21 May 09:32
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fransa niyə Yeni Kaledoniyada baş verən kütləvi nümayişlərə görə Azərbaycanı ittiham elədi? Rəsmi Bakının əsassız və təxribatçı adlandırdığı bu ittihamlar nə ilə bağlıdır?

- Müstəmləkəçilik və neokolonializmlə bağlı Bakı Təmas Qrupu yaradılıb, bu, Fransanı ciddi şəkildə narahat edir. Bu qrup Yeni Kaledoniya məsələsini də gündəmə gətirib. Bu qrup Fransanın müstəmləkəçilik siyasətinə qarşı etiraz edənlərə bir meydan, tribuna verir. Yəni bu məsələlər beynəlxalq səviyyədə gündəmə gətirilir. İlk dəfə Yeni Kaledoniya ilə bağlı problemlər məhz bu qrup vasitəsilə qlobal gündəmə gətirilib. Fransa da baş verənləri bununla əlaqələndirir. Azərbaycanın bu təşəbbüsü Fransanı ciddi şəkildə narahat edir.

Fransanın ittihamlarına gəlincə, bunlar əsassızdır. Çünki guya Azərbaycan Fransanın daxili işlərinə qarışır, separatizmə dəstək verir və sair. Azərbaycan heç kimə nə maddi, nə hərbi, nə də digər dəstəkləri verir. Separatçılara dəstək verən elə Fransanın özüdür. Məhz Fransa Senati vaxtilə Azərbaycan ərazisində mövcud olmuş separatçı qurumu tanıyıb. Azərbaycan parlamenti heç vaxt Yeni Kaledoniyanın müstəqilliyini tanımayıb. Buna görə də, əsassız, boş ittihamlardır.

- Təkcə Yeni Kaledoniya yox, Fransanın Afrikadakı keçmiş və mövcud müstəmləkələrində də etirazların baş verdiyini görürük. Hesab etmək olarmı ki, nəhayət Fransanın müstəmləkəçilik siyasətinə son qoyulur?

- Bu, uzunmüddətli prosesdir, amma görünən budur ki, geridönməz xarakter alır. Bəli, Fransanın müstəmləkə imperiyası dağılmaq üzrədir. Vaxtilə qurduğu imperiya dağılanda Fransa bir sıra islahatlara əl atmışdı, müstəmləkələrə “dənizaşırı ərazilər” ad vermişdi. Amma faktiki olaraq, bunlar müstəmləkələrdir. İndi həmin bölgələrdə yaşayan insanlar bu statusla razılaşmırlar (müstəqillik istəyirlər), Fransanın apardığı siyasətə qarşı çıxırlar.

Fransanın Latın Amerikası və Afrikadakı neokolonial qalıqlarına gəlincə, oradakı insanlar durumlarından narahatdırlar. Çünki həm Fransanın özü və rolu zəifləyir, həm də onun apardığı siyasət bu insanlara yaxşı təsir eləmir. Təkcə “dənizaşırı ərazilər” yox, Fransanın öz daxilində də Parisin yürütdüyü siyasətindən ciddi narazılıq var. Xüsusən də bu etirazları iqtisadi siyasətdəki uğursuzluq və problemlər artırır.

- Fransanın Afrika və digər bölgələrdə üzləşdiyi uğursuzluq və fiasko fonunda onun Cənubi Qafqaz, xüsusən də Ermənistan siyasətinin taleyi necə olacaq?

- Fransa bu uğursuzluqları fonunda dünyada zəif bəndlər axtarışındadır. Fransa itirdiyi nüfuzunu həmin yerlərdə təsdiqləmək istəyir. Təəssüf ki, bəzi ölkələr Fransa üçün zəif bənd rolunu oynamaq istəyirlər. Görünən budur ki, təkcə Ermənistan yox, Gürcüstan da bu mənada müəyyən rol oynayır. Məsələn, Gürcüstan Prezidenti Salome Zurabişvili vaxtilə Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı olub. İndi Zurabişvili Emmanuel Makronu çağırır ki, gəlib Gürcüstanın xarici siyasətində dəyişiklik eləsin. Makronu təkcə Gürcüstan üçün yox, bütün Cənubi Qafqaz üçün çağırır ki, bölgəni Rusiyanın təsir dairəsindən çıxarsın. Dünyada nə qədər belə zəif dövlət və rəhbərlər var, Fransa onlardan istifadə etməyə çalışacaq.

Ermənistana gəlincə, bu ölkə həmişə Fransanın təsir darəsində olub, amma indiki rəhbərlik nə baş verdiyini müəyyən qədər anlayır. Nikol Paşinyan çalışır ki, müəyyən məsələlərdə Fransanın təpkisindən uzaq qalsın, daha müstəqil addımlar atsın. Ermənistanın siyasətində bu dəst-xəttin yolçuları üstünlük qazansa, o zaman münasibətlərimiz konstruktiv məcrada inkişaf edə bilər. Yox, Ermənistan Fransaya uyub qeyri-konstruktiv mövqeyini davam etdirsə, o zaman maraqların toqquşması qaçılmaz olacaq.

- Revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan mayın 26-da “izdihamlı mitinq” başladacağını, Nikol Paşinyan hökumətinə qarşı “təsiredici addımlar” atacaqlarını deyib. Revanşistlər məqsədlərinə nail ola bilərmi?

- Buna inanmıram. Çünki insanlar tədricən Qalstanyanın nə istədiyini anlayırlar, onun gücünü də görürlər. Bu səbəbdən də, düşünmürəm ki, onun arxasında kütləvilik olacaq. Bütün hallarda vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Qalstanyan tək deyil, arxasında müəyyən qruplar var. Həmin qruplar sönük aksiyaları canlandırmağa çalışırlar. Az da olsa, məhz həmin qruplar Qalstanyanın ətrafında müəyyən bir kütlə toplaya biliblər.

- Mövqeyi revanşistlərdən fərqli olduğu iddia edilən sabiq prezident Levon Ter-Petrosyan və partiyası Erməni Milli Konqresi niyə onlara dəstək vermək qərarına gəldi?

- Petrosyan və partiyası əvvəldən təzadlı siyasət yürüdür. Petrosyan vaxtilə müəyyən çağırışlar etsə də, gedişat göstərdi ki, onun özü də revanşizmin başqa formasında təmsil olunan və revanşist iddialara dəstək verən adamdır. Vaxtilə separatçı “Mitasum” hərəkatının başında elə Petrosyanın özü dayanmışdı. Məhz onun hakimiyyəti dönəmində Azərbaycan əraziləri işğal edilmişdi, Petrosyanın özü separatçılara dəstək vermişdi. Yəni indi onun revanşistləri dəstəkləməsi təəccüblü deyil.

- Hərəkatın təşkilatçısının sabiq prezident Robert Köçəryan olduğunu deyilsə də, hələ də nə özü, nə də partiyasının önəmli simaları meydanda görünür. Niyə kölgədən çıxa bilmədilər?

- Köçəryana heç kim inanmır, o, artıq vurulmuş kartdır. Köçəryan indiki məqamda meydana çıxsa, heç nə alınmayacaq. Hərəkatın arxasında duran manipulyativ qüvvələr elə mənzərə yaratmağa çalışırlar ki, guya bunu keşiş, heç vaxt hakimiyyətdə olmayan və korrupsiyaya bulaşmayan bir adam təşkil edir. Belə bir məqamda Köçəryan üzə çıxsa, maraq tam itəcək. Köçəryanın açıq formada ortada görünməməsi “siyasi gediş”dir. Əgər hərəkat güclənsə və təsiredici hal alsa, Köçəryan kölgədən çıxa və açıq fəaliyyətə başlaya bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər