6 Sentyabr 2023 09:23
7 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutdu. Görüşdə taxıl müqaviləsi, Ukrayna ilə yanaşı, Cənubi Qafqazdakı durum da müzakirə edildi. Görüşdən sonra belə təəssürat yarandı ki, liderlər anlaşa bilmədilər. Siz bu haqda necə düşünürsünüz?

- Hesab etmirəm ki, görüş nəticəsiz bitib, ortada bir razılaşma yoxdur. Zənnimcə, müzakirə edilən bütün məsələlərin həllində irəliləyiş əldə edilib. Sadəcə olaraq müəyyən şərtlər irəli sürülüb. Məsələn, taxıl sazişi ilə bağlı Rusiyanın “Aqrar” Bankının SWIFT sisteminə qaytarılması ilə bağlı tam razılıq əldə edilməyib. Bu, Prezident Ərdoğanın səlahiyyətində olan məsələ deyil. Buna görə də, Qərb ölkələri ilə məsləhətləşmək üçün Putindən vaxt istənilib. Amma Liviya, Suriya, eləcə də Qarabağ məsələsi ilə bağlı kifayət qədər səmərəli müzakirə aparılıb. Bu məsələlərlə əlaqədar nəticənin olduğunu söyləmək mümkündür.

Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyəyə çatdırılması, oradan da Avropaya göndərilməsi ilə bağlı tam razılıq əldə edilib. Hesab edirəm ki, bu səfər uğurlu oldu. Amma şərtləşdilər ki, bir sıra məsələləri razılaşdırmaq üçün telefon əlaqələrinə üstünlük verəcəklər.

- Türkiyə xarici işlər naziri Hakan Fidan da fəaldır. Qardaş ölkənin baş diplomatı bir-birinin ardınca Rusiya və İranda oldu. Bəs bu səfərlər nə ilə bağlıydı? Xüsusən də bu kontekstdə Zəngəzur dəhlizi məsələsinin ortaya atılması diqqət çəkir.

- Zənnimcə, Zəngəzur dəhlizi məsələsində tam razılıq əldə olunub. Yəni Rusiya ilə razılaşma var. İrana da xatırladılıb ki, istəsə də, istəməsə də bu dəhliz açılacaq. İran artıq əvvəlki kimi “şiddətli müqavimət” göstərmir. İran Türkiyənin bu yöndəki fəallığını sakitcə seyr edir. Görünən budur ki, bu məsələnin həllində ciddi razılaşma var. İran da bir xeyli neytrallaşdırılıb.

- Xankəndidəki separatçılar Araik Arutyunyanın “istefa”sından sonra “seçki”yə hazırlaşırlar. Bu separatçı oyunun qarşısını necə ala bilərik?

- Sentyabrın 9-da keçiriləcək bu qondarma seçkinin qarşısı mütləq alınmalıdır. İndiyədək davam etdirdikləri bu hoqqabazlıqlar keçmişdə qalmalıdır. Yeni situasiya və reallıq yaranıb. Əgər onlar bu reallığı qəbul edib ona uyğun hərəkət etməsələr, onda Azərbaycan öz ordusu ilə lazım olan tədbirləri görəcək.

Bölgədə vəziyyət kifayət qədər gərgindir. Azərbaycan bu gərginliyi aradan qaldırmaq üçün ilkin hazırlıqlar görüb. Zənnimcə, sentyabrın 9-na planlaşdırılan bu təlxəkliyə imkan verilməyəcək.

Onlar açıq fomrada silahlı müqavimətdən danışırlar. Azərbaycana tabe olmayacaqlarını bildirirlər, deyirlər ki, reinteqrasiya baş tutmayacaq. Üstəgəl, “seçki keçirəcəyik” kimi təhdidedici çıxışlar edirlər. Yəqin ki, Azərbaycanın bu düşüncədə olanlarla oturub danışmağa vaxtı və imkanı da yoxdur. Bu durumda önə çıxan variant isə hərbi yoldur.

- Rusiya-Ermənistan münasibətlərindəki son gərginlik nə ilə əlaqəlidir?

- Gərginliyin səbəbi budur ki, Nikol Paşinyan açıq formada qərbpərəst siyasət yürüdür. Bu siyasəti yürüdərkən də, Rusiya rəhbərliyini açıq tənqid etməkdən çəkinmir. Paşinyan İtaliya qəzetinə son müsahibəsində də anti-Rusiya mövqeyini açıq göstərdi.

Demək olar ki, Rusiya ilə Ermənistan arasındakı körpülər yandırılıb. Qərb isə Ermənistanı özünə tam çəkmək üçün şirin vədlər verir. Avropa Birliyi və NATO-ya üzvlük vədlərini verməklə Nikolu şirnikləndirirlər. Baş verənlər göstərir ki, Nikol Paşinyan qərbyönlü siyasətini reallaşdırmaq üçün əlindən gələni əsirgəmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər