"Azərbaycanda keçirilən Qazaxıstan Mədəniyyət Günləri və gələn il Qazaxıstanda keçirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri iki ölkə arasında mədəni-humanitar əlaqələrə yeni təkan verəcək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balabayeva jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmək istəyirəm. Xalqlarımızın tarixi köklərə bağlı olduğunu nəzərə alaraq, biz həmişə bir-birimizin qələbələrinə sevinmişik, çətin anlarda həmrəy olmuşuq. Bu gün dil və mədəni yaxınlığımız əlaqələri bütün sahələrdə inkişaf etdirməyə imkan verir. İndi prezidentlərimizin razılaşmalarına əsasən, Azərbaycanda Qazaxıstanın Mədəniyyət Günləri keçirilir, gələn il isə Qazaxıstanda Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək”.
Nazir qeyd edib ki, Bakıda keçiriləcək qala-konsertdə Qazaxıstanın ən yaxşı qrupları və ifaçıları çıxış edəcəklər.
“Ümumiyyətlə, bu günlər xalqlarımızın bir-birini daha da yaxından tanımasına, bədii kollektivlərin əlaqələrinin qurulmasına imkan yaradıb”, - A.Balabayeva deyib. O həmçinin Azərbaycan Prezidentinin Administrasiyasında və mədəniyyət naziri Adil Kərimli ilə keçirilən görüşləri də diqqətə çatdırıb.
“Həmkarımla görüşdə biz konkret əməkdaşlıq planını, özü də təkcə mədəniyyət və media forumlarının keçirilməsini deyil, həm də muzey və kitabxana sahəsində təcrübə mübadiləsini, teatr, kino və s. sahəsində əlaqələri müzakirə etdik. Əminəm ki, gələn ildən mədəni-humanitar sahədə yaradıcılıq işlərinə başlanılacaq”, - Qazaxıstanın mədəniyyət naziri bildirib.
Daha sonra Heydər Əliyev Mərkəzində Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert baş tutub.
Konsertdən əvvəl mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel qazax mədəniyyətini özündə əks etdirən sərgi ilə tanış olublar.
Daha sonra qala konsert proqramı təqdim edilib.