Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan mediası və ekspert dairələri aktiv formada Rusiya hərbi bazasının çıxarılmasını müzakirə edir. Ermənistan rəsmiləri təkzib formasında olsa da, bu məsələni dillərinə gətirməyə başlayıblar. Belə bir gəlişmə nə qədər realdır?
- Ermənistan “Rusiya bazasını çıxarır” və “Rusiya bazasını öz ərazisində görmək istəmir” kimi bir görüntü yaratmağa çalışır. Məsələ budur ki, həmin hərbi bazalar Rusiya-Ermənistan birgə qoşun bölməsidir. Eyni zamanda, onların ölkənin ərazisində mövcudluğunu Ermənistan konstitusiyasının müvafiq bəndləri şərtləndirir.
Ermənistanın öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək hərbi potensialı yoxdur. Belə desək, Ermənistan üçün Rusiyanın 102-ci bazasının bu mənada oynadığı rolun alternativi mövcud deyil.
İndiki məqamda nə Ermənistan alternativ tapa, nə də məsələni özü həll edə bilir. Bunun üçün Ermənistanın dövlətçilik təcrübəsi yoxdur. Öz sərhədləri olmadığı üçün ermənilər dövlət sərhədlərini qorumaq mədəniyyətinə malik deyillər. Yaxın tarixdə gördük: bir güllə atılan kimi silahlarını atıb qaçdılar. Bir sözlə, alternativ olmadığı üçün 102-ci bazanın çıxarılması müzakirə mövzusu deyil.
Ermənistanın bu mövzuda hərəkətləri sadəcə Rusiya-Qərb gərginliyi kontekstində edilən spekulyasiyadır. Bu gün Rusiyaya sanksiyalardan yayınmaqda yardım edən üç ölkədən biri Ermənistandır. Rusiya ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalardan Ermənistan şirkətləri vasitəsilə yayınır. Ermənistanın özü də bundan milyardlar qazanır.
- Digər yandan da Ermənistan rəsmən KTMT-nin toplantılarını boykot edir. Artıq hərbi blokun tədbirləri Ermənistansız keçirilir. İrəvan bunun davamını gətirib blokdan çıxacaqmı?
- Ermənistanın istəyi bu idi ki, KTMT müharibəyə qoşulsun. Ermənistanın Rusiya və KTMT-yə iradları niyə onu qorumamaları ilə bağlı deyil, niyə onun yerinə Azərbaycanla döyüşməmələri ilə əlaqəlidir. Vaxtilə Paşinyan Rusiyaya arxayın olaraq Azərbaycanla müharibəyə başlamışdı, bu arxayınçılığının da nəticəsini gördü.
Ermənistan KTMT-dən çıxmaq məsələsini nə vaxt gündəmə gətirir? Müharibədən üç il keçdikdən sonra. Bu da ayrı bir məsələdir ki, müharibədəki məğlubiyyət Ermənistan daxilində nə qədər revanşist əhval ruhuyyə yaradır?! Söhbət erməni cəmiyyətinin baxışından gedir. İndi bunun konkret bir cavabı yoxdur. Çünki orada heç kim müstəqil və ya real sorğular aparmır. Əgər Qərbdəki erməni lobbisinin göstərməyə çalışdığı kimi, həqiqətən də Ermənistanda revanşist əhval-ruhiyyədə olan əhali varsa, Paşinyan niyə indiyə qədər hakimiyyətdədir? Müharibədə məğlubiyyət istənilən hakimiyyətin aqibətini müəyyən edir.
2016-cı ildə aprel döyüşlərində Ermənistan Azərbaycana məğlub olanda, Serj Sərkisyan da hakimiyyət savaşında uduzdu. Paşinyan isə hərbi məğlubiyyətdən üç il ötməsinə baxmayaraq, təkrar seçki keçirib qalib gəldi, hələ də hakimiyyətdədir. Bu o deməkdir ki, Ermənistan daxilində revanşist əhval-ruhiyyədə olanlar ola bilər, amma bu, real ictimai fikrin əksəriyyəti deyil. Əks halda, Paşinyan üç il hakimiyyətdə qala bilməzdi.
Sadəcə ABŞ və Avropadakı erməni lobbisi Azərbaycan və Türkiyəyə ərazi iddialarını “ümumerməni ideologiyası” kimi gündəmdə saxlayır, çünki buna alternativ ideologiya tapa bilməyiblər. Dünyadakı üç-dörd erməni bütün erməniləri özləri üçün işlədir.
Dünyada öz xalqını belə istismar edən və diləndirən ikinci bir lobbi yoxdur.
Spekulyasiyalardan asılı olmayaraq, 102-ci baza qalacaq, çünki bunun alternativi yoxdur. Bunu nəylə əvələyəcəklər? Deyək ki, USAID, Fransa gündə bir bəyanat verir, bu sərhəddə nəyə yarayacaq? Altı ay dayanmadan Xankəndi ilə bağlı Azərbaycana qarşı kampaniya apardılar. Bu nəyi dəyişdi? Yəni indiki mərhələdə nə 102-ci bazanı çıxaracaqlar, nə də KTMT-dən çıxacaqlar.
NATO-nun keçmiş baş katibi (Anders foq Rasmussen) Ermənistan-NATO əlaqələri üçün şübhəli əsaslarla lobbiçilik edir. “Şübhəli əsaslar” deyəndə maliyyə nəzərdə tutulmur, onsuz da lobbiçilik pulsuz edilmir, məsələn, qədim erməni üsulu - şantaj. Nümunə üçün qeyd edim ki, nə vaxt USAID rəhbəri Samanta Pauer ermənilərlə, Qarabağla bağlı səssiz dayanır, onda dünyadakı erməni lobbisi Hollivuddan tutmuş media və digər vasitələr üzərindən ona qarşı “xaç yürüşü” edir.
Məsələn, ANCA-ya yaxınlığı ilə seçilən media və KİV-lər onun və ailəsi haqda şübhəli məlumatlar yayırlar və sair. Böyük ehtimalla, indi də bu üsullardan istifadə edirlər, amma bu, heç nəyi dəyişmir.
- Ermənistanın Qərbə inteqrasiyası prosesi necə bitəcək? Məsələn, Qərbin bu siyasətində Ermənistana yanaşması bura qədər yarı yolda qoyduğu Gürcüstan, Moldova və Ukraynadan fərqli ola bilərmi?
- Qərb institutlarının Ermənistanın milli maraqlarını müdafiə etmək kimi öhdəlikləri və məsuliyyəti yoxdur, eləcə də Gürcüstanın. Bunların hamısı maraqlardır – mövsümi, yəni dəyişən maraqlar. İndi nəsə maraqlarına cavab verirsə, onu dəstəkləyirlər, vermirsə, dəstəkləmirlər. Maraqlar da, qeyd etdiyim kimi, mövsümi dəyişir.
İndi Ermənistanın milli maraqları Qərb institutlarının maraqları demək deyil. Hazırki situasiyada Ermənistanın dəstəklənməsinin bir əsası var: Azərbaycan və Türkiyəni sözəbaxan etmək istəyi. Hansı gün ABŞ Azərbaycan və Türkiyə ilə uzlaşacaq, onda Ermənistanın aktuallığı onun üçün itəcək.
- Qərb-Azərbaycan gərginliyi haqda nə düşünürsünüz: bu da mövsümi xarakter daşıyır?
- Hazırki mərhələdə Qərbin Azərbaycandan istədiyi bir neçə şey var. Qərbin Cənubi Qafqazda məqsədi Azərbaycan və Ermənistanla bağlı problemlərin həlli deyil. Qərbin Cənubi Qafqazla bağlı maraqları İranla bağlıdır. Qərb Azərbaycanın anti-İran koalisiyasında yer almasını istəyir.
Bu gün Qərbin Ermənistanı dəstəkləməsi bununla bağlıdır. Çünki hamıya aydındır ki, İran nüvə silahı əldə etməyə çalışır və bu proqramında sürətlə irəliləyir. Bu da Qərbin marağında deyil. Yəni Azərbaycana olan təzyiqlər Ermənistanın maraqlarının müdafiəsi edilməsindən irəli gəlmir.