21 Fevral 18:48
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda keçirilən prezident seçkilərində parlaq qələbə qazanan cənab İlham Əliyev ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Bu fakt bir daha sarsılmaz birliyimizi nümayiş etdirir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllər əsasında qurulub. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim güclənir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevi beşinci dəfə Azərbaycanın Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edib və ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyduğunu vurğulayıb. Ötən il də cənab Ərdoğanın yenidən Türkiyənin Prezidenti seçilməsini Azərbaycan xalqı çox böyük sevinclə qarşılamışdı.

Ərdoğanı ilk olaraq qələbə münasibətilə Prezidentimiz İlham Əliyev təbrik etmişdi. Çünki məhz Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə münasibətlərimiz daha inkişaf edib, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəsmi səfəri zamanı dövlət başçıları təkbətək və geniştərkibli görüşlərində münasibətlərimizin mövcud durumu və gələcək inkişafı haqqında geniş müzakirələr aparıblar.

Prezidentlərin mətbuata bəyanatlarında vurğulandığı kimi əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Dövlət başçılarının görüşündə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olunub. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirib.

Dövlət başçılarının mətbuata bəyanatında Türk Dövlətləri Təşkilatının fəaliyyəti vurğulanıb, türk dünyasının birliyinin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Bu baxımdan, bu ilin iyul ayında TDT-nin fövqəladə Zirvə görüşünün Şuşada keçirləcəyinin bəyan edilməsi olduqca qürurvericidir. Eyni zamanda, səfər çərçivəsində imzalanmış sənədlər də əlaqələrin inkişafında önəmli rol oynayacaq. Bu baxımdan, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” təhsil sahəsində əməkdaşlığı da əhəmiyyətli dərəcədə gücləndirəcək.
“Bugünkü münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycanla Türkiyə hər zaman bir birinin yanındadır. Xalqımız 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini heç vaxt unutmur və unutmayacaq. Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərində dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, toplumlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Şübhəsiz ki, Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasında sarsılmaz birliyimizin daha da güclənməsi baxımından böyük önəm kəsb edir”, - deyə Fatma Yıldırım vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər