Ermənistan öz silahlı qüvvələrini yenidən formatlayır, İsveçrə ordusunu nümunə götürüb. Niyə birdən-birə İsveçrə örnək oldu? Deyəsən, Parislə razılaşma var ki, fransızlar Ermənistan silahlı qüvvələrində islahatlarını öz üzərinə götürəcək. Yeri gəlmişkən, Paşinyan belə bir ideya ilə çıxış edən ilk şəxs deyil.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı publisist, siyasi ekspert Sergey Mardan deyib.
Onun sözlərinə görə, Ermənistandan əvvəl - 2014-cü ildə Ukraynanın o zamankı müdafiə naziri Valeri Qeletey belə bir fikrə düşmüşdü:
“Qeletey çox istəyirdi ki, İsveçrədəki kimi hamı silah altında olsun. Amma bu iddialı plan İlovaysk qazanında yandırıldı, bundan sonra Qeletey İngiltərədə daimi məskunlaşdı, özünə 36 milyon dollara kiçik bir mülk aldı. Bununla belə, demək lazımdır ki, sonda Ukraynada bütün kişilər və qadınlar silah altına alınıb. Düzdür, bunun İsveçrə ilə heç bir əlaqəsi yoxdur. Paşinyanın dağlara, göllərə, şokolad torpağına pərəstiş etməsi haradan qaynaqlanırsa, tamamilə anlaşılmazdır. Ermənistan silahlı qüvvələrinin nəyə görə 200 ilə yaxındır döyüşməyən ordu standartlarında olması da aydın deyil.
İsveçrə sonuncu dəfə 1847-ci ildə - Sonderbund vətəndaş müharibəsində katolik kantonları məğlub olanda döyüşüb, bundan sonra Alp Respublikası konfederasiyaya çevrildi. İndi İsveçrə mehriban qonşularla əhatə olunmuş zəngin və neytral ölkədir. 2000-ci illərdən İsveçrə müntəzəm olaraq ordusunu ixtisar edir. İsveçrəlilər ildə iki dəfə iki həftəlik təlim-məşq toplanışına dəvət olunurlar. Bu, neytral ölkənin döyüşməyən ordusu üçün yaxşı və uyğun modeldir”.
Onun fikrincə, Ermənistan neytrallıq statusunu öhdəsinə götürə bilməz, ölkənin coğrafi mövqeyi belə imkan vermir:
“Azərbaycan və Türkiyə arasında sıxılıb qalıb, dənizə çıxışı olmayan, nəqliyyat və logistika baxımından tamamilə qonşularından asılıdır. Ona görə də o, təkcə döyüşə hazır ordu saxlamalı deyil, həm də istənilən böyük dövlətlə müttəfiqlik münasibətləri qurmalıdır”.
Mardanın iddiasına görə, “İsveçrə modeli”nə keçmək barədə danışan Paşinyan ölkəsini türk qonşularına təhvil verməyə hazırlaşır.