12 May 13:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 11-də ölkəmizin daha çox cənub rayonlarında hiss ediləcək səviyyədə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 4,4 bal səviyyəsində olub. Bildirilib ki, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss edilib. Lənkəranda baş verən zəlzələ episentrdə 6 bal qeydə alınıb.

Teleqraf.com-a danışan həmin vaxt Masallı rayonunda olan deputat Aydın Mirzəzadə zəlzələni hiss edənlərdən olduğunu söyləyib.

“Zəlzələ baş verən zaman skamyada dostlarla əyləşmişdik. Yerin tərpəndiyini hiss etdik. Panikaya düşmədik. Zəlzələ təxminən 5-6 saniyə davam etdi. Dağətəyi bir yerdə idik. Dağa baxdıq ki, görəsən oradan bir dağıntı gəlmir ki. Kənardan bir mərtəbəli evin üstündəki kirəmitlərin tərpəndiyi müşahidə olundu. Bundan əlavə xüsusi nəsə hiss etmədik. Bəlkə də mənzildə olsaydıq, çıl-çırağın, şkafdakı qab-qacağın tərpəndiyini hiss edə bilərdik” – deyə o qeyd edib.

Deputat sonradan zəlzələnin ikinci dalğasının da hiss olunduğunu bildirib:

“Əvvəlkidən bir qədər zəif idi. Saata baxdıq 17:21-ni göstərirdi. Seysmoloji Xidmət isə 17:23-də olduğunu deyir. Sonradan Bakıya gələrkən ətrafda dağıntı, gərginlik hiss etmədik. Zəlzələnin təqribən 3,5-4 bal gücündə olduğunu hiss etmişdim. Amma sonrakı məlumatda onun 5,2 bal gücündə olduğunu dedilər. Ola bilsin ki, başqa rayonlarda bir qədər güclü və yaxud zəif olub. Amma xoşa gələn o oldu ki, zəlzələ zamanı heç kəs panikaya düşmədi”.

Aydın Mirzəzadə ömründə artıq neçənci dəfədir ki, zəlzələni hiss etdiyini söyləyib:

“2000-ci ildə Bakıda olan zəlzələni hiss etmişdim. Mingəçevirdə yaşadığım dövrdə bir neçə dəfə zəlzələ olub. O hissələri də yaşamışıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər