1 Oktyabr 2023 18:39
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri uğurla davam edir. 30 il işğala, vandalizmə və barbarlığa məruz qalmış tarixi torpaqlarımıza Azərbaycan dövlətinin gücü və qüdrəti sayəsində artıq, həyat yenidən qayıdır. Tarixi torpaqlarımızın yenidən canlandıırılması və burada baş verən barbarlığın dünyaya göstərilməsi baxımından beynəlxalq tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlərdən biri də sentyabr ayının 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasiminin keçirilməsidir. Azərbaycan Milli Şəhərsalma Forumunun işğaldan azad olunmuş Zəngilan rayonunda təşkil olunması işğaldan azad olunmuş ərazilərdə dövlətin həyata keçirdiyi bərpa-quruculuq işlərinin və Azərbaycanın iqtisadi potensialının dünyaya nümayiş olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etmişdir. Forum iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib. Bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar.

30 ilə yaxın danışıqlar prosesinin davam etdiyini deyən millət vəkili Tamam Cəfərova bildirib ki, 1992-ci ildən 2020-ci ilə qədər danışıqlar prosesində fəallıq göstərməli olan dövlətlər və təşkilatlar keçmiş münaqişənin həll etmədi yaxud da etmək istəmədi. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi - onlar keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onillər ərzində həmin qətnamələr kağız üzərində qalıb.

İkinci Qarabağ müharibəsinin başlamasının səbəbi Ermənistanın işğal siyasəti ilə yanaşı, bu məsələni həll etməyə mandatı olan ölkələrin məsələyə laqeyd yanaşmasının nəticəsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirib. Azərbaycan 28 il ərzində ədalətin bərpa edilməsini gözləyib. Ermənistan status-kvonu saxlamağa çalışırdı. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz idi.

“İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə nail ola bilərdi. Azərbaycan hər zaman sülhə hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, Azərbaycan ərazi bütövlüyünün bərpa olunmasına dinc yolla nail olmağa çalışır. Azərbaycan erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə həmişə hazır idi. Bundan sonra da Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək. Əminliklə deyə bilərik ki, Qarabağda yaşayan erməni sakinlər üçün yeni bir həyat imkanı yaranıb. Ümid edək ki, onlar bu şansı düzgün qiymətləndirəcək və Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesində fəallıq göstərəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər