9 Dekabr 2023 20:26
5 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər etdi. Bir müddət öncə ölkəmizə qarşı absurd iddialarla çıxış edən şəxsin Bakıya gəlişi, bunun üçün ABŞ Dövlət katibi səviyyəsində Azərbaycan Prezidentindən edilən xahiş nəyə hesablanmışdı?

- Artıq həmin şəxs Bakıya gəldi və Azərbaycan Prezidentinin qəbulunda oldu. Burada müəyyən məsələlərin müzakirə edilməsi şübhəsizdir. Amma ümumilikdə bu səfərin, aparılan danışıqların mahiyyətini və nəticəsini başa düşmək üçün vaxt lazımdır. Amma Azərbaycanın öz haqlı mövqeyindən dönəcəyi inandırıcı deyil. Çünki O’Braynın sərgilədiyi mövqe ziddiyyətli idi. Onun bəyanatları heç bir məntiqə əsaslanmırdı. Burada müxtəlif şərhlər ola bilər. Məntiq və təcrübə onun göstərir ki, məsələlər heç də göründüyü kimi deyil.

- Görünən odur ki, Azərbaycan Qərbin vasitəçilik müstəvisində mövqeyinə inanmır. İkitərəfli və yaxud başqa platformada müzakirələrin perspektivini necə görürsünüz?

- Burada başlıca bir fakt odur ki, hazırkı mərhələdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçilər yoxdur. Rəsmi olaraq hansısa bir tərəf vasitəçi kimi qəbul olunmayıb. Bəzi qüvvələr vasitəçi ola bilər. Azərbaycan tərəfi bunları vasitəçi kimi deyil, sadəcə olaraq sülh prosesinin yardımçısı olaraq dəyərləndirir. Ona görə də, müxtəlif görüşlərin çərçivəsi və danışıqlar hələ vasitəçilik etmək demək deyil.

- Amma prosesdə 30 ilə yaxın Minsk Qrupu vasitəçi kimi çıxış edib...

- Vaxtilə rəsmi olaraq vasitəçi olaraq ATƏT-in Minsk Qrupu formalaşdırılmışdı. Amma hazırda bu cür vasitəçilik yoxdur. Təkliflər var. İran və digərləri də istəyini bildirir.

- Azərbaycan vasitəçilik təkliflərinə nə vaxt “hə” deyə bilər?

- Rəsmi Bakı təklif edir ki, Ermənistanla danışıqlar vasitəçisiz olsun. Azərbaycan erməni tərəfi ilə görüşlərə hansısa yardımçıya ehtiyacın olmadığı qənaətindədir. Ermənistan isə kiminsə bu prosesdə onun yanında olmasını istəyir. Bu onların köhnə arzusu ilə bağlıdır. Azərbaycana vasitəçi lazım deyil. Ona görə də, vasitəçi terminindən ehtiyyatla istifadə edilir.

- Bir müddətə öncə Ermənistan parlamentinin spikeri Azərbaycana qarşı absurd olaraq 31 kənd iddiası irəli sürmüşdü. Belə olan halda ikitərəfli formatda danışıqların nə dərəcədə effektiv olacağını düşünürsünüz?

- Ermənilər bundan öncə də hansısa məsələlərin müzakirəsindən imtina edirdilər. Sonra Azərbaycan bu və ya digər məsələləri özü həll etdi. Bununla bağlı təcrübə var. Sadəcə olaraq onlar təzədən bu üslubu sınaqdan keçirmək istəyir. Bu sözsüz ki, onların seçimidir. Faktiki olaraq isə sülh prosesinin təşəbbüskarı Azərbaycandır. Görünür ki, qarşı tərəf məcburi olaraq buna hansısa formada reaksiya verir. Hətta təkliflərin cavabını 70 gündən sonra Bakıya çatdırmalı olurlar. Ona görə də, ermənilərin sülh prosesinə yanaşması heç kəsdə şübhə yaratmır. Amma buradan Azərbaycan üçün heç bir yanlış ümidlər yoxdur.

- Erməni tərəfi danışıqlarda nəyə ümid edir?

- İrəvan kimlərinsə gəlib onların əvəzinə burada iş görəcəyinə ümid bəsləyir. Əslində Prezident İlham Əliyev bu məsələyə də bir qədər ironik da olsa cavab verdi. Bildirdi ki, Azərbaycanın özü olmadan onu kiminləsə evləndirmək istəyirlər. Azərbaycan məhz o paytaxtda danışıqlara qatılacaq ki, təklif olunan yanaşma balanslı və ədalətli olsun. Digər danışıqlar formatı Azərbaycan üçün cəlbedici olmayacaq. Bakıya bununla bağlı hansısa təsir üçün heç bir əsas yoxdur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər