10 Fevral 20:02
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi Prezident seçkilərində qələbə münasibətilə təbrik edib. O, həmçinin Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpası ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Ölkəmizin başçısı Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini ifadə edib. Sözsüz ki, Azərbaycan üçün hansısa platformanın olması önəmli deyil. Burada başlıca prinsip sülh müqaviləsinin imzalanmasıdır.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

“Azərbaycan bu platformadan imtina etsə, Avropa Şurası, AŞPA yenidən hay-küy salacaq ki, biz düzgün qərar qəbul etmişdik, amma Bakı sülh istəmir. Ona görə də, Brüsseldə yenidən danışıqların başlanmasında heç bir problem yoxdur. Əslində Vaşinqton, Brüssel, Moskva platformalarının heç biri üstünlüyə malik deyil”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, təklif edilən platformaların istənilən birində çərçivə sülh sazişinin imzalanması əsas şərtdir:

“Azərbaycan buna hazırdır. Ötən gün Nikol Paşinyan da açıqlama verib ki, əkilmiş turpu çıxarmalıyıq. Yəni iki millət arasına salınmış nifaq aradan qaldırılmalıdır. Təbii ki, Ermənistan, Rusiya və İranda müəyyən qüvvələr sülhün olmasını istəmir. Ümumiyyətlə Cənubi Qafqazda sülh olmasını arzulamırlar. ABŞ isə regiona daxil ola bilmir. Öz növbəsində Rusiya da bölgəni tərk etmək istəmir. Ona görə də, Azərbaycanla Ermənistan arasında sülh sazişi dalana dirənib. Brüssel platformasında indiki halda danışıqların başlaması müsbət tendensiyalara yol aça bilər. Görünən odur ki, Avropa ABŞ-dən asılı olmayan siyasət yürütmək istəyir. Avropa İttifaqı da başa düşür ki, Amerika onları öz arxasınca bataqlığa sürükləyir. Belə olan halda Avropa İttifaqının dağılması təhlükəsi yarana bilər”.

Cümşüd Nuriyev hazırda Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı aparılan müzakirələrdən bəhs edib:

“Sülh müqaviləsinə Ermənistanda mövcud olan qanunlar mane ola bilməz. Çünki hər bir ölkənin qanunları onun sərhədində bitir. Ölkələrarası məsələlərdə artıq beynəlxalq hüququn gücü işə düşür. Burada BMT Nizamnaməsi və digər paktlar əsas götürülür. Dövlətlərin qoşulduğu beynəlxalq müqavilələrə ölkələrin konstitusiyası maneə ola bilməz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər