25 Sentyabr 2023 21:16
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan arasında əlaqələri iki sözlə xarakterizə etmək tələb olunsa, bu sözlər qardaşlıq və müttəfiqlik olar. Azərbaycan və Türkiyənin bir millət - iki dövlət olması sadəcə səsli ideoloji bir ifadə yox, uzun illərin sınağından keçən və müxtəlif çağırışların qarşısında tab gətirən dostluğun məntiqi nəticəsidir. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə qarşı nümayiş etdirdiyi mənəvi-siyasi dəstəyin dünyada heç bir vaxt analoqu olmayıb. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Hər zaman nümayiş olunan dostluğun, qardaşlığın yaxın günlərdə qardaş ölkə Prezidentinin BMT kürsüsündən çıxışında da şahidi olduq. Bununla da Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” deyimi bir daha öz təsdiqini tapmış oldu. Bu nöqteyi-nəzərdən Türkiyə-Azərbaycan münasibətləri tarixə düşmüş qardaşlıq nümunəsidir. Xüsusilə qeyd etməliyik ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Naxçıvana səfəri və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması qardaş ölkələr arasında mövcud olan sıx əlaqələrin və strateji tərəfdaşlığın növbəti təzahürüdür.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, iki il öncə işğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib: “İki ölkə arasında tarixin ən ağır sınaqlarından üzü ağ çıxmış münasibətlər tarixinin ən yüksək dövrünə qədəm qoyub. Bu prizmadan deyə bilərik ki, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması iki ölkə arasında strteji müttəqifliyin dərinləşməsi istiqamətində atılmış mühüm addımdır. Bu kəmərin çəkilişi Naxçıvanın qaza olan tələbatının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin R.T.Ərdoğanın səfəri çərçivəsində həm də Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasının da mühüm tarixi hadisə idi. Bu layihənin də uğurla həyata keçiriləcəyinə və Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə uğurla xidmət göstərəcəyinə heç bir şübhə yoxdur”.

Millət vəkili hesab edir ki, mövcud geosiyasi vəziyyət, eləcə də dünyada dərinləşməkdə olan böhran Xəzər dənizindən keçən Orta Dəhlizin əhəmiyyətini günü-gündən daha da artırır: “Bu baxımdan İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycanla enerji sahəsində Türkiyə ilə müttəfiqliyi daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Təbii ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi bütün layihələr bölgədə sülhün, əmin-amanlığın təmin olunmasına, eləcə də, xalqların rifahının daha da yüksəldilməsinə xidmət edir”.

Deputat R.T.Ərdoğanın Naxçıvana səfəri çərçivəsində Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etməsinin xüsusi rəmzi məna daşıdığını söyləyib: “Qardaş ölkə Prezidentinin bu səfəri Azərbaycanın suverenliyini tam bərpa etməsindən dərhal sonra reallaşdı. Bu əlamətdar hadisə Naxçıvanın strateji əhəmiyyətini ortaya qoymaqla yanaşı, xarici auditoriyaya, Ermənistana və onun havadarlarına çox ciddi mesajdır. Türkiyə Prezidentinin Naxçıvana səfəri Zəngəzur karidoru ilə bağlı Ermənistanın öhdəliyinin xatırladılması və bu istiqamətdə bir çox məsələlərin reallaşması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir”.

Tamam Cəfərovanın fikrincə, proseslərin inkişaf dinamikası onu deməyə əsas verir ki, tarixin bütün dövrlərində olduğu kimi gələcəkdə də Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olacaq: “İki ölkə regionda sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində birgə səylərini bundan sonra da uğurla davam etdirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər