Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Ağdam-Xankəndi yolu ilə Xankəndiyə çatdırılıb. Bu, Azərbaycanın nəzərdə tutduğu addımlardan biridir. Artıq bir president yarandı. Əslində bu addımın atılması Azərbaycan diplomatiyasının əlində çox ciddi bir vasitəyə çevrildi.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, bununla da ermənilərin yol bağlıdır kimi bəhanələri iflasa uğradı:
“Yolun açıq olduğu dünyaya bəyan edildi. Buradan istənilən yükü daşımaq olar. Sadəcə olaraq Azərbaycanın razılığı ilə bu proses reallaşmalıdır. Bunun əksinə Azərbaycanın razılığı olmadan Ermənistanın və yaxud onun himayəçisi Fransanın bura hansısa bir yük göndərməsi qeyri-mümkündür. Fransadan hansısa merin Azərbaycan sərhədinə gəlib zorla bu yükləri ölkəmizin suveren ərazisinə keçirtməklə bağlı şou yaratması da məntiqsiz idi”.
Partiya sədri hesab edir ki, Azərbaycan vasitəsi ilə Rusiyanın Xankəndiyə apardığı yük digərləri üçün nümunə olmalıdır:
“Azərbaycan dövlətinin ərazisinə daxil olmaq üçün viza və sərhəd nəzarətindən, gömrük yoxlanışından keçilməsi vacibdir. Bir sıra yoxalamalardan keçdikdən sonra bu yardımların Qarabağda yaşayan erməni sakinlərə çatdırılması mümkündür. Öz növbəsində Azərbaycan dövləti oradakı ermənilərə vacib təkliflər edib. Onlar Azərbaycana inteqrasiya olunmaqla bağlı qərar verməlidirlər”.
Fazil Mustafa görə, bu cür davranışlarla Azərbaycan ərazisində uzun müddət qalmaq mümkün deyil:
“Onlar ölkə qanunlarını tanımalıdır. Amerikada qanunları tanımayanlar ya ölkə ərazisindən uzaqlaşdırılır, ya da həbsxanaya salınır. Azərbaycan isə Qarabağdakı ermənilərə kifayət qədər imkan yaratdı. Ona görə də, bu məsələdə əlavə şərhə yer qalmayıb. Bu baxımdan Ağdam-Xankəndi yolu ilə yardımın çatdırılması Azərbaycanın diplomatik müstəvidə növbəti taktiki uğurlarından biri sayılmalıdır”.