1 Dekabr 2023 13:40
4 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi çox mühüm bir mərhələdə baş tutdu. Bu, Vaşinqtonun Qafqaz siyasətini Azərbaycansız reallaşdıra bilməmək imkanları ilə bağlıdır. Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etmək də bu məqsədlərə xidmət edirdi.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

“ABŞ-da başa düşürlər ki, Azərbaycanla münasibətlər önəmlidir. Rəsmi Bakı da ABŞ-ın mövqeyinə qarşı əks tədbirlər görürdü. Reallıqda isə Orta Asiya və Əfqanıstanla mühüm dəhlizlərin əldə olunmasında Azərbaycanın rolu böyük olub. Bu mənada Vaşinqton nə olur-olsun Azərbaycanla bütün münasibətləri pozmaq niyyətində deyildi”- deyə o qeyd edib.

Politoloq bildirib ki, indiki halda ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində günahkar tərəf Vaşinqton idi:

“Bu mənada ABŞ rəsmiləri Bakıya münasibətlərdə müəyyən yumşalma yaratmaq üçün gəlir. Sözsüz ki, Amerikanın ritorikasının tamamilə dəyişəcəyi də gözlənilmir. Onlar Azərbaycanla bağlı məsələləri müəyyən dərəcədə gündəmdə saxlayacaq, bundan Bakıya qarşı müxtəlif məsələlərdə təzyiq kimi istifadə edəcəklər”.

Fərhad Mehdiyev hesab edir ki, hazırda ABŞ-ın xarici siyasət idarəsində Qarabağdan ermənilərin köçü ilə bağlı “faktaraşdırıcı missiya” fəaliyyət göstərir:

“Ümumilikdə ABŞ-Azərbaycan münasibətlərində yumşalma müşahidə edilir. Blinkenin zəngindən sonra bu, daha aydın görünür. Burada onların Qafqaz siyasəti ilə bağlı reallığı nəzərdən qaçırmaq olmaz. Əgər ABŞ, Rusiya, İngiltərə və digər başqa bir güc Qafqaz siyasəti quracaqsa, burada mütləq Azərbaycan olmalıdır. Bakının mövqeyini nəzərə almadan Qafqaz siyasəti qurmaq mümkün deyil. Ona görə də, rəsmi Vaşinqton Azərbaycanla münasibətləri qopma mərhələsindən geri qaytarmağa çalışır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər