15 Dekabr 2023 09:05
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, kommunikasiyaların açılması ilə bağlı Avropa Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ardıcıl açıqlamalar verir. Azərbaycanla Ermənistan arasında son razılaşmalar fonunda sülh perosesinə keçidin mümkünlüyünü necə dəyərləndirirsiniz?

- Bu, heç də Şarl Mişelin birdən-birə ağıllı fikirlər deməsi deyil. Sadəcə olaraq bölgədə vəziyyət dəyişib. Bu vəziyyət bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri Prezident İlham Əliyevlə görüşündə kommunikasiya xətlərinin, yəni dəmir və şose yollunun İrandan çəkilməsinin mümkünlüyü açıqlandıqdan sonra dəyişdi. Sözsüz ki, İran da buna razılıq verdi. Əvvəl digər maraqlı tərəflər buna elə də inandırıcı yanaşmırdı. Nəhayət, Azərbaycan İranla Araz çayı üzərində Ağbənd-Mincivan yaxınlığında rəsmi şəkildə körpünün təməli qoyuldu. Məhz bundan sonra Azərbaycanla İranın bu məsələdə razılaşdığına əmin oldular. Beləliklə, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirən yollar İran ərazisində çəkilməsi ehtimalları reallığa çevrildi. Ermənistan növbəti dəfə bölgədəki layihələrdən kənarda qalacağını anlamağa başladı. Bununla rəsmi İrəvanın təcrid və blokada vəziyyəti davam etmiş olacaq. Ondan sonra Ermənistanın siyasi rəhbərləri tez-tələsik elan verdilər ki, onlar Zəngəzur dəhlizinin əleyhinə deyillər. Meğridən dəmir və şose yolunun çəkilməsini də istəyirlər və s açıqlamalar verməyə başladılar. Yalnız bundan sonra Avropa Şurasının rəhbərləri Meğridən yolun çəkilməsinə, Azərbaycanın Naxçıvan anklavı ilə birləşməsinə razılıq verməli oldular.

- Artıq Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan ilk addım atıldı. Üçüncü tərəf olmadan ölkələrin bundan sonrakı prosesdə irəliləyəcəyi nə dərəcədə ümidvericidir?

- Yavaş-yavaş tərəflər qarşılıqlı anlaşma şəraitində addımlayırlar. Prosesin asta getməsi hər iki tərəfin şüurunda qarşılıqlı inamsızlıq təsəvvürləri ilə bağlıdır. Bu təsəvvürləri üstələyib addımlamaq mümkün olacaq. Şübhə yoxdur ki, prosesin məhz bu kontekstdə irəliləməsi 2024-cü ildə sülh müqaviləsinin imzalanması ilə bitəcək. Bunun ardınca kommunikasiya xəttləri çəkiləcək. Artıq Horadiz-Mincivan yolunda işlərin 45 faizi icra edilib. Qalan işlərin 2025-ci ildə bitəcəyi gözlənilir. Bu vaxta qədər isə Meğri yolu çəkiləcək və bunun ardınca həmin xətt boyu dəmir yolu da inşa ediləcək. İranla açılan avtomobil yoluna paralel buradan da dəmir yolunun çəkilməsi mümkün ola bilər. Bu gələcəyin işidir. Trans-Xəzər dəmir yolu layihəsi diqqət mərkəzindədir. Dövlət başçıları bu dəmir yolunun çəkilişinə böyük əhəmiyyət verir. Çin də bu yolun çəkilməsinə böyük maraq göstərir. Belə olan halda Ermənistan da Zəngəzur dəhlizindən daha çox yüklərin keçidində maraqlı olaraq özünün tranzit imkanları ilə iqtisadi vəziyyətinin yaxşılaşmasına çalışacaq.

- Ermənistan tərəfi növbəti dəfə qısa zamanda sülhün əldə olunmasından danışıb. Necə düşünürsünüz bu, ortada kifayət qədər həll edilməmiş məsələlərin qalması fonunda bu nə dərəcədə real görünür?

- Sülh demək olar ki, indi də var. Tərəflər döyüşmürsə bu sülh deməkdir. Sadəcə olaraq rəsmiləşməyib. Hətta “bu yaxınlarda müharibə başlayacağı” ilə bağlı bəyanatlar səslənmir. Gələcəkdə isə hər hansı bir müqavilənin kağızda əks olunması heç də sülhün bərqərar olması demək deyil. Vaxtilə Sovet İttifaqı ilə Almaniya arasında qarşılıqlı olaraq hücum etməmək haqqında öhdəlik var idi. Amma bu müqavilə müharibənin başlamasına maneə olmadı. Ona görə də, sülhün əldə olunması fonunda yaranacaq mühit daha önəmlidir. Çünki belə bir mühit olsa müharibəyə başlamaq heç kəsin ağlına gəlməyəcək.

- Bakı və İrəvanın sülhlə bağlı yanaşmalarındakı əsas fərqlər nədən ibarətdir?

- Sülh müqaviləsi burada rəmzi məna daşıyır. Bu o deməkdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Artıq Qarabağ azad edilib. Azərbaycanın üzərində hər hansı bir öhdəlik yoxdur ki, filan vaxta qədər sülh müqaviləsi bağlasın. Hazırda Azərbaycanın əsas qayğısı Qarabağın bərpası ilə bağlıdır. Əraziləri minalardan təmizləmək, insanlar üçün evlər tikmək və onları geri qaytarmaq əsas vəzifədir. Ermənistan isə Rusiyanın ifrat təsirindən qurtulıub Qərblə istədiyi kimi davranmaq niyyətindədir. Bununla da rəsmi İrəvan Qərbdən daha çox pul qoparmağı hədəfləyib.


Müəllif: Tapdıq Qurbanlı