5 Dekabr 2023 16:15
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müzakirə etdikləri məsələlər açıqlanıb.

Azərbaycan XİN-dən Teleqraf.com-a bildirilib ki, dekabrın 5-də C.Bayramov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində S.Lavrovla görüşüb.

Görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

13:59

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyini təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illərə aid ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi təsdiqlənib”, - məlumatda bildirilib.

Rusiya XİN bildirib ki, ikitərəfli münasibətlərin aktual məsələlərinə - Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlara toxunulub: “Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”.

***

11:25

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilir.

Xatırladaq ki, C.Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçiriləcək iclasında iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər