Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cənab səfir, 2020-ci ildən Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi ölkəmizdə fəaliyyətdəsiniz. Əvvəlcə, Azərbaycan haqqında fikirlərinizi eşitmək istərdik. Bakıya gəlməzdən öncə ölkəmiz barədə hansı təəssürata malik idiniz?
- 2020-ci ilin sentyabr ayından Azərbaycanda Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlamışam. Səfir təyin edilmədən öncə başqa ölkələrdə Azərbaycan diplomatları ilə ünsiyyətdə olurdum. Ailəmlə Azərbaycana köçdükdən sonra insanları kimi Azərbaycanın təbiətinin də gözəl olduğunu gördüm.
- Pakistan Azərbaycanla qardaş ölkədir. Bilmək istərdik ki, Pakistanda Azərbaycan deyəndə ilk xatırlanan, yada düşən nədir?
- Bəli, heç şübhə yoxdur ki, Pakistan və Azərbaycan qardaş ölkədir. Bizim münasibətimiz dostluqdan daha artıqdır. Necə ki, biz Azərbaycan xalqının Pakistanın adını eşidəndə verdiyi reaksiyasını görürük, Pakistan xalqında da oxşar istiqanlılıq və qardaşlıq hissi var.
Kiminsə azərbaycanlı olduğunu öyrəndikdə o insanı qarşılamağın həyəcanı, xoşbəxtlik və sevincini ifadə edirlər. Bu, qarşılıqlı bir duyğudur və dostluğun, qardaşlığın daha da güclənəcəyini düşünürük.
- Cənab səfir, iki qardaş ölkə arasında strateji münasibətlər və siyasi əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- İki ölkə arasında tarixi münasibətlər daim yüksələn xətt üzrə inkişaf edib. Biz strateji tərəfdaşlarıq. Birgə strateji tərəfdaşlıq çərçivə sazişi imzalamışıq, həmçinin əlaqələrimiz çoxşaxəlidir.
Bilirsiniz ki, təkcə siyasi və diplomatik sahədə deyil, başqa sahələrdə də əməkdaşlığımız mövcuddur. Əməkdaşlıq eyni zamanda iqtisadiyyat, qarşılıqlı sərmayələr yatırımı və digər sahələri əhatə edir. Həqiqətən münasibətlərimiz çox güclü və möhkəmdir.
- Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir. Azərbaycan xalqını Qarabağ məsələsində həmişə dəstəkləyib. Bildiyiniz kimi azad edilən torpaqlarımıza vətəndaşlarımız köçür, orada abadlıq işləri aparılır. Pakistan Qarabağa investisiya qoya bilərmi?
- Əvvəla, Azərbaycan xalqını öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyi üçün təbrik edirəm. Bu, təkcə Azərbaycanda deyil, Pakistanda da qeyd olunan böyük nailiyyət, qələbə idi.
Haqlı olaraq qeyd etdiyiniz kimi, Pakistan dünyada yeganə ölkədir ki, Ermənistanı dövlət kimi tanımır və onunla diplomatik əlaqələr qurmayıb. Kəlbəcər, Laçın, Füzuli, Şuşa kimi işğaldan azad edilmiş ərazilərin bir çoxunu ziyarət etmək imkanım olub.
Bu şəhərlər gözəl təbiətə malikdir, biz görürük ki, bu əraziləri kurort zonalarına çevirmək üçün çox güclü potensial var. Bu barədə məlumatı Pakistan şirkətləri ilə bölüşürük ki, gəlib yerindəcə investisiya imkanları ilə tanış olaraq araşdırma aparsınlar.
- Ümumilikdə ikitərəfli əlaqələrdə iqtisadi imkanları necə dəyərləndirirsiniz?
- Pakistanın iqtisadiyyatı tədricən yüksəlir. İkitərəfli ticarətin həcmi hələ istədiyimiz səviyyədə olmasa da, ötən il böyük artım müşahidə etdik. Ümid edirik ki, bu, artan tendensiya ilə davam edəcək. Hər iki tərəfdən iqtisadi əməkdaşlığı genişləndirmək üçün təşəbbüslər var.
Güzəştli ticarət sazişini müzakirə edirik. Bunun üçün hər iki tərəfin imkanı və istəyi var. Pakistan Azərbaycan şirkətlərinə investisiya qoymaq üçün xüsusi güzəştlər təklif edir. Eynilə, Azərbaycan Pakistan şirkətlərinə burada iş görmək üçün imkanlar təklif edir.
Ümid edirik ki, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri daha da dərinləşəcək və investisiyalar gələcək illərdə daha da artacaq.
- Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq hansı səviyyədədir?
- Hərbi və müdafiə korporasiyası Pakistan və Azərbaycan arasında həmişə çox fəal və möhkəm olub. Bildiyiniz kimi, Pakistan hər zaman, o cümlədən Qarabağ məsələsində Azərbaycana dəstək verib. Pakistan ordusu ilə Azərbaycan ordusu arasında davamlı təlim modulları olur. 300-dən çox Azərbaycan əsgəri pakistanlı mütəxəssislər tərəfindən təlim keçib və bu təlim müxtəlif sektorlarda davam edir.
Qarşılıqlı səfərlər davam edir və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün ən yaxşı təcrübələrini bölüşürlər.
- Azərbaycan bütün məsələlərdə, o cümlədən Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Kəşmir ətrafında vəziyyət nə yerdədir?
- Biz qardaş ölkə Azərbaycan və Azərbaycan rəhbərliyinə Kəşmir məsələsində göstərdiyi ictimai dəstəyə görə minnətdarıq.
İşğal altında olan Kəşmir xalqının indiki vəziyyətinin yaxşı olmadığını görürük. Əslində, 2019-cu ilin avqustundan durum daha da pisləşib. Çünki Hindistan hökumətinin işğal olunmuş Kəşmirin hüquqlarını boğmaq üçün birtərəfli və qeyri-qanuni hərəkətləri orada insanlara öz fikirlərini ifadə etməyə mane yaradır.
- Türkiyə-Azərbaycan-Pakistan arasında yaxın mütəffiq əlaqələr var. Bu müttəfiqlik üçtərəfli formada rəsmiləşdirilə bilərmi?
- Faktiki olaraq Azərbaycan, Türkiyə və Pakistan müxtəlif səviyyələrdə üçtərəfli əməkdaşlıq həyata keçirir. Üç ölkənin xarici işlər nazirləri müntəzəm görüşürlər. Xarici işlər nazirlərinin üçtərəfli mexanizmi var.
Parlament nümayəndə heyətlərimiz də üçtərəfli formatda fikir mübadiləsi həyata keçirirlər. Parlamentlərimizin müdafiə komitələrinin də birgə müzakirələri olur. Hesab edirəm ki, bütün bunlar çox yaxşı tendensiyadır.
- İkinci Qarabağ Müharibəsində Pakistan bayrağı Azərbaycan və Türkiyə bayrağı ilə birlikdə dalğalanırdı. Cəmiyyətimizdə Pakistana qarşı böyük sevgi var. Bu qardaş sevgisinə Pakistan xalqının münasibəti necədir?
- Türkiyə və Azərbaycan bayrağı ilə birlikdə Pakistan bayrağının dalğalanmasından çox məmnun oldum. Xarici ölkədə öz bayrağını görmək çox gözəl hissdir. Amma xüsusi qeyd etmək istərdim ki, bu hiss qarşılıqlıdır və Pakistan xalqı da Azərbaycan xalqına böyük hörmət və sevgi bəsləyir.
Hazırda Pakistana dostdan artıq olan Azərbaycan Kəşmir davasında ölkəmizə dəstəyini genişləndirib. Həmçimin çoxlu sayda pakistanlı Azərbaycana turizm məqsədilə səfər edib. Azərbaycana qarşılıqlı sevgi hissi çox güclüdür.
- Cənab səfir, vaxt ayırdığınız üçün çox sağ olun.
- Müsahibə üçün təşəkkür edirəm.
Foto: Elnur Muxtar