4 Dekabr 2023 19:13
5 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Omunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, İrəvan davamlı olaraq bu ilin sonuna kimi sülhün əldə edilməsini gündəmə gətirir. İl artıq başa çatır, ortada isə ciddi bir nəticə yoxdur. Sizcə, proses ətrafında heç bir addım atmadan manipulyasiya etmək nə vaxta qədər davam edəcək?

- Bu gün Ermənistan və ona rəhbərlik edən şəxslərin qeyri-ciddi açıqlamaları gündəmdədir. Döyüş meydanında məğlub olan Ermənistan müharibədən sonrakı üç ildə özünü qeyri-adekvat aparır. Onun güvəndiyi isə ABŞ, Avropa İttifaqı, Fransa və s ölkələrdir. Bundan istifadə edən Nikol Paşinyan beynəlxalq aləmdə özünü “sülhpərvər” kimi aprmağa çalışır. O hətta Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, daha sonra elə bir şərait yaradır ki, bu müstəvidə görüşlər təxirə düşür. Eyni zamanda erməni tərəfi müxtəlif bəhanələr, şərtlər irəli sürür. Məğlub olmuş bir dövlətin şərt irəli süməsi isə absurd məsələdir. Bu günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya 31 kəndin Azərbaycanda olması ilə bağlı sərsəm bəyanatı da heç bir məntiqə sığmır. Eyni zamanda Paşinyan Qazaxın Ermənistanın işğalında olan 4 kəndinin geri qaytarılması ilə bağlı açıqlaması da hiddət yaradan faktlardır. Həmçinin Başkəndlə bağlı absurd iddialar irəli sürülür. Ona görə də, bu cür sərsəm və məntiqsiz açıqlamalar fonunda Azərbaycan heç vaxt Ermənistanla sülhə getməyəcək. Çünki erməni tərəfindən irəli sürülən bu şərtlər Azərbaycana qarşı ərazi iddiasının yeni bir formasıdır.

- Buna qarşı Azərbaycanın əsas arqumentləri necə ola bilər?

- Ermənistanın bu davranışları fonunda Azərbaycan 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin sərhədləri çərçivəsində ərazilərin delimitasiyasını təklif edəcək. 1920-ci ildə Versal sülh sistemində Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti tamam fərqli idi. İndiki Ermənistan, yəni 29,8 min kv km-lik ərazinin 20 min kv km-i Azərbaycan ərazisi kimi təsbit edilmişdi. Ermənitsan həmin sülh sistemində 9 min kv km-lik bir ərazidə tanınıb. Eyni zamanda Ermənistanın müstəqillik haqqında konstitusiya aktında o özünü 1918-1920-ci illərdəki erməni dövlətinin varisi elan edib. Bu da bir daha Azərbaycan ərazisi olan 20 min kv km-lik böyük bir ərazinin Ermənistana aid olmadığını ifadə edir. Azərbaycan məhz bu arqumentləri gündəmdə saxlamalıdır. Qazaxın 7-i və Kərki kəndi ilə yanaşı, Versal sülh sistemində qəbul edilən və Azərbaycanın tarixi ərazisi kimi dövlət sərhədləri çərçivəsində təsbit olunan ərazilər daxilində iddialarımız ortaya qoyulmalıdır. Kapitulyasiyaya imza atmış ölkənin nazı ilə oynamaq yersizdir. Buna son qoyulmalıdır.

- Bakının bu yanaşmalar fonunda sülh danışıqlarından imtinası gözlənilirmi?

- Bu qaçılmaz ola bilər. Azərbaycanın sülh danışıqlarından imtina edərək, daha ciddi şəkildə öz tələblərini ortaya qoyması da mümkündür.

- Almatı razılaşması ətrafında Paşinyan manipulasiya edir. Bu razılaşma ilə bağlı Ermənistanın israrlı davranışı nə ilə bağlıdır?

- Bu razılaşma heç bir ciddi əsasa malik deyil. Erməni tərəfinin bununla bağlı israrı heç bir fakta və məntiqə əsaslanmır. Almatı razılaşmasında guya hansısa bir qeydin olması ilə bağlı heç bir fakt odur. Sadəcə 1991-ci ildəki reallığa uyğun məsələlər var. Hətta 1974-cü ilə aid xəritələr əsasında sərhədlərin müəyyənləşməsindən də bəhs edilir. 1974-cü ilə qədər və ondan sonrakı illər siyasi yanaşmalar fərqli idi. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən ermənilərin iddialarının qarşısı qətiyyətlə alınmışdı. Ona görə də, indiki halda erməni tərəfinin iddialarının heç bir əsası yoxdur. Fakt odur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirir. Beləliklə situasiya gərginləşir və bunun fonunda hansısa bir sülh sazişi imzalamaq qeyri-real görünür. Onlar ümid edirlər ki, kimlərsə gəlib onların əvəzinə döyüşüb Azərbaycan əraziləri onlara verəcək. Bu yanlış iddiadır. Əslində bu Ermənistanı fəlakətə aparan xətdir.


Müəllif: Tapdıq Qurbanlı