danışıqlar gedir. Təsadüfi deyil ki, Hakan Fidan bir müddət əvvəl Kiyevdə bu məsələni ukraynalı həmkarı ilə müzakirə edib. Bu istiqamətdə müəyyən irəliləyiş gözləmək olar Taxıl müqaviləsi bərpa edilməsə belə, centlem sazişi ola bilər. Yəni saziş imzalanmadan Rusiya tərəfi imkan verəcək ki, Ukrayna taxılı Türkiyə vasitəsilə dünya bazarlarına çatdırılsın.

Digər regionlardakı vəziyyətə gəlincə, bununla bağlı da fikir mübadiləsi aparılacaq. Məsələn, Şimali Afrika, Suriya, Cənubi Qafqazdakı durum ətrafında fikir mübadiləsi aparılacaq. Tərəflərin bu bölgələrdə bir-birinə zidd olan və üst-üstə düşən maraqları var. Həm Türkiyə, həm də Rusiya regiondankənar qüvvələrin bölgəyə soxulmasını istəmir, bu qəti şəkildə pisləyirlər. Bu məqamlar üst-üstə düşür.

Türkiyə onu da istəmir ki, Rusiya sülhməramlıları Qarabağda uzun müddət qalsın. Tərəflərin bununla bağlı danışıqlar aparacağını düşünürəm. İndi Ağdamda Türkiyə-Rusiya monitorinq mərkəzi fəaliyyət göstərir. İstisna etmək olmaz ki, Türkiyə və Rusiya bu mərkəzin funksionallığının artırılması ilə bağlı fikir mübadiləsi aparacaq. İndi bunun nə qədər aktual olduğunu deyə bilmərəm, amma bu məsələni də gözdən keçirə bilərlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər