13 Sentyabr 2023 13:08
2 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfinin yardım TIR-nın Ağdam yolundan Xankəndiyə çatdırılması Azərbaycanın böyük diplomatik qələbəsidir. Prosesin əvvəlindən Azərbaycan Qarabağda yaşayan erməni sakinlər üçün yardımların Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif edib. Bu mənada Rusiyanın yardımının Ağdam-Xankəndi yolu ilə çatdırılması nümunə oldu. Fransa və Avropa Birliyinin Azərbaycanın razılığı olmadan onun ərazisinə yardım göndərməsi qəbuledilməz haldır. Sözsüz ki, Azərbaycan da haqlı olaraq bunu qəbul etmədi.

Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O qeyd edib ki, Azərbaycanın bu məsələdəki davranışı onun gücü və xarakterinin göstəricisidir:

“Hər bir ölkədə olduğu kimi Azərbaycanın sərhədlərindən keçəcək məhsulların gömrük və sərhəd qanunlarına riayət edilməsi tələb edilir. Laçın və Ağdam Azərbaycan ərazisidir. Sərhəddən daxil olduqdan sonra hər kəs Azərbaycan dövlətinin qanun və qaydalarına əməl etməlidir”.

Sabiq səfir hesab edir ki, Xankəndidə humanitar böhran, aclıq və blokada ilə bağlı uydurulmuş yalanlar bir teatr ssenarisi idi:

“Orada ərzağa ciddi ehtiyac olsa idi, Azərbaycanın göndərdiyi 40 ton unu qəbul edərdilər. Ona görə də, erməni tərəfinin qaldırdığı hay-küy sadəcə oyundur. Ermənistan tərəfi bu oyunun başa çatdığını qəbul etməlidir”.

Hulusi Kılıça görə, Ermənistan Fransa və ABŞ kimi ölkələrə qulaq asmaqdansa, Azərbaycanla ikitərəfli qaydada sülh müqaviləsi imzalamaqla məsələlərin uğurla bitməsini təmin etmiş olar:

“Xankəndi və onun ətrafında yaşayan erməni sakinlər başa düşməlidir ki, heç bir dövlət gəlib onlara yardım edə bilməyəcək. Onlar havadarları tərəfindən bir vasitə kimi istifadə edildiklərini dərk etməlidir. Anlamalıdırlar ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisində yaşayırlar. Nəhayət onlar Azərbaycan vətəndaşlığı ilə bağlı konkret qərar verməlidir. Bunu qəbul etmədikləri halda ərazini tərk etməlidirlər. Amma Azərbaycan ərazisində olduqları müddətdə ölkənin qanunlarına uyğun davranmalıdırlar. Orada bir ehtiyac varsa, bunu Azərbaycan təmin edə bilər. Bu baxımdan orada “aclıqla” bağlı ortaya atılan şou iflasa uğradı”.

İMZA təmsilçisi bildirib ki, heç bir dövlət Azərbaycanın icazəsi olmadan Qarabağa yardım göndərə bilməz: “Fransa, erməni lobbisi, ABŞ-ın prosesə fərqli yanaşması məsələlərin həllini gecikdirir. Tələb odur ki, onlar bu prosesə maneə olmasın. Azərbaycan Prezidenti dostluq əlini uzadıb. Ermənistanın bu əli tutması, öpməsi lazımdır. Çünki bu əldə bərəkət var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistana sülh əlini uzadıb. Bu mənada Türkiyə Ermənistan münasibətlərinin normallaşması, onun Azərbaycanla imzalayacağı sülh müqaviləsindən asılıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər