28 Mart 14:10
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada baş vermiş terror aktına Ermənistanın yanaşması onun daxili xislətini göstərir. Ermənistan həmişə hansısa güc mərkəzindən maksimum istifadə edib, özünü onun kiçiyi, az qala qulu kimi göstərib. Müəyyən bir səviyyədən sonra isə ona indiyə kimi kömək edənlərə arxa çevirir, özünə yeni ağa tapdığını da heç gizlətmir. Faktiki olaraq Ermənistan adlanan dövlət olmayıb. Erməniləri vaxtilə Rusiya imperiyası Cənubi Qafqaza köçürüb, onlara şərait yaradıb. 1918-ci ildə süni Ermənistan dövləti, daha sonra qondarma Dağlıq Qarabağ yaradılıb. 1991-ci ildə də Ermənistanın ayaqüstə durmasına Rusiya maksimum kömək edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

“Bu gün Ermənistan hesab edir ki, ona artıq Rusiya lazım deyil. O özü üçün artıq yeni ağalar tapıb. Ona görə də, Rusiya ilə bağlı bütün məsələlərə Ermənistan kəskin mənfi reaksiya verir, ya da soyuqanlılıq göstərir. Moskvada baş verən hadisənin hər hansı bir siyasi, ideoloji, dövlətlərarası mübarizə mahiyyəti yoxdur. Burada terror hadisəsi var. 7 minə qədər insan ölüm təhlükəsi ilə üzləşmişdi. 144 nəfərin həlak olması tarixə düşəcək bir faciə oldu. Amma Ermənistan buna soyuq münasibət göstərdi”,- deyə o qeyd edib.

Deputat bildirib ki, Ermənistan vaxtilə terrorçu dövlət olub:

“İndi də kiçik bir imkan tapsa, Ermənistan Xocalı soyqırımınından da böyük faciələr törədər. Azca bir boşluq yaransa, yenə də Azərbaycan torpaqlarını, işğal edər, məscidləri dağıdar, azərbaycanlıları öldürər, qəbir daşlarını söküb başqa ölkələrə satar və s. Amma Azərbaycan güclüdür. Ölkəmiz özünü qorumağı və düşməninə yerini göstərməyi bacarır. Ermənistanın isə Rusiyada baş verən faciyəyə soyuq yanaşması onun bir daha, dünən ona çörək verənə olan münasibətini göstərir. Sözsüz ki, bu Rusiya üçün dərs olmalıdır. Rusiya cəmiyəti bundan nəticə çıxartmalıdır”.

Aydın Mirzəzadə hesab edir ki, Rusiyada erməni millətindən olan yüzlərlə yox, on minlərlə insanlara böyük kapital qazanmağa imkan verilib və onlar yüksək vəzifələrə çəkilib:

“Onlara bu gün az qala Rusiyanın adından danışmaq imkanı yaradılıb. Amma Ermənistan bu gün göründüyü həmin məsələdə soyuqanlılıq göstərir. Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamları Araz və Emin Ağalarovlar terrordan zərərçəkənlərə yüz milyon rubl yardım edəcəklərərini açıqladılar. Rusiyada onlarla erməni milyarder var. Terrordan zərərçəkənlərə həmin erməni milyarderlər bir rubl belə yardım göstərməyib. Onlardan hansısa biri bu məsələdə Rusiya hökumətinin yanında olmayıb. Ermənistanın və erməni millətçilərinin nə olmasından asılı olmayaraq Şərq dünyasının müdrikliyi var. Azərbaycan və Türkiyənin məsələlərə obyektiv, hümanist yanaşması praktikası mövcuddur. Prezident İlham Əliyev və qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidentinə zəng etməsi, məktub göndərməsi göstərir ki, terror hadisəsindən əziyyət çəkən dövlətlərə Azərbaycan öz həssaslığını göstərir. Ölkəmiz terrordan əziyyət çəkib. Bu gün Qazaxın 4 kəndinin boşaldılması məsələsində Ermənistanın qeyri-qanuni yaraqlılarının həmin kəndə yığışmaq cəhdlərinin özü yeni terror aktından xəbər verir. Amma kimin nə etməsindən asılı olmayaraq dünya hamını yaxşı tanıyır. Ağır, faciəvi hadisələrdə hər kəsin, o cümlədən hər dövlətin içi görünür”.


Müəllif: Tapdıq Qurbanlı