ABŞ-nin Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil etməsi tamam başqa məqsədlərə xidmət edir. Qərb platformasında belə məntiqsiz proqnozların intensiv şəkildə irəli sürülməsi gərginlik ab-havasının yaradılmasından ibarətdir. Azərbaycanın Ermənistana hücum edəcəyi kontekstində təqdim edilən bu cür məlumatlar sadəcə olaraq diqqəti bölgəyə yönəltməyə hesablanıb.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, ABŞ-də olan bu cür yanaşmalar heç də inandırıcı deyil:
“Amerika mütəxəssislərinin, ekspertlərinin verdiyi proqnozlar heç də düzgün çıxmır. İndiki halda Azərbaycanla Ermənistan arasında Amerika mütəxəssislərinin dediyi kimi hər hansı hərbi qarşıdurma ehtimalı çox azdır. Ermənistan tərəfindən belə bir müharibənin başlaması qeyri-mümkündür. Çünki ölkə müharibədə məğlub olub və yenidən belə qısa zamanda özünə gəlməsi real deyil. Azərbaycanın bütün imkanları olsa da Bakıya müharibənin hansı halda lazım olması məsələsi əsasdır. Müharibə aparmaq, yenidən hərbi qarşdurmaya getmək Azərbaycana lazım deyil. Bakı istədiyinə nail olub. Qarabağ azad edilib, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib”.
Politoloq hazırda Bakı ilə İrəvan arasında danışıqların getdiyinə diqqət çəkib:
“Yəqin ki, Amerikada oturan və bu bölgə ilə bağlı rəylər hazırlayanlar real müstəvidə olanlardan xəbərsizdir. Hazırda tərəflər zəruri müstəvidə dialoq qurub. Bakının tələbi ilə Ermənistan konstitusiyasında və digər qanunvercilik aktlarında dəyişikliklərin edilməsi gözlənilir. Bütün bunlar olduğu halda yeni hərbi qarşıdurma ehtimalından danışmaq yersizdir”.
Zərdüşt Əlizadə Azərbaycanın anklav və qeyri-anklav kəndləri ilə bağlı olan məsələnin həllinin asan olacağını söyləyib:
“Hazırda tərəflər arasında delimitasiya komissiyası işə başlayıb. Mütəmadi olaraq tərəflər görüşür, danışırlar. Sərhədlərlə bağlı müxtəlif sənədlər ortaya qoyulub. Zəngəzur dəhlizi ilə bağlı olan məsələ isə qlobal müstəvidə gündəmdədir. Çin Orta Dəhliz konsepsiyasında bu xəttin açılmasında maraqlıdır. ABŞ isə Çinin burada mövqeyinin güclənməsinə görə, prosesə mümkün qədər əngəl olur. Bu məsələ də zaman etibarı ilə həllini tapacaq”.