Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi" fikrini səsləndirməsi ilə hələ də torpaq iddiasında olduqlarını nümayiş etdirir. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı torpaq iddiasından əl çəkmədiyini dolayı yolla sübut edir.
Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, Paşinyan bu kimi sərsəm fikirləri vaxtaşırı olaraq səsləndirir: “Erməni baş nazirin fikirləri həm də onu göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün ona mümkün təzyiqlər edilməlidir. Məhz bu kontekstdə beynəlxalq birliyin təzyiqi mühüm əhəmiyyət kəsb edir”.
Partiya sədri hesab edir ki, Paşinyanın açıqlamalarının heç bir əsası yoxdur:
“O, daha çox bir-biri ilə ziddiyət təşkil edən fikirlər səsləndirir. Sadəcə Ermənistan daxilindəki hərbi canilərdən, diaspordan qorxur. Ona görə də, sülh istiqamətində hər hansı addım atmaqda cəsarət göstərmir. Əslində onun bugünkü açıqlamaları erməni diasporuna ünvanlanıb. Belə həmlələrlə Paşinyan erməni diasporunu, seçicilərini aldadır”.
Asim Mollazadə Münxendə baş tutan üçtərəfli və ikitərəfli görüşlərin nəticəsi olaraq sülhlə bağlı verilən təlimatlara diqqət çəkib:
“Əslində Paşinyanın bu müstəvidə olan mövqeyinə inanmaq olmaz. O vaxtilə Vaşinqton, Brüssel, Moskvada eyni mövqeni sərgiləyib. Xarici İşlər Nazirliyi vasitəsi ilə sülh istiqamətində addımların atılması barədə təlimatların verildiyini açıqlayıb. Azərbaycan sülh prosesinə sadiqdir. Bakı ikitərəfli qaydada sülh müqaviləsi imzalayıb, məsələni bitirmək istəyir. Amma erməni tərəfi oyunlarından əl çəkmir”.