4 Oktyabr 2023 09:05
4 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İrəvanda müdafiə missiyası, Zəngəzurda konsulluq açan Fransanın məqsədləri nədir?

- Fransa Ermənistanın uydurmalarından öz siyasi məqsədləri üçün istifadə etmək istəyir. Biz bu uydurmaları bilirik. Bu uydurma da ondan ibarətdir ki, guya Azərbaycan bu dəhlizi açmaq üçün Zəngəzuru zəbt etmək istəyir. Guya Fransa konsulluq açmaqla bunun qarşısını almağa çalışır. Əlbəttə, bunların hamısı yalandır, süni gündəmdir. Sadəcə bu yalandan istifadə etmək hər iki tərəf üçün məqbuldur. Ermənistan bu yalanları Fransanı regiona gətirmək üçün ortaya atıb. Hamı gözəl başa düşür ki, Azərbaycan Zəngəzura müdaxilə etmək niyyətində deyil. Amma öz yalanlarını və ya oyunlarını “əsaslandırmaq” üçün belə addımlar atırlar.

- Almaniya Kansleri Olaf Şolz Orta Asiyanın beş ölkəsinin liderləri ilə görüşdü. Toplantıda Azərbaycanın da marağında olan Orta Dəhliz müzakirə olundu. Son zamanlarda Azərbaycana qarşı fəallığı ilə də diqqət çəkən Almaniyanın bölgə və ya bu Orta Dəhlizlə bağlı nə kimi hədəfləri ola bilər?

- Orta Dəhliz indi hamıya lazımdır. Almaniya ilə yanaşı, ABŞ-a, Fransaya, Avropa İttifaqına və digərlərinə. Qeyd edim ki, bir müddət əvvəl Amerika-Orta Asiya sammiti də keçirilmişdi. Bu məsələ həmin sammitdə də diqqət mərkəzindəydi. Bütün bu xətlər də Azərbaycandan keçir. Bu baxımdan, Azərbaycanın rolu artır. Bu fonda Azərbaycana qarşı sanksiyalardan danışırlar. Bunu gündəmə gətirənlər anlamırlar ki, bu sanksiyalar tətbiq edilsə, həmin dəhliz bağlanacaq. Yəni bu durumda Azərbaycan da cavab addımlar atmağa məcbur olacaq. Ona görə də, sanksiyalarla bağlı deyilənlər söz-söhbətdir. Bu da bizim üstünlüyümüzü təsdiqləyir. Belə bir mövqedə yerləşməyimiz, həmin ölkələrlə sıx münasibətlərdə olmağımız ölkəmizə qarşı təhdidləri neytrallaşdırır.

- Belə bir həssas məqamda Zəngəzurda – Mehridə atəş təlimlərinə başlayan Rusiyanın bunun üzərindən verdiyi mesajlar kimlərə ünvanlanıb?

- Hər halda Azərbaycana yönəlməyib. İndi Zəngəzurla bağlı rəqabət gedir. Fransa, İran, Rusiya regiona təsir imkanlarını artırmaq istəyirlər. Təlimlər də bu səpkidədir. Bu, daha çox Fransa və İrana ismarışdır ki, burada biz də varıq, bura bizim maraq dairəmizdə olan regiondur, sizin yox.

- Ümumiyyətlə, son zamanlarda bir sıra Qərb dövlətlərinin, İranın, Rusiyanın, Türkiyənin mesajlarında Zəngəzur məsələsinə birbaşa və ya dolayı yolla eyhamlar vurulur. Hesab etmək olarmı ki, son zamanlarda bölgə ilə bağlı beynəlxalq fəallıq elə bu dəhliz məsələsi ilə əlaqəlidir? Yəni bu, dəhlizə nəzarət uğrunda bir mübarizədirmi?

- Bəli! Tarixdə göstərir ki, müharibələr həmişə yollar, kommunikasiya xətləri üzərindən aparılıb. Demək olar ki, bütün müharibələr strateji mövqelər əldə etmək uğrunda baş verib. Ona görə də, düşünürəm ki, Zəngəzur dəhlizi regionda aparılan geostrateji rəqabətin əsas məqsədidir. Amma məsələ budur ki, bütün iştirakçılar bu məsələyə fərqli yanaşırlar. Zəngəzur dəhlizi hamıya lazımdır: Azərbaycana, Türkiyəyə, Rusiyaya, İrana... Amma mövqelər fərqlidir. Fərqli mövqelər də imkan vermir ki, bu dəhliz effektli və ya universal prinsiplər üzərində fəaliyyət göstərsin. Təəssüf ki, ayrı-ayrı siyasi maraqlar dəhlizin planlaşdırıldığı kimi reallaşmasına imkan yaratmır.

Bütün bunlara baxmayaraq, Türkiyə və Azərbaycan çalışır ki, Ermənistanda alınmasa, dəhliz İran üzərindən açılsın. Burada İranın da maraqları var, bu da nəzərə alınır. Amma Azərbaycanla Türkiyənin maraqları daha üstündür. Hələlik yolların İran üzərindən keçməsi ilə bağlı prinsipial anlaşma əldə olunub. Düşünürəm ki, yaxın illərdə bu yöndə irəliləyiş gözləməyə dəyər.

- Əgər məsələ dəhlizə nəzarət uğrunda mübarizədirsə, hər kəs də öz payını almaq istəyirsə, bəs təhdid oxu niyə Azərbaycana yönəldilib?

- Təhdidlər də maraqlıdır. Məsələn, İran deyir ki, Zəngəzur dəhlizinin açılmasını və ya bu xəttin Ermənistandan keçməsini istəmir. İranın “məntiq”inə görə, guya Azərbaycan bu dəhlizə nəzarət etməklə regional sərhədlərin dəyişməsini istəyir. Bu, siyasi simulyasiyadır, çünki Azərbaycanın heç kimin ərazisində gözü yoxdur. Amma İran dəhlizin öz ərazisindən keçməsini, strateji üstünlüyün Ermənistanın yox, özünün əlinə keçməsini istəyir. İran bunu “Ermənistanın suverenliyinin keşiyində durması” kimi qələmə verir.

Rusiya dəhlizin Ermənistandan keçməsini istəyir, Ermənistan isə bunu istəmir. Ermənistan qorxur ki, dəhliz Rusiyanın istəyi ilə açılsa, Rusiya buna sahib çıxacaq, özü isə oyundan kənarda qalacaq. İttihamları isə Azərbaycana yönəldirlər, çünki bu məsələdə Rusiyanı açıq formada ittiham etməkdən qorxurlar. Deyə bilmirlər ki, biz bunu Azərbaycana yox, Rusiyaya görə açmırıq. Çünki bu dəhlizi Rusiya sərhədçiləri qorumalıdır, dəmir yolunu Rusiyanın Dəmir Yolu Şirkəti istifadə etməlidir. Ermənistan da qorxur ki, belə olsa, ona heç nə qalmayacaq.

Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxmasını anti-Rusiya oyununun davamı kimi qiymətləndirmək olar. ABŞ da Ermənistanın bu siyasətini dəstəkləyir. Bu kimi səbəblərdən dəhliz məsələsi Ermənistan tərəfindən siyasi spekulyasiyaya çevrilir.

Regiondankənar iştirakçılara gəlincə, onlar gözləmə mövqeyindədirlər. Prinsipcə onlar hansı şərtlərlə olur-olsun, açılacaq dəhlizə qoşulmağa razıdırlarlar. Söhbət ilk növbədə Mərkəzi Asiya ölkələrindən gedir.

İndi top İranl Azərbaycanın meydanındadır. Çox şey hər iki tərəfin razılığından asılıdır. Əsas məsələ budur ki, dəhliz ideyası bu və ya digər şəkildə reallaşsın. Açıldıqdan sonra bunun nə qədər effektli olub-olmadığı, bütün iştirakçıların maraqlarına cavab verib-vermədiyi məlum olacaq.

- BMT və ABŞ Ermənistanın Azərbaycana qarşı qondarma “etnik təmizləmə” ittihamını rədd etdilər. Hesab etmək olarmı ki, bundan sonra Azərbaycana yönəlik kənar təzyiqlər və sanksiyalarla hədələmələrdə səngimə olacaq?

- Ermənistan Roma Statutuna qoşulur, bu o deməkdir ki, Ermənistan belə cəhdləri bundan sonra da edəcək. Ermənistan Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaqla Azərbaycana qarşı bu siyasətini davam etdirmək niyyətindədir. Təəssüf ki, onun bu siyasətinə dəstək verən havadarları da var. Məsələn, Fransa. Düşünürəm ki, bu destruktiv siyasət davam edəcək.

- Bəs Ermənistanın qondarma ittihamlarının davamında bunların bunların beynəlxalq aləm tərəfindən “qəbul edilməsi” ehtimalı nə qədərdir?

- Düşünürəm ki, bunları məsələni gündəmdə saxlamaq üçün edirlər. Amma bu səylərin heç bir real təsiri olmayacaq, heç nə dəyişməyəcək. Düşünmürəm ki, Ermənistan bunlarla nəyəsə nail ola bilər. Eyni zamanda, Paşinyan daxili auditoriya qarşısında özünü sığortalamaq istəyir ki, sona desin, baxın, biz bütün tədbirlərə əl atmışıq. Digər yandan, bu, erməni diasporuna bir ismarışdır ki, biz “daşnak ideologiya”nı başqa formada həyata keçirməyə cəhd göstəririk, sadəcə reallıqlar bunu effektli şəkildə həyata keçirməyə imkan vermir, amma mən əlimdən gələni edirəm. Çox güman ki, Paşinyan bunlara görə həmin siyasəti davam etdirəcək.

- Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “beynəlxalq müşahidə missiyası”nın Qarabağa daxil olması çağırışını təkrarladı. ABŞ bir müddətdir bu məsələni gündəmdə saxlayır. Məqsəd nədir, Qarabağa daxil olub nə etməyə çalışacaqlar?

- Heç nə! Bundan sonra nə edəcəklər? Ermənilər çıxıb getdilər. İnnən belə bu missiya nəyə lazımdır? BMT missiyası gəldi, mühahidə aparıb çıxıb getdi. Bunlar gecikmiş təkliflərdir. Nəinki gecikmiş, əsassız təkliflərdir. Çünki vəziyyət köklü surətə dəyişib. Yəni belə bir missiyanın regiona gətirilməsinə ehtiyac yoxdur. Onlar çalışırdılar ki, keçmiş Minsk qrupuna bənzər bir mexanizm yaratmağa çalışırdılar, bu da Azərbaycanın bu ərazilərdəki suverenliyini məhdudlaşdıracaqdı. Ona görə də biz bunu rədd etdik, edirik. Üç-beş nəfər xaricdən gələcək, Azərbaycan hökumətinə “ağıl” öyrədəcək ki, belə etmək lazımdır, elə etmək lazımdır. Nə etmək lazım olduğunu özümüz bilirik və edirik, kiminsə ağlına ehtiyacımız yoxdur. İndi belə bir missiya nə qədər məqsədəuyğundur?

Bura Azərbaycan ərazisidir. Burada hansı tədbirlərin görülüb-görülməyəcəyini özümüz bilərik. Bizə kənar müşahidəçi və nəzarətçi lazım deyil. Eyni zamanda, bu cəhdlər göstərir ki, fövqəldövlətlər, xüsusən də ABŞ belə qondarma mexanizmlər yaratmaqla regionla bağlı məqsədlərini reallaşdırmaq istəyir. Biz bunu başqa ölkələrdə görmüşük. Kifayət qədər təcrübəmiz olduğu üçün heç vaxt imkan vermərik ki, hansısa qondarma qurum – kənar qüvvələrin maraqlarını təmin etməyə çalışan bir “struktur” Azərbaycan ərazisində fəaliyyət göstərsin.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər