15 May 09:05
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən gözləntilər fərqli idi. Nəticələr sülh müstəvisində yol qət etmək üçün nə dərəcədə effektiv olacaq?

- Əslində bu görüşdən elə də böyük gözləntilər yox idi. Burada texniki məsələlər daha çox gündəmdə idi. Çünki tərəflər arasında fikir mübadiləsi mövcuddur. Danışıqlar ətrafında olan yanaşmalar əslində müsbət xarakterizə edilir. Əhval-ruhiyyə də çox müsbət idi. Ona görə də, Azərbaycanla Ermənistan arasında əldə ediləcək çərçivə sülh sazişinin imzalanması üçün elə də böyük problemlər qalmayıb. Demək olar ki, çərçivə sülh sazişinin mətni hazırdır.

- Belə çıxır ki, tərəflər ən qısa zamanda çərçivə sülh sazişini imzalamağa daha yaxındır?

- Hesab edirəm ki, danışıqların bir neçə raundundan sonra çərçivə sülh sazişinin imzalanması mümkün ola bilər.

- Tərəflər arasında fikir ayrılıqlarının olduğu da bəyan edildi. Sizcə, razılaşdırılması mümkün olmayan məsələlər hansılardır?

- Erməni tərəfi istəyir ki, sülh sazişinin mətnində 1991-ci ilin xəritələri əksini tapsın. Problem odur ki, 1991-ci ilin Almatı razılaşmasında ümumi prinsiplər qeyd edilib. Bu da administrativ sərhədləri özündə ehtiva edir. Amma hansı ilin sərhədlərindən söhbət getdiyi qeyd edilməyib. Ona görə də, bu məsələlər ətrafında fikir ayrılıqları var.

- Bakının bu məsələdə mövqeyi nədən ibarətdir?

- Azərbaycan keçmiş sovet dövründə olan administrativ sərhədlərin əsas götürülməsini istəyir. Eyni zamanda burada da hansı ilin konkret xəritələri anlayışı yoxdur. Çünki müxtəlif xəritələrə və hissələrə aid əsaslar var.

- Qazaxın 4 kəndinin qaytarılmasından sonra İrəvanın Almatı bəyannaməsinin yenilənməsi ilə bağlı idiaları nəyə əsaslanırdı?

- Sərhədlərin o hissəsi, yəni Qazax tərəfdən həmişə təxminən eyni yanaşmalar olub. Sovet dövründən öncə də Qazax istiqamətində elə də böyük fərqlər yox idi. Gürcüstanla sərhəd də bura yaxındır. Azərbaycan-Ermənistan sərhədlərinin digər hissələrinə aid isə fikir ayrılığının olması mümkündür. Ona görə də, bu məsələlər hələ uzun müddət müzakirə olunacaq. De-fakto Ermənistan ərazisi sovet işğalından sonra üç dəfə artıb. Təbii ki, bu da Azərbaycan əraziləri hesabına baş verib.

- İrəvanın əsas iddiaları hansı məsələlərlə bağlıdır?

- Ermənistan əraziləri maksimum dərəcədə öz nəzarətində saxlamaq istəyir. Bu da onların maraqları ilə bağlıdır. Azərbaycan sözsüz ki, buna heç bir halda razı olmayacaq. İndi Azərbaycan qalib tərəfdir. Müharibə nəticəsində ölkəmizə ziyan dəyib. Hazırda isə işğala son qoyulub. Ona görə də, bu işğalın ağır nəticələrinin aradan qaldırılması kimi məsələlər var. Amma bütün bunların fonunda Ermənistan bu ilin payızına qədər iddialarından əl çəkərək özü üçün ən xeyirli olan variantı təmin etməlidr.


Müəllif: Tapdıq Qurbanlı