Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Avropa Birliyi Sülh Fondu vasitəsilə Ermənistana müdafiə silahları göndərəcək. Bir tərəfdən vasitəçi olmaq istəyən, digər yandan sülhün önəmindən danışan Avropa Birliyinin eyni zamanda Ermənistanı silahlandırma səylərini necə izah etmək olar? Yeri gəlmişkən, Avropa Birliyinin baş diplomatı Jozef Borrel də son çıxışında Ermənistanın gücləndirilməsindən danışıb.
- Əlbəttə, Ermənistanı Azərbaycana qarşı gücləndirməyə çalışırlar. Hər halda Azərbaycan tərəfi bu addımları belə qəbul edir. Guya Avropa Birliyi Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsini istəyir. Bizə məlumdur ki, indi Ermənistanın təhlükəsizliyinin əsas qarantı Rusiyadır. Avropa Birliyi Ermənistanın təhlükəsizliyini gücləndirməklə tədricən bu ölkənin Rusiyadan asılılığını azaltmaq istəyir. Yəni təhlükəsizlik baxımından daha çox Avropaya bağlamağa çalışırlar. Məqsəd bunlardan ibarət ola bilər.
Bütün hallarda Ermənistanın qeyri-regional qüvvələrin hərbi təsir dairəsinə çevrilir. Bu da regionda vəziyyəti gərginləşdirir. Çünki Ermənistan bu durumda qeyri-regional aktorlardan asılı olmağa başlayır və onların diktəsi ilə müəyyən işləri görür. Ermənistanın bu siyasəti regiondakı gərginliyin saxlanılmasına xidmət edir.
- Borrel onu da bildirdi ki, Avropa Birliyi Ermənistandakı mülki missiyasının sayını artıracaq. Sizcə, bu missiyanın işi, fəaliyyəti nədən ibarətdir, altında hansı plan və ya məqsədlər yatır?
- Missiya şərti sərhəddə yerləşdirilib. Hələlik sərhəd müəyyən deyil, delimitasiya və demarkasiya başlamayıb. Amma ilk addımlar atılıb. Çox güman ki, Avropa Birliyi bu prosesin öz müşayiəti ilə aparılmasını istəyir. Düzdür, Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının son görüşü ikitərəfli baş tutdu, müəyyən məsələlər razılaşdırıldı, amma hiss olunur ki, bu, sadə proses olmayacaq. Bu prosesdə Ermənistanın arxasında Avropa Birliyi dayanacaq və ona müəyyən məsləhətlər veriləcək.
Avropa Birliyinin missiyası ilə bağlı başqa fərziyyələr də var. Bunlardan birinə görə, bu, müşahidə yox, kəşfiyyat missiyasıdır. Çünki bu missiyanın məqsədlərindən biri də, kəşfiyyat məlumatları toplamaq və Avropa mərkəzlərinə ötürməkdir. Digər yandan, Ermənistan bu missiyaya status verməyə çalışır. Bu status da həmin missiyanın funksiyalarını müəyyən etməlidir. Hələlik bu məsələ söz-söhbət səviyyəsindədir. Yəqin tərəflər müzakirə aparacaqlar ki, bu status nələrdən ibarət olacaq.
- Bölgə ölkələrinin - Ermənistan və Gürcüstanın Avropa Birliyinə üzv olmaq cəhdləri nə ilə nəticələnəcək? Hər ikisi istəkli görünür.
- Gürcüstana Avropa Birliyi üzvlüyünə namizəd statusunun verilməsi gözlənilir. Belə bir statusun verilməsi mümkündür. Beləliklə, Gürcüstan üzvlük üçün konkret addımlar atmağa başlayacaq. Demək olar ki, bu, artıq həll olunmuş məsələdir.
Ermənistana gəlincə, Avropa Birliyi üzvü olması üçün ən azı buna namizəd olmalıdır. Namizəd olması üçün Avrasiya İqtisadi Birliyindən çıxmalıdır. Çünki Avrasiya İqtisadi Birliyinin də şərtləri var. Ermənistan bir inteqrasiya ittifaqı olan Avrasiya İqtisadi Birliyindən çıxmadan digər inteqrasiya ittifaqına - Avropa Birliyinə üzv ola bilməz. Belə bir durumda mümkün deyil, real görünmür. Bu aydan Ermənistan Avrasiya İqtisadi Birliyinin dönəm sədri olacaq. Bu da Ermənistanın ziddiyyətli siyasətindən xəbər verir.
Ermənistan rəhbərliyinin istəkləri var, amma bunlar xəyallar səviyyəsindədir. Bu istəklərin reallaşması üçün konkret addımlar atılmalıdır, bunları da ata bilmirlər. Bir sözlə, Gürcüstanın Avropa Birliyi istiqamətində addımlar atacağı daha real görünür, Ermənistanla bağlı olanlar isə siyasi ritorikadan başqa bir şey deyil.
- Münaqişə və işğaldan əziyyət çəkən Gürcüstan Avropa Birliyinə necə üzv olacaq? Belə təəssürat yaranır ki, gürcülər işğal altındakı ərazilərindən - Abxaziya və Cənubi Osetiyadan imtina edərək Avropaya gedirlər.
- Hələlik Gürcüstan namizədlik statusu almayıb, bunu aldıqdan sonra üzvlüklə bağlı real danışıqlar və proses başlayacaq. Təcrübə göstərir ki, belə danışıqlar uzunmüddətli proses olur. Gürcüstan düşünür ki, bu müddətdə ərazi məsələsinin həlli ilə bağlı müəyyən formul tapılacaq. Buna görə də, hazırda gündəmdə bu məsələ yoxdur. Hər şey geosiyasi proseslərdən, xüsusən də Rusiya-Ukrayna müharibəsi və onun təsirlərindən asılıdır. Düşünmürəm ki, Gürcüstan rəhbərliyi indiki məqamda Abxaziya və Cənubi Osetiya ilə bağlı hansısa qərar verib, yaxud buna hazırlaşır. Sadəcə anlayırlar ki, həm Avropa Birliyinə üzvlük danışıqları, həm də bu ərazilərin azad edilməsi uzun çəkə bilər. Yəqin düşünürlər ki, zaman bu məsələlərin həllini yetişdirəcək.
- Ermənistan rəsmiləri iddia edirlər ki, sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan separatçıları ətraflarında toplamağa çalışırlar. Sizcə, bunda məqsədləri nə ola bilər?
- Görünür, müxalifət köhnə gündəmi yenidən başqa formada dirçəltmək istəyir. Bu, onlar üçün yeni bir şey deyil, vaxtilə bu kartdan istifadə edərək hakimiyyətə gəlmişdilər. İndi bundan yenə də hakimiyyəti ələ keçirmək üçün yararlanmağa çalışırlar. Separatçılar onlar üçün məqsədlərinə çatmaq üçün siyasi resurs deməkdir. Bu resursdan da indiki hakimiyyətə təzyiq kimi istifadə etmək istəyirlər.
- Ermənistanda ehtimal olunan erkən parlament seçkilərində sürpriz ola bilərmi? Ermənistanın ictimai-siyasi gündəmində Baş nazir Nikol Paşinyanın reytinqinin o qədər də yüksək olmadığına dair fikir var.
- Məsələ budur ki, Paşinyanla müqayisədə müxalifətin reytinqi də çox aşağıdır. Hətta müxalifət İrəvanda mer seçkilərində uduzdu, aciz qaldı, öz namizədini irəli çəkə bilmədi. Hakimiyyət zəifləyə bilər, amma müxalifət ondan da zəifdir. Bütün hallarda Paşinyan daha şanslı görünür. Digər yandan, Paşinyan yeni siyasi gündəm formalaşdırmağa çalışır ki, müxalifət üçün yer olmasın. Sülh müqaviləsi imzalansa və bütün əsas məsələlər həllini tapsa, revanşistlərin və radikal müxaliflərin istəkləri necə gerçəkləşə bilər? Danışıqlar bitəcəksə, hər şey yerbəyer olacaqsa, onlar bu prosesi necə pozacaqlar?
Paşinyan sülh müqaviləsini imzalamaq üçün tələsir ki, Ermənistanda yeni siyasi gündəm formalaşsın. Paşinyan bu məqsədlə onda da maraqlıdır ki, bölgədəki yollar və kommunikasiyalar da açılsın. Paşinyan Ermənistanın siyasi gündəmini o həddə dəyişdirmək və ona təsir etmək istəyir ki, ölkədaxili siyasi səhnənin tam transformasiyası üçün zəmin yaransın. Paşinyan bununla müxalifətə yer qalmayacağını düşünür. Bütün bu söz-söhbətlər müxalifətə müəyyən üstünlük qazandıra bilər, amma onlar həm texniki, həm də strateji olaraq uduzublar.