Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonunadək Azərbaycanla sülh sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirdi. Sizcə, bunun üçün zəmin varmı?
- Paşinyan dəfələrlə deyib ki, ilin axırına qədər sülh müqaviləsi imzalana bilər. Hətta bildirib ki, ayın sonunadək, hansısa görüşün yekununda imzalamaq olar. Yəni Paşinyanın bu açıqlamaları heç nədən xəbər vermir. Söhbət gedişatdan və reallıqdan gedirsə, görə bilərik ki, bunun üçün zəmin yaranıb. Amma Ermənistan yenə də əsassız iddialarla çıxış edir. Bizi “etnik təmizləmə”də, Ermənistanın hansısa ərazilərini “zəbt etmə”də və sairdə günahlandırmağa çalışırlar. Belə yanaşma ilə sülh müqaviləsi necə imzalana bilər?
İlk növbədə, çərçivə sazişində əsas prinsiplər öz əksini tapmalıdır. Bunlar da beynəlxalq normalar əsasında müəyyən olunub. Söhbət 5 prinsipdən gedir ki, Ermənistan bununla razılaşıb. “Altıncı prinsip”i də bura salmağa çalışırdılar ki, artıq bunun aktuallığı itib.
Qarşıdakı Brüssel görüşündə konstruktiv müzakirələr aparılsa, yekun sənədlə bağlı prinsipial razılaşma əldə edilsə, onda sülh müqaviləsini imzalamaq olar. Bunu Paşinyanın açıqlamaları yox, real vəziyyət əsasında deyirəm.
Paşinyan ötən illərdə öz davranışları və açıqlamaları ilə göstərdi ki, ona və onun sözünə inanmaq olmaz. Biz reallıqdan danışırıqsa, bunu Azərbaycan öz hərbi-siyasi gücü ilə yaradıb. Paşinyan da məcbur olub, bu reallıqla razılaşır.
- Paşinyan onu da dedi ki, Zəngəzurdan keçidlə bağlı proseduru Azərbaycan üçün sadələşdirə bilərlər. Görünən budur ki, yumşalmağa başlayıblar. Bundan əvvəl Bakı və Ankara bildirmişdi ki, Ermənistan dəhliz üçün keçid verməsə, İran üzərindən olacaq. Paşinyanın bu açıqlamasının həmin mesajlarla əlaqəsi ola bilərmi?
- Birbaşa əlaqəsi var. Anlayırlar ki, əsas dəhliz İran üzərindən keçsə, ikinci dərəcəli yollar Ermənistanın payına düşəcək. Bu da onların xeyrinə deyil. Ermənistan istəyir ki, bu yola nəzarət onda olsun. Amma üçtərəfli anlaşmaya əsasən, bunu Rusiya həyata keçirməlidir. Görünür, Paşinyan yolu Rusiyanın əlinə vermək istəmir. Paşinyan İrəvanda baş verənlərə zəmanət verə bilmir, dəhlizin təhlükəsizliyinə necə zəmanət verəcək?!
Dəhlizin təhlükəsizliyi ilə bağlı ciddi işlər görülməlidir, qarantiya alınmalıdır. Bu baxımdan, Paşinyanın açıqlaması bizə kifayət etmir. Paşinyanın tələsik açıqlama verməsinə gəlincə, buna normal söz tapmaq çətindir. Məsələn, yarım il və ya bir il qabaq bu təklifləri vermək olmazdı? Niyə bir il əvvəl bunu demirdi?
Biz regionda reallığı dəyişirik, onu da buna uyğun addımlar atmağa məcbur edirik. Manevr imkanları qalmır, nəticədə bunu etməyə məcbur olur. Hər dəfə reallığı dəyişməklə, təzyiqlə alınmır axı. Ona görə də, Ermənistan bizə ciddi qarantiya verməlidir. Bu qarantiyanı Ermənistanın özü verə bilməz. Ermənistanın özünə qarantiya verən lazımdır ki, normal fəaliyyət göstərsin. Qaldı ki Ermənistan kiməsə qarantiya versin...
- Bəs sonda dəhlizə nəzarət kimdə ola bilər? Bu baxımdan ABŞ, Fransa, Rusiya və digər ölkələrin fəallığını görürük. Ortada bir də nəzarəti Rusiyanın öhdəliyinə buraxan üçtərəfli anlaşma var.
- Dediyim kimi, Ermənistanın Rusiyanın nəzarət etməsini istəmir, bunun yerinə öz nəzarət mexanizmini təklif edir. Amma bizim üçün Ermənistanın nəzarəti kifayət etmir. Ermənistan bizə təhlükəsizliklə bağlı zəmanət verə bilməz. Kimsə təhlükəsizliklə bağlı bizi razı salmalı və əmin etməlidir. Bununla bağlı danışıqlar aparılmalıdır.
İndi Ermənistan Rusiyanı sıxışdırmağa çalışır, amma mən düşünmürəm ki, bu dəhlizin təhlükəsizliyini NATO, ABŞ və ya Fransa qüvvələri təmin edə biləcək. Bu, mövcud vəziyyətdə mümkün deyil. Yeri gəlmişkən, İranın da bu məsələyə öz münasibəti var. Təhlükəsizlik həssas məsələdir. Amma ilkin variant bizim üçün məqbul ola bilərdi. Əgər Rusiya ilə normal münasibətlərimiz varsa, dəhlizin Ermənistandan keçən hissəsinə müvəqqəti də olsa, rus sərhədçilərinin nəzarət etməsi, bizi qane edə bilər.
Yeri gəlmişkən, Rusiya hərbçiləri ilə münasibətlərdə bizim müsbət təcrübəmiz də var. Vaxtilə Azərbaycan öz sərhədlərinə nəzarəti bərpa edəndə Rusiya qoşunları da bu prosesdə iştirak etmişdi. Rus hərbçiləri erməniləri tutduqları Azərbaycan ərazilərindən çıxarmışdılar. Bu müsbət təcrübəni nəzərə alaraq düşünürəm ki, Rusiyanın nəzarəti bizim üçün məqbul sayıla bilər.
- Yeri gəlmişkən, İran dəhlizin Ermənistandan keçməsinə narazılıq etsə də, öz ərazisindən keçməsinə razılıq verdi. “Qırmızı xətt” hədyanını dilindən əksik etməyən İranın davası əvvəldən bununla bağlı idimi?
- Bəli, İran istəyirdi ki, dəhliz onun ərazisindən keçsin və bundan mənfəəti özü qazansın. Bunun da həm siyasi, həm də iqtisadi üstünlükləri var. Ona görə də, guya ermənilərin maraqlarını əsas gətirərək buna qarşı çıxış edirdilər. İran təkidlə iddia edirdi ki, guya Azərbaycan Zəngəzuru ələ keçirmək istəyir. Amma indi İran nədənsə dəhlizin öz ərazisindən keçməsindən narahat olmur. İrandan keçəcək mümkün xətt Zəngəzur dəhlizi prinsipi ilə fəaliyyət göstərəcək. Bəs onda niyə Ermənistana görə “narahat” idilər? Fərqli yanaşmdan söhbət getsəydi, başqa cür fikirləşmək olardı. Eyni qayda ilə şimaldan da, cənubdan da keçə bilərdi.
İndi dəhliz İrandan keçsə, yüklərimiz üçün heç bir maneə yarada bilməzlər. Çünki dəhlizlərlə bağlı müəyyən edilmiş prinsiplər var. Hansısa maneələr yaradılanda digər marşrutları seçməyə məcbur olurlar. O zaman əvvəlki marşrutun mənfəəti düşəcək. Ona görə də, İran Azərbaycan, Türkiyə və digər iştirakçı ölkələrə sərbəst hərəkəti təmin etməlidir.
- Rusiya sülhməramlılarının bir hissəsinin Qarabağdan çıxması haqda məlumat yayılıb. Üstəgəl, sülhməramlıların postları bir-bir bağlanır. Nəhayət, Rusiya hərbçiləri ərazimizdən çıxırlarmı?
- Bəli, birmənalı olaraq belədir. Bu proses tədricən baş verir. Çünki Rusiyanın burada canlı qüvvə ilə yanaşı, avadanlıqları və silah-sursatları var. İndi bunları Qarabağdan çıxarmaq, eləcə də qalan postları sökmək üçün müəyyən vaxt lazımdır. Proses ən geci 2025-ci ilədək, bəlkə də daha tez tamamlanacaq.
- Belə bir məqamda azad edilmiş ərazilərdə Türkiyə ilə hərbi təlim keçirəcəyik. Bəs bu hansı mesajı ehtiva edə bilər?
- Biz hərbi hazırlığımızı həmişə yüksək səviyyədə saxlamalıyıq. Müharibə. antiterror əməliyyatları bitdi, təhdidlər sovuşdu. Amma regional və qlobal duruma, Ermənistanın apardığı siyasətə baxın. Ermənistan Hindistan və Fransadan silah alır. Fransalı hərbçilərin Ermənistan ordusuna təlimlər keçməsi haqda məlumatlar da var. Hindistan və Fransa Ermənistanı Türkiyə və Azərbaycana qarşı hazırlaşdıracaq. Heç kimin illüziyası olmamalıdır ki, proseslər fərqli məcrada inkişaf edəcək. Belə məqamlar Azərbaycan-Türkiyə hərbi birliyinin güclü formada saxlanılması zərurəti yaradır.
Regionda gedən proseslərə də baxmaq lazımdır, geosiyasi xəritə dəyişdirilir. Biz bu yöndən gələcək çağırışlara hazır olmalıyıq. Biz bunu Yaxın Şərqdəki son gəlişmələrdə görə bilərik. Yəni biz mümkün təhdidlərə hazır olmalıyıq. Təlimlər həmişə və daha mütəşəkkil və mütərəqqi qaydada, eləcə də yeni yanaşmaların tətbiqi ilə keçirilməlidir. Yaxın Şərq və Ukraynadakı müharibələr göstərir ki, savaşların formaları və istifadə olunan silahlar da dəyişib. Yəni bütün mümkün çağırışlara hazır olmaq lazımdır.