Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almaniyada görüşəcəklər. Bu görüşdən gözləntiniz necədir? Berlin prosesə vasitəçi kimi daxil olurmu? Bu, artıq onun vasitəçiliyi ilə ikinci görüş olacaq.
- Bundan əvvəl Brüssel və Vaşinqton platformaları vardı, amma uğurlu olmadılar. Ona görə də, Berlin məsələsini proqnozlaşdırmaq bir qədər çətindir. Çünki ermənilərdə siyasət deyilən bir şey yoxdur, onlara nə tapşırıq verilir, onu da icra edirlər. Amma indi Almaniya bu işə müdaxilə edib, ola bilər ki, Berlindəki görüşdə hansısa razılıq olsun. Çünki Ermənistan baş naziri, parlament sədri, xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibi bəyan ediblər ki, Azərbaycanla sülh üzrə çərçivə sazişi imzalamağa hazırdırlar. Bu baxımdan, ilkin razılaşma ola bilər, amma bunun imzalanıb-imzalanmayacağı sual altındadır.
- Almaniyanın artan fəallığı nə ilə əlaqəlidir? Xüsusən də Berlinin Cənubi Qafqazdan keçən dəhlizlərə maraq göstərməsi haqda məlumat var. Təsadüfi deyil ki, Kansler Olaf Şolz bundan əvvəl Cənubi Qafqazdan da keçən Orta dəhlizlə bağlı Orta Asiya liderləri ilə görüşmüşdü.
- Birmənalı şəkildə belədir. Ümumiyyətlə, başda Almaniya olmaqla, Avropa dövlətləri Rusiyadan ucuz xammal alışını dayandırdıqdan sonra iqtisadiyyatları gerilməyə başlayıb. Fransa, Niderland, Belçika, İspaniya da daxil olmaqla, çox ciddi problemlərlə üzləşiblər. Almaniya da Avropanın həm pul kisəsidir, həm də iqtisadi lokomotividir. Yəni Almaniyanın bu prosesə müdaxiləsi təsadüfi deyil.
Eyni zamanda, Fransada qarşıdan prezident seçkiləri gəlir, Makron seçilməyəcək. Fransanın həddindən artıq həyasızlığı ABŞ-nin xoşuna gəlmir. Hər halda dərin dövlət qərar verib ki, bu oyuna Almaniya müdaxilə eləsin. Almaniyanın fəallığı təsadüfi deyil, öz iqtisadi gücünü siyasi gücü ilə bir araya gətirmək istəyir.
- Sülhlə bağlı görüşün təyin edilməsinə baxmayaraq, Ermənistanın Hindistan və Fransa tərəfindən silahlandırılması, İrandan dəstək alması yeni müharibə iddialarını ön plana çəkir. Berlin görüşündən sonra gərginlik səngiyəcəkmi?
- Əslində, Ermənistanın müharibə etməyə gücü və fikri yoxdur. Sadəcə müəyyən qüvvələr Azərbaycanda qarışıqlıq yaratmaq üçün bu kimi yollara əl atırlar. Elə bilirlər ki, onlar istəyən kimi, Azərbaycan qarışacaq. Ermənistan yaxşı bilir ki, növbəti müharibəyə əl atsa, Azərbaycan ordusu bu dəfə gedib İrəvanda dayanacaq. Müharibə olmayacaq.
Fransa Ukraynanın imtina etdiyi silahları Ermənistana sırıyır, öz payını götürür. Həmçinin Zelenski İrəvana gəlir, Ermənistan Rusiya silahlarını Ukraynaya verəcək. Amma Zelenski Azərbaycanın əleyhinə onları silahlandırmayacaq.
Ermənistanın KTMT-də də vəziyyəti ağırdır. Lukaşenko qabağa çıxıb dedi ki, Paşinyan hirslənibsə, su içsin, heç nə edə bilməyəcək, Azərbaycan bizim üçün əzizdir. Həmin KTMT-də müsəlman dövlətləri də var. Düzdür, Qazaxıstan xəyanət edir. Hələlik o müqavilənin şərtləri ilə tanış deyiləm, amma Qazaxıstan Ermənistanla strateji hərbi əməkdaşlıq sahəsində sazişi imzalayıb. Bu anlaşmaya görə, Ermənistana hücum olarsa, Qazaxıstan onu dəstəkləyəcək. Amma bu, Qazaxıstanın Ermənistanı müdafiəsi üçün deyil. Qazaxıstan Prezidenti Tokayev uzun müddət Çində səfir olub. Hesab edirəm ki, Çin təhlükəsizlik orqanları onu ələ alıb. Tokayev Turanın yaradılmasına mane olmaq üçün bu addımları atır.
Fransaya gəlincə, onun özü nə gündədir ki, Ermənistana hansı günü ağlasın?! Makron gedir. Avropa dövlətlərindən də kimsə gəlib, Ermənistana dəstək verməyəcək. Avropanı Ukraynada gördük. 20-dən çox dövlət Ukraynanın yanında oldu, buna rəğmən uduzdu. Ermənistan rəhbərliyi sadəcə daxili publikanı sakitləşdirmək üçün bu addımları atır. Bir sözlə, müharibənin olacağına inanmıram. Amma bəli, Ermənistan həyasızlıq edir.
- Ermənistanda KTMT-dən çıxma və Rusiyanın Gümrüdəki hərbi bazasının bağlanması məsələləri müzakirə olunur. Nikol Paşinyan bu prosesləri sona qədər apara bilərmi?
- Paşinyanın ağlı yoxdur. İstənilən beynəlxalq müqavilədən çıxmaq üçün dövlət 6 ay əvvəldən yazılı şəkildə müraciət edir, qarşı tərəfdən asılı olmadan birtərəfli qaydada çıxa bilər. Beynəlxalq hüquqda Paşinyanın bəyanatına fikir verilmir. Bəyan boş şeydir, qərar varsa, bəyanat bəri başdan verilməməlidir. Simonyan da bunu deyir, lağa qoyur. Lağa qoymaq lazım deyil, müraciət edirsən, sonra parlament qərar verir ki, filan vaxtı filan konvensiyadan çıxırıq. İndi Ermənistanda belə bir gedişat yoxdur. Olmayan bir şeydən danışmağa ehtiyac yoxdur, ermənilər nə deyirlərsə, özləri bilərlər.
Ermənistanın əsas hədəfi Rusiya sərhədçilərini “Zvartnos” hava limanından çıxarmaqdır ki, gələnləri ruslar qarşılamasınlar. Artıq Rusiyadan tapşırıq gəlib ki, Ermənistanda dövlət çevrilişi edilsin. Paşinyanı devirə bilərlər. Paşinyan da bunu bildiyi üçün müqavimət göstərir. Artıq NATO da bəyan edib ki, Rusiyanın növbəti hədəfi ya Gürcüstan, ya da Moldova olacaq. Bu, diqqəti əsas hədəfdən yayındıra bilər. Əgər Rusiyanın belə bir niyyəti varsa, Ermənistanı işğal edəcək, başqa heç yanı.
- Son gəlişmələr bizi hara aparacaq: sülh, ya müharibəyə?
- Ermənistan Azərbaycanla çərçivə sazişini imzalamaq məcburiyyətindədir. İlham Əliyevin mövqeyi çox güclüdür, obrazlı desək, onun qılıncının dalı da, qabağı da kəsir – həm dünya siyasəti, həm də Cənubi Qafqazda. Paşinyan bunu görür, digər ermənilər də bunu anlamalıdır. Vahe Qaribyan adlı bir erməni var, Ermənistanı məhkəməyə verir ki, Xocalı soyqırımını o törədib. Qaribyan bununla bağlı əlində hər cür sənədin olduğunu deyir. Azərbaycana da kömək üçün müraciət edib. Yəni pul istəyir ki, Ermənistanı məhkəməyə verir və bu cinayətlərini sübuta yetirəcək. Belə bir durumda ermənilərin Azərbaycana barmaq silkələməsi mümkünsüzdür.
Orta dəhlizə gəlincə, Zəngəzur xəttinin açılması ilə bağlı Ermənistana kənar təzyiqlər artıb. Paşinyanın özü bunu etmək istəmir, buna görə də, Azərbaycanı Zəngəzuru götürməsi üçün təxribata çəkməyə çalışır. O vaxt Şuşa ilə bağlı da bu oyunları oynayırdı, onda Azərbaycan üç ay dözdü. Hələlik təxribat bir aydır davam edir. Əgər Ermənistanın bu təxribatları ilə bağlı cavab tədbirləri görüləcəksə, bu, maydan tez baş verməyəcək. Buna ehtiyacın olacağını düşünmürəm, amma bu variant da var.
Sülh müqaviləsinə gəlincə, bunun imzalanması ehtimalı çox yüksəkdir. Çünki marta Rusiya, yayda Fransa, noyabrda da ABŞ-də seçilər olacaq, yəni bu ölkələrin başları özlərinə qarışıb. Sülh müqaviləsi imzalanmasa, yəni Cənubi Qafqazda sabitlik təmin edilməsə, Gürcüstan və Ermənistanın Rusiya tərəfindən işğalı ehtimalı daha da artacaq.
Sülh müqaviləsi imzalansa, Azərbaycan xarici siyasətində müəyyən dəyişiklik edə bilər. Bu olmasa, Azərbaycan yenə silahlanmağa və ya özünümüdafiəyə məcburdur. Bəlkə də, lazım gəlsə, Azərbaycan KTMT-yə də üzv ola bilər. Çünki Azərbaycanın öz dövlət və milli maraqları var, kimin nə fikirləşməsi bizim üçün önəmli deyil. Azərbaycan dövləti üçün hansı sərfəlidirsə, onu da qəbul edəcək.