30 Noyabr 2023 22:38
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq antiterror tədbirləri nəticəsində Ermənistanın revanş üçün vaxt qazanmağa çalışdığı aydın oldu.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.

XİN başçısı qeyd edib ki, Azərbaycan ərazilərindən Ermənistanın və onun tabeliyindəki qanunsuz rejimin dinc yolla çıxarılmasının mümkün olmamasının səbəbi rəsmi İrəvanın saymazlığı, həmçinin, beynəlxalq vasitəçilərin tərəflərə selektiv yanaşması olub.

“Bu il Azərbaycanın öz əraziləri üzərində suverenliyi tam bərpa edib. Bizim 24 saatlıq lokal antiterror tədbirlərimiz nəticəsində Ermənistan və onun tabeliyindəki qanunsuz marionet struktur tərksilah edilib, özünü buraxıb və Azərbaycandan tam geri çəkilib. Bununla aydın oldu ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımasına dair şifahi bəyanatlarına rəğmən, Ermənistan öz öhdəliklərini kobud surətdə pozaraq ağır hücum silahları ilə silahlanmış 10 minlik güclü silahlı qüvvəsini Azərbaycanda saxlayaraq faktiki olaraq revanş üçün vaxt qazanmağa çalışıb.

Heç bir suveren ölkə öz torpağında bu cür qanunsuz hərbi mövcudluğa dözüm göstərə bilməzdi, o cümlədən Azərbaycan da (göstərmədi-red.). Bu, Ermənistanın həyasızcasına saymazlığı və vasitəçilikdə iştirak edən üçüncü tərəflərin adekvat fəaliyyətinin çatışmazlığı səbəbindən dinc yolla baş vermədi. Azərbaycanın narahatlığını bölüşməsinə baxmayaraq, onlar qapalı qapılar arxasında ictimai çağırışlarında selektiv olmağı seçdilər. Bu, Ermənistanın bizim ərazimizdə yeni təmas xətti inşa edərək, yeni səngərlər qazaraq, yeni minalar basdıraraq və Azərbaycanı qarayaxma kampaniyaları vasitəsilə şantaj edərək danışıqları imitasiya etmək strategiyasını davam etdirə bilmək illüziyasına qapılmasına səbəb oldu”, - Ceyhun Bayramov deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər