Azərbaycan-Ermənistan şərti sərhədində təxribatın olması ehtimalı hər zaman mövcuddur. Bunun üçün bütün əsaslar var. İlk olaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Ermənistan Azərbaycana dəqiq mina xəritələrini də verməyib. Sərhədlər delimitasiya-demarkasiya olunmayıb.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatın şərtlərinə uyğun olmayaraq Zəngəzur dəhlizinin açılmasına yubatmaqdadır:
“Bunlar hamısı gərginliyə və gələcək hansısa təxribatlara əsas verən səbəblərdir. Yaxın zamanlarda da belə bir təxribat ola bilməsi mümkündür. 5 aprel Brüsseldə üçtərəfli görüş keçiriləcək. Bu görüş Ermənistan, Amerika, Avropa İttifaqı arasında baş tutacaq. Həmin görüşdə Ermənistanın müəyyən təhlükəsizlik təminatlarının verilməsi müzakirə olunacaq. Hətta ehtimal olunur ki, hansısa bir sənəddə imzalana bilər. Bütün bunların olması üçün Ermənistan sərhəddə müəyyən təxribatlara gedə bilər. Təbii ki, bu təxribatlar olacağı təqdirdə Azərbaycan da buna adekvat cavab verəcək. O zaman bunu manipulyasiya edib, Azərbaycan tərəfindən Ermənistana təhdid var və KTMT də üzərinə götürdüyü öhdəliyə uyğun olaraq İrəvanın təhlükəsizliyinə təminat vermir, ona yardım etmir - kimi uyğunsuz informasiyalar yayacaqlar. Bu səbəbdən də Amerika və Avropa İttifaqı bu təminatları verə bilər. Bunun üzərindən artıq müəyyən proses başlana bilər. Bu baxımdan təxribatların olması mümkündür. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı həmin kadrlar bunu əks etdirir. Ermənistanda faktiki olaraq bu görüntülərin əsaslı sübut olduğunu gördüyündən onu bir formada iz azdırmağa, guya hərbi sürücülərin təlimi kimi qiymətləndirməyə çalışır. Bu da həqiqəti əks etdirmir. Çünki Ermənistan ərazisində hərbi sürücülərin təlim mərkəzi tamamilə fərqli istiqamətdədir. Azərbaycan Ermənistan şərti sərhədindən ən azı 200 kilometr uzaqdadır”.
Politoloq bildirib ki, bu təxribatların əsas ünvanı üçtərəfli görüşə hesablanıb:
"Ermənistanı hansısa təxribatlara cəhd edə, Azərbaycan da bunu cavabsız qoymaya bilər. Avropanın, Amerikanın Ermənistana təhlükəsizlik təminatları verməsi intensivləşə və yaxud ciddi şəkildə gündəmə gətirilə bilər. Əslində bütün niyyət bundan ibarətdir. Qərb bu təhlükəsizlik təminatları verə bilməsi bu, bir az ritorik, eyni zamanda, kifayət qədər mürəkkəb bir məsələdir. Nəzərə alsaq ki, coğrafi baxımdan Ermənistan Qərbə yaxın deyil, çox uzaqdadır. O zaman hərbi və təhlükəsizlik təminatların verilməsi zaman aparar.
Ermənistan mətbuatında yayılan məlumatlara görə, keçən ilin sentyabr-oktyabr aylarında Amerika və Fransa hərbçiləri ilə keçirilən təlimlərdən sonra, həmin kontingentin bir qisminin Ermənistanda qalması ilə bağlı məlumatlar var. O cümlədən nəzərə alsaq ki, Paşinyanın hərbi məsələlər üzrə müşaviri fransalı generaldır, o zaman deyə bilər ki, Qərb müəyyən qədər Ermənistanda təmsil olunur. Gələcəkdə də bu təminatları vermək üçün müəyyən imkanları var. Amma bu tezliklə ola bilərmi, bu artıq zaman məsələsidir. Amma nəzərə alsaq ki, Qərbin də müəyyən təzyiq imkanları var. Məhz belə təhlükəsizlik təminatı ilə bağlı paktın imzalanması əslində Rusiya İrana yox, əsas hədəf olaraq Azərbaycan və Türkiyəyə qarşı yönəlib. Çünki Güney Qafqazda Rusiya və Qərb arasında geopolitik mübarizə gedir. Qərb Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır. Amma bütün bu mübarizə aparan tərəflərin, o cümlədən İran, Qərb və Rusiyanın da ortaq bir marağı var. Bu maraq hazırkı Ermənistanı bir formada ayaqda tutmaq və ondan türk dünyasına qarşı istifadə etməkdir. İran da məhz bu mövqe ilə məsələyə yanaşır. Çalışır ki, mümkün qədər Zəngəzurda daha çox yerləşsin, orada təsir imkanlarını artırsın və dəhlizin açılmasına olmasına mane olsun. Qərbin müəyyən təhlükəsizlik təminatların verilməsi ehtimalı daha güclüdür və bu proses həyata keçə bilər. Baxmayaraq ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) fərqli fikir söyləyir. Amma düşünürəm ki, bu cür qurumların açıqlamaları daha çox Amerikanın siyasətinə uyğunlaşdırılır”.