18 Oktyabr 2023 19:36
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilan rayonunun işğaldan azad olunmasından üç il ötür. Azərbaycan xalqı Zəngilan rayonunun düşmən işğalından azad olunmasını böyük bir sevinc və fərəh hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunu işğaldan azad etməklə Vətən müharibəsinin gedişatında növbəti qələbəni Azərbaycan Xalqına ərmağan etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Tamam Cəfərova qeyd edib ki, böyük qürur və fərəh hissi ilə deyə bilərik ki, Böyük Qayıdışın ilk addımlarından biri də məhz Zəngilan rayonunda atılmışdır. Beləki, işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

Eyni zamanda millət vəkili bildirib ki, Zəngilandan keçən logistik layihələrin regionun inkişafında böyük əhəmiyyəti olacaq. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın uzun illərdən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Ölkə Başçısının Zəngilan rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Tamam Cəfərova qeyd edib ki, işğaldan azad olunan Zəngilan rayonuna cənab Prezident müxtəlif vaxtlarda on dəfə səfər etmişdir. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Zəngila raynunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Cənab Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olmuşdur. Mühüm infrastruktur obyektləri içərisində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulmasını, eləcə də Zəngilan Beynəlxalq Hava Limanının inşasını xüsusilə qeyd etməliyik. Bərpa-quruculuq işləri çərçivəsində əldə olunan nəticələr işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərin masştabını əyani şəkildə göstərir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər