23 May 13:34
22 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələri Fələstinin müstəqilliyini tanımaq qərarına gəliblər. Artıq Norveç, İspaniya və İrlandiya bu istəklərini bəyan ediblər. Öncədən belə bir qərar İsveçdən gəlmişdi. Nə baş verir: Fələstinin tanınmasının qlobal xarakter alması nə ilə bağlıdır?

Məsələni Teleqraf.com-a şərh edən Yaxın Şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu hesab edir ki, Fələstinin bir dövlət kimi tanınması məsələsi həmişə gündəmdə olub.

Onun sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlar, xüsusən də BMT-nin toplantılarında məsələ ayrı-ayrı ölkələr tərəfindən bu və digər şəkildə gündəmə gətirilib:

“Nəzərə almaq lazımdır ki, BMT və bir sıra digər beynəlxalq təşkilatların tanıdıqları xəritələr və konkret sərhədlər var. Həmçinin zamanla problemin həlli ilə bağlı ikili dövlət prinsipiylə müəyyən bir məsafə də qət edilib. Beynəlxalq hüququn diktə etdiyi müəyyən prinsip və formatlar da mövcuddur. Əslində son İsrail-HƏMAS eskalasiyası bu məsələni aktiv şəkildə yenidən gündəmə gətirdi. Ötən ilin oktyabrında toqquşmanın başlamasından sonra münaqişənin həlli ilə bağlı kifayət qədər çağırışlar oldu, bununla əlaqədar vasitəçilik missiyasını üzərlərinə götürəcək namizəd ölkələrin adları hallandırıldı. Görünür, artıq bir çox ölkələr bu problemin həll edilməsinin vacibliyini başa düşməyə başlayıblar.

İsrail-Fələstin konflikti kifayət qədər uzun tarixə malikdir. Bu, Yaxın Şərqin kilid və önəmli münaqişələrindən biridir, bəlkə də birincisidir. Bu münaqişənin həlli Yaxın Şərqdəki digər konfliktlərin həllinə ciddi şəkildə təkan verə bilər. Yaxın Şərqdə maraqları olan dövlətlər həmişə bu münaqişədən öz mənfəətləri üçün istifadə ediblər, bunun üzərindən manipulyasiyaya yol veriblər. Bu da bir sıra əlavə konfliktlərin yaranmasına gətirib çıxarıb. Artıq bəzi ölkələr anlayırlar ki, bu problemi kökündən həll etməyin vaxtı çatıb”.

Ekspertin fikrincə, müvəqqəti atəşkəslər konfliktin köklü çözümünə gətirib çıxara bilməz:

“Müharibənin başlamasından bəri dəfələrlə gördük ki, humanitar dəhlizin açılması, humanitar yardımın çatdırılması və humanitar atəşkəsin elan edilməsi ilə bağlı danışıqlar getdi, amma bütün bunlar problemi həll edən məqamlar deyil. Köklü həll məsələnin ikili dövlət prinsipi ilə çözülməsidir, yaxud problemin hər iki tərəf üçün ədalətli həllidir. Problem yalnız ikili dövlət prinsipinə əməl etməklə həll oluna bilər. Mənə elə gəlir ki, bəzi ölkələrin Fələstinlə bağlı bu cür bəyanatlar vermələri, məsələni müsbət mənada yerindən oynadacaq və köklü həll istiqamətində ciddi təkan olacaq. Ümid edək ki, bu məsələ yaxın və ya orta müddətdə ədalətli həllini tapacaq”.

Bəs Fələstinin beynəlxalq səviyyədə tanınması münaqişəyə son qoyacaqmı? Məsələn, İsrail bunu qəbul edəcəkmi?

Suala cavabında Vüqar Zifəroğlu qeyd edib ki, məsələ İsrail, Fələstin, yaxud bölgədə maraqları olan dövlətlərin, məsələn, ABŞ, İran, Türkiyə və digərlərinin nəyi qəbul edib-etməməsi deyil:

“Vacib məqam məsələnin beynəlxalq hüquq, bundan əvvəl qəbul edilmiş sənədlər və xəritələr əsasında həllidir. Tərəflərin hansı subyektiv mülahizə və mövqelərdən çıxış etmələri əsas deyil. Məhz buna görə münaqişə indiyədək öz həllini tapmayıb. Bu günədək İsrail və Fələstini sözdə dəstəkləyən ölkələr arasında ikili dövlət prinsipini qəbul etməyənlər də kifayət qədərdir.

Hələ 1980-ci illərdə İsrail-Fələstin münaqişəsi ilə bağlı telekanallarda kadrlar gedirdi, təsəvvür edin ki, indiki mənzərə ilə o vaxtkı mənzərə arasında elə bir fərq yoxdur. Yəni məsələ artıq öz həllini tapmalıdır. Nəhayət bununla bağlı bir hərəkət var. Həm İsrail, həm də Fələstin tərəfindən günahsız insanlar öldürülür və qarşılıqlı təhdid atmosferi hökm sürür. Əslində İsrail HƏMAS-la bağlı əməliyyatlar aparmağa məcbur oldu. Çünki İsrail birbaşa təhdid altında qaldı. Həmçinin bu gün Fələstində bir insanlıq dramı yaşanır. Mən məsələyə hər iki tərəfin çərçivəsindən baxıram. Günahsız insanlar, körpələr müharibənin qurbanı olurlar.

Məsələ hər iki tərəfin razılığı və beynəlxalq hüquq əsasında həll edilməlidir. Razılaşdırılmış sənədlərə əməl olunmalıdır, təsdiqlənmiş xəritələr hər iki tərəfdən tanınmalıdır. Məsələnin çözümü budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər