22 May 14:10
3 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında bir sıra istiqamətlərdə xüsusilə də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı dinamik proseslər gedir. Bu proseslərin digər istiqamətinə sülh müqaviləsinin imzalanması və iki ölkə arasında kommunikasiya, nəqliyyat xəttlərinin bərpası, iqtisadi münasibətlərin qurulmasının da transformasiya ediləcəyini proqnozlaşdırmaq mümkündür. Son dövrlər Ermənistan tərəfindən sərgilənən mövqe iki ölkə arasında nəqliyyat, kommunikasiya xəttlərinin açılması ehtimallarını daha da gücləndirir.

Bunu Teleqraf.com-a politoloq Anar Əliyev deyib.

O qeyd edib ki, 2020-ci il 10 noyabr üçtərəfli razılaşmanın 9-cu bəndinin tələbinə uyğun olaraq Ermənistan üzərinə götürdüyü öhdəlikləri, eyni zamanda Zəngəzur dəhlizi istiqamətində işlərin reallaşması gözlənilir:

“İrəvan qısa müddətdə mövqeyində hər hansı bir dəyişiklik etməyəcəyi halda Azərbaycan İranla əldə edilmiş razılığa əsasən Ağbənd istiqamətindən Naxçıvanla birbaşa bağlantı qura biləcək. Araz çayı üzərindən salınmış körpü ilə İran üzərindən Naxçıvana çıxış əldə ediləcək. Bununla da Zəngəzur dəhlizinə alternativ olaraq İran üzərindən kommunikasiya xətti reallaşacaq”.

Politoloq hesab edir ki, belə olduğu təqdirdə növbəti dəfə proseslərdən kənardan qalan və zərərçəkən tərəf Ermənistan olacaq:

“Beləliklə, Orta Dəhliz layihəsində Ermənistan mövqe və iqtisadi itkilərlə üzləşəcək. Ona görə də, Nikol Paşinyan iqtidarı Azərbaycan və Türkiyə ilə əlaqələr qurmadan ölkəsinin gələcəyini və təhlükəsizliyini təmin edə bilməyəcəklərini dərk etməlidir”.

Anar Əliyevə görə, Ermənistan Tavuş bölgəsindən Azərbaycanın anklav olmayan 4 kəndinin təhvil verilməsi prosesi tam yekunlaşdıqdan sonra növbəti hədəf kimi Zəngəzur dəhlizi istiqamətində addımlar atılacaq:

“Ermənistan cəmiyyətində ictimai fikrin formalaşması və daha sonra bu istiqamətdə real addımların atılması mümkün olacaq. Məhz bu kontekstdə qarşıdakı illərdə Qərbi Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında avtomobil və dəmri yolu xəttlərinin tikintisi istiqamətində real prosesləri müşahidə edə biləcəyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər