26 Noyabr 2023 20:45
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikaya işgüzar səfərləri çərçivəsində Xalisko ştatının Tonala şəhərində təşkil olunan və iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafına həsr olunmuş təqdimatda iştirak ediblər.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Tonala şəhərinə səfər zamanı Milli Məclisin nümayəndə heyətini ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovla yanaşı, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyeqas və qrupun üzvü Elba Vixil, eləcə də tanınmış meksikalı ictimai-siyasi xadim, deputat Yeidkol Polevnski müşayiət ediblər.

Tonala Ticarət Palatası tərəfindən xüsusi olaraq Milli Məclisin nümayəndə heyəti üçün təşkil olunmuş tədbirdə şəhərin təklif etdiyi çoxşaxəli ixrac və xidmət imkanlarına dair təqdimatlar keçirilib, qonaqlara məxsusən hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş videomateriallar nümayiş etdirilib, həmçinin iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Azərbaycan məhsullarının Meksika bazarına çıxarılması, eyni zamanda, Meksika istehsalı olan, xüsusilə mədən sənayesi, kənd təsərrüfatı və qida məhsullarının Azərbaycan bazarına daxil olması üçün real danışıqlara başlamaq niyyəti ifadə edilib.

Sonra Milli Məclisin nümayəndə heyəti “Arevalo qrup”a məxsus fabrikdə müxtəlif qida məhsullarının istehsal prosesi ilə tanış olub. Arevalo qida məhsullarının ən yüksək keyfiyyət, gigiyena və təhlükəsizlik standartlarına riayət olunaraq istehsalı ilə seçilən Meksika şirkətlər qrupudur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər