Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Azərbaycan ərazisində Fransa və Ermənistanın manipuliyası cəhdləri alınmadı. Sərhəddə dayanıb, bütün imkan və resursları guya burada hansısa bir humanitar problemin olduğuna diqqəti yönəltmək nəyə hesablanıb?
- Burada bir növ siyasi qarşıdurma mövcuddur. Azərbaycan Ermənistan və onun havadarlarına sübut edir ki, orada baş verən proseslər ölkəmizin qanunları və suveren hüquqları əsasında həll olunacaq. Burada humanitar və digər məsələlər Azərbaycanın siyasi iradəsi və qanunlarına uyğun formada təmin ediləcək. Sadəcə olaraq Fransa kimi ölkələr buranı münaqişəli bölgə kimi tanıtmaq istəyirlər. Onların burada xüsusi hüquqlara malik olmaq və s. kimi məqsədləri var. Bütün bunlara baxmayaraq Azərbaycan beynəlxalq qanunlara uyğun olaraq öz siyasətini həyata keçirir.
- Prosesi beynəlxalq müstəviyə çıxarmaqda məqsəd nədir?
- Onların istəyi və məqsədi odur ki, məsələni beynəlxalq müstəviyə çıxarsınlar. Beləliklə məsələnin həllinə beynəlxalq iştirakçıların mövcudluğu ilə nail olmaq istəyirlər. Azərbaycan isə buradakı məsələləri özünün daxili işi hesab edir. Ona görə də, hər hansı beynəlxalq iştirakçının bu əraziyə müdaxiləsi qəbuledilməzdir. Bu bəlli bir gedişdir. Azərbaycan məhz bu həmlədən sonra hər kəsə sübut edəcək ki, onun seçdiyi yol və ortaya qoyduğu siyasət çox uğurludur.
- Qarabağda mövcud olan qondarma rejim üçün çıxış yolu nədən ibarətdir?
- Qarabağda hələ də Emrənistandan maliyyələşən separatçılar etiraf edirlər ki, prosesdən çıxış üçün 3 seçim imkanları var. Onlar üçün birinci yol Azərbaycanın tələb etdiyi inteqrasiyadır. İkinci yol isə hərbi mübarizədir ki, bu, separatçıların sonu deməkdir. Üçüncü variant isə bölgəni tərk etməkdir.
Əslində Azərbaycan erməni əsilli vətəndaşlarla bağlı öz mövqeyini açıq şəkildə bəyan edib. Kim Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirsə, onlara burada yaşamağa şərait yaradılacaq. Bunu qəbul etməyənlər üçün isə yol açıqdır.
- Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın yolundan istifadə məsələsi gündəmdədir. Bu, əvvəlki vəziyyətə qayıdışa necə mane olacaq?
- Bununla bağlı Fransa prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon zəngi oldu. Onlar düşünürdülər ki, təzyiq olsa Azərbaycan Laçın yolunu açacaq. Amma bunun əksinə olaraq Azərbaycan göstərdi ki, proseslər onun dediyi kimi olacaq. Ağdam-Xankəndi yolu açıldıqdan sonra digər yollardan da istifadə etmək olar. Çünki Azərbaycan digər yolların bağlanmasını gündəmə gətirməyib. Laçın yolu da bu halda humanitar məqsədlər üçün istifadə olunacaq. Amma ümumi yüklər Ağdam-Xankəndi yolu ilə daşınacaq. Eyni zamanda burada qaz-işıq da Azərbaycan tərəfindən təmin olunacaq.
- Fransanın Laçın yolu ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarması prosesə necə təsir göstərəcək?
- Fransa burada hər hansı uğur qazana bilməyəcək. Burada söhbət kiminsə Azərbaycanı dəstəkləyib-dəstəkləməməsindən getmir. Əslində bu, istənilən ölkənin suveren hüquqlarına müdaxilə üçün president olar bilər. Bu da təbii ki, digər ölkələr tərəfindən qəbul edilməyəcək. Çünki bu gün Azərbaycan qarşı hansısa bir qərar qəbul edilsə, sabah bu onların özlərinə qarşı çevrilə bilər. Ona görə də, heç kəs istəməz ki, Fransa öz siyasi iradəsini diqtə etsin. BMT-nin təcrübəsi onu göstərir ki, bu mümkün deyil. Digər fövqəldövlətlər də bu məsələyə dəstək vermək niyyətində deyil.
- Hazırda Azərbaycanın yardım konvoyu Ağdam-Xankəndi yolunda gözləyir. Amma qarşı tərəf bundan israrla imtina edir. Belə olan halda bu proses nə vaxta qədər uzana bilər?
- Qarabağda olan separatçılar arasında problemlər getdikcə dərinləşəcək. Çünki intihar siyasəti onlar üçün son olacaq. Günlərin bir günü onlara qarşı da bir dalğa başlayacaq. Beləliklə də Azərbaycan orada normal düşüncəli ermənilərə dəstək verəcək. Ona görə də, burada heç bir narahatlıq yoxdur. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycan üçün bütün əsaslar var ki, bir gün oradakı bütün qanunsuz silahlıları tərkisilah etsin. İstənilən məqamda Azərbaycan bunu edə bilər. Hələ ki Azərbaycan tərəfi siyasi üslublardan istifadə edərək qarşı tərəfi tərbiyələndirməyə çalışır.