18 Mart 20:39
244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayının 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizə rəsmi səfərə gəlib. Bu səfər ölkələrimiz arasında tarixdən gələn münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Bu gün hər iki xalq bir çox sahələr üzrə uğurla əməkdaşlıq edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Qeyd etmək lazımdır ki, iki ölkənin birgə həyata keçirdiyi nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.

Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu say daha da artacaq. Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Cənab Preziden İlham Əliyev mətbuata verdiyi bəyanatda qeyd edib: “ Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.” Bütün bunlar ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun vacibliyini ortaya qoyur. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.


Müəllif: Teleqraf.com