30 Noyabr 2023 14:46
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında öz əksini tapmış qeyri-etik, beynəlxalq qanunlara zidd və mövcud reallıqları təhrif edən fikirlərə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir.

Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusilə erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəlik məhz Ermənistan tərəfindən yerinə yetirilməmişdir. Təəssüflər olsun ki, bu müddət ərzində Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin deputatları tərəfindən də açıq-aşkar və məqsədyönlü şəkildə zərbə altına alınmışdır.

Qəbul edilmiş bu sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların əks etdirilməsi bunun bariz nümunəsidir.

Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı narahatlıqlarını dilə gətirərək onların hüquqlarının zorla pozulduğunu qeyd edən komitə üzvləri Ermənistandan, habelə vaxtilə işğal edilən Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasına, Xocalı soyqırımının törədilməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qulaq ardına vurulmasına susmuşlar. Həmçinin, deputatlar Qarabağda guya ermənilərə aid olan mədəni irsin qorunmasını gündəmə gətirərkən, onların işğal etdikləri Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə və saxtalaşdırmağa yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərinə biganə qalmışlar.

Təəssüf ki, avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı dövr ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar. Həmçinin, sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışları son dövrdə Avropada və dünyada cərəyan edən geosiyasi proseslər şəraitində Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən faydalı əməkdaşlıq münasibətlərinə ciddi zərbə vurur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbərliyindən bu sənədlərdə humanitar məsələlərdən siyasi və təxribatçı məqsədlər üçün istifadə edən, Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışaraq regionda sülh prosesinə zərbə vuran təxribatçı müddəalara müvafiq qiymət verərək, məruzələrə yenidən baxılmasını tələb edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər