19 Sentyabr 2023 08:42
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın ən çox oxunan “El Universal” qəzetində Azərbaycanın həmin ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu “Yalan ayaq tutar, yeriməz: Ermənistanın səmimi olmağının vaxtı çatıb” başlıqlı geniş məqalə dərc olunub. Məqalə adıkeçən nəşrdə bir neçə gün öncə yayımlanmış Ermənistan xarici işlər nazirinin müavininin yalan və qərəz dolu yazısına cavab olaraq qələmə alınıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, məqalədə erməni yalanları növbəti dəfə açıq şəkildə ifşa olunur, ikiüzlülük və riyakarlıq xislətindən əl çəkməyən Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrinə toxunulur və Ermənistan rəhbərliyi ölkəmizə qarşı ərazi iddialarından, qarayaxma kampaniyasından əl çəkməyə çağrılır.

Bildirilib ki, Ermənistan beynəlxalq münasibətlərdə səmimiliyi və beynəlxalq hüquqa hörməti ilə tanınan Meksikanın xoşməramlılığından və qonaqpərvərliyindən dəfələrlə öz çirkin məqsədləri üçün sui-istifadə edib, heç bir həqiqətə əsaslanmayan və qərəzli yazının “Meksika-Ermənistan münasibətlərinin inkişaf perspektivləri” adı altında dərc elətdirilməsi məhz bu maraqlara xidmət edir.

Məqalədə Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bu gün də əl çəkmədiyi, 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək 10 mindən çox hərbiçisini qanunsuz olaraq Azərbaycan ərazisində saxlamaqda və separatçı rejimi maliyyələşdirməkdə davam etdiyi, eləcə də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına mane olduğu vurğulanır. Hətta Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkib hissəsi kimi tanıdığını bəyan etməsinə baxmayaraq, bunun danışıqlarda vaxt qazanmaq üçün istifadə edilmiş erməni hiyləsi olduğu ortaya çıxır.

Həmçinin, Laçın yolu və “humanitar böhran”la bağlı erməni yalanlarına aydınlıq gətirilir, müharibədən sonrakı iki il ərzində Azərbaycanın xoş niyyət nümayiş etdirərək Laçın yolunda hər hansı nəzarət mexanizmi təsis etmədiyi halda, Ermənistan tərəfindən ərazilərimizə silah-sursat, hərbi qulluqçu və terrorçuların daşınması, o cümlədən təbii sərvətlərimizin talan edilməsi ilə bağlı aşkarlanmış çoxsaylı pozuntuların qarşısını almaq məqsədilə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradıldığı və heç bir məhdudiyyət olmadan fəaliyyət göstərdiyi qeyd olunur. Guya “humanitar fəlakət” yaşayan ermənilərin Bakının Ağdam-Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul etməmələri vəziyyəti “aclıq” kartı ilə manipulyasiya etmək və siyasiləşdirmək məqsədi daşıyır. Tələsik hazırlanmış qərəzli və heç bir fakta əsaslanmayan “Okampo hesabatı”nın etibarlılığının isə beynəlxalq hüquqşünas Rodni Dikson tərəfindən əsaslı sübutlarla iflasa uğradıldığı və onun ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsi olduğuna diqqət çəkilir.

Eyni zamanda qeyd olunur ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından deportasiya edilmiş yüz minlərlə Qərbi azərbaycanlının hüquqları bərpa edilməli və onlar dədə-baba yurdlarına qayıtmalıdırlar. Ermənistan baş nazirinin bu qayıdışı “milli təhlükəsizliyə təhdid” kimi görməsi növbəti ikiüzlülük nümunəsidir.

Vurğulanır ki, Ermənistan xarici işlər nazirinin müavini və həmin ölkənin rəhbərliyi qonşu dövlətlərə qarşı ərazi iddialarına, qarayaxma kampaniyalarına və hərbi təxribatlara son qoyulmasının vacibliyini dərk etməlidir. Belə əməllər regionda uzun zaman gözlənilən sülhün və sabitliyin bərqərar olmasına maneə törədir. Separatçı rejim ləğv edilməklə Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılmalıdır.


Müəllif: Teleqraf.com