29 Yanvar 21:36
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Azərbaycan xalqı Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndərimiz Heydər Əliyevə borcludur. Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər siyasətinin institutlaşdırılması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. O, hər dəfə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir.1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gənc nəslə göstərdiyi diqqət zaman keçdikcə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Hələ ötən əsrin 1970-1980-ci illərində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində mövcud olmuş bir çox ənənələr kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu, böyük xoşbəxtlikdir ki, indiki gənclər müstəqillik dövründə yaşayır, formalaşır. Bəzi hallarda indiki gənclərin ağlına da gəlməz ki, vaxtı ilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər vardı, azadlıqlar yox idi. Sərbəst fikir söyləmək mövcud deyildi. Bizim bu gün xoşbəxtliyimiz ondadır ki, müstəqil və azad bir ölkədə yaşayırıq. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Cənab Prezident gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Ölkə başçısı 2007-ci ili “Gənclər ili”, 2020-ci ili “Könüllülər ili” elan etmişdir. Bu mühüm təşəbbüslər gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarının təbliğ etməsinə səbəb olmuşdur. Bundan əlavə 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Cənab Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri oldu.1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət yetirir. Məhz bu səbəbdən gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bu gün qürurla qeyd edirik ki, bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərirlər. Tarixi missiyanı həyata keçirən Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Təbii ki, bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Müharibə zamanı gedən informasiya müharibəsində də gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və Azərbaycan bu istiqamətdə də qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da könüllü olaraq, öz təşəbbüsləri ilə qoşuldular. Azərbaycan gənci artıq iki aya yaxın müddətdir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, şüarları ilə milli maraqlarımızı müdafiə edir, bununla yanaşı, Azərbaycanın haqq səsini dünyaya çatdırır. Bəli, bu gün gənclərimiz milli və dövlət maraqları məsələsində birləşməyi də, mübarizə aparmağı da bacarır. Erməni separatçılar və onlara havadarlıq edənlərin qarşısında öz sərvətinə, torpağına, Vətəninə sahib çıxmağı bacaran Azərbaycan gəncləri var.

Ötən müddət ərzində dövlət başçısı İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən çox mühüm Dövlət Proqramları təsdiq edilmişdir. Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlib. Cənab Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamla tələbə və doktorantların təqaüdlərinin artırılması gənclərə olan qayğının göstəricisidir. Belə ki, 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. Həmçinin dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüd məbləğləri çoxaldılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Bu gün qürurla qeyd etmək olar ki, milli mənəvi dəyərlərimizi qoruyub yaşadan müasir Azərbaycan gəncləri müstəqil dövlətimizin bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını nümayiş etdirirlər.

Gənclər Günü münasibətilə ölkə gəncliyini, xalqımıza dünya miqyasında üz ağlığı gətirən idmançılarımızı, yaradıcı gənclərimizi, xüsusən, milyonlarla soydaşımıza sevindirən Vətən qarısında misilsiz xidmətlər göstərmiş Azərbaycan Ordusunun əsgərlərini təbrik edirik! Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.

Haqlı olaraq Azərbaycan gənci fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər