24 May 13:10
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qlobal güclərin hədəfində iki bölgə var: Yaxın Şərq və Cənubi Qafqaz.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Cənubi Qafqaz və Yaxın Şərq ətrafında baş verən son geosiyasi proseslərə diqqət çəkib:

“Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib ki, guya hansısa Avropa Birliyi komissarı telefon danışığında ona slovakiyalı həmkarı Robert Fitsonun başına gələni xatırladıb və bununla faktiki olaraq onu hədələyib. Çox inandırıcı görünməsə də, belə bir söhbətin olub-olmadığını deyə bilmərəm, amma bir şeyi dəqiq demək olar: Gürcüstanda israrla qəbul olunmuş “Xarici agentlər haqqında qanun” bu ölkənin birmənalı olaraq Rusiya satellitinə çevrildiyinin göstəricisidir. Görünür, elə həmin səbəbdən də, dünən ABŞ Senatında hər iki partiyanın iştirakı ilə hazırlanmış Gürcüstana sanksiyaların tətbiqi haqda layihənin olması barədə xəbər yayıldı.

Hansısa bir qanunun qəbuluna görə hadisələrin belə sürətlə cərəyan etməsi ilk baxışdan təəccüblü görünə bilər. Amma dünya və bölgədə baş verən hadisələr onun əsas iştirakçılarından qəti addımların atılmasını tələb edir və bu tendensiya da davam edəcək. Hazırda hədəfdə Yaxın Şərq və Cənubi Qafqazdır. Başqa sözlə, Yaxın Şərqin taleyi həm də Cənubi Qafqazdan keçir. Xüsusilə İranda baş verən son hadisələr bölgənin əhəmiyyətini bir qədər də artırır. İndi hər şey bizim region və İranda baş verənlərdən asılı olacaq. Prezident Rəisinin ölümündən sonra İran yeni siyasi mərhələyə qədəm qoyur.

Bəzi ekspertlərin fikrincə, İranın yeni tarixində bəlkə də ən qeyri-populyar prezident olan Rəisinin ölümü ölkənin tarixi və bütövlükdə regionun gələcəyi üçün həlledici dövrün başlanğıcı ola bilər. Təbii ki, bu, heç də İbrahim Rəisinin şəxsiyyəti ilə bağlı deyil. Bu, ilk növbədə onun İranın mürəkkəb hakimiyyət konstruksiyasında kompromis fiqur ola biləcəyi ilə əlaqəlidir. Məsələ budur ki, məhz Rəisi səhhətində ciddi problemlər olan 85 yaşlı Seyid Əli Xameneyinin davamçısı olacaq şəxs kimi nəzərdə tutulurdu. Həmin fikir bir sıra İran mənbələri tərəfindən də təsdiqlənir.

Rəisi İrandakı həm mühafizəkar, həm də mötədil qanad üçün məqbul fiqur sayıla bilərdi. Onun ölümündən sonra isə İran siyasi elitasında fikir ayrılığı (əgər baş verərsə) ölkədə hərbi qanadın güclənməsinə və nəticədə hərbi rejimin formalaşmasına gətirib çıxara bilər. Amma burda da vəziyyət göründüyü qədər sadə deyil”.

Ərəstun Oruclu qeyd edib ki, İran silahlı qüvvələri siyasi elitanın müxtəlif qanadlarına yaxın olan iki hissədən ibarətdir: mühafizəkarlara bağlı olan İnqilab Keşikçiləri Korpusu (SEPAH) və mötədillərə daha yaxın sayılan Müdafiə Nazirliyi:

“Demək, siyasi elita vahid mövqe ortaya qoya bilməyəcəyi halda bunu silahlı qüvvələr etməli olacaq və ya onların iştirakı qaçılmaz ola bilər. Hadisələrin bu istiqamətdə cərəyan etməsi təkcə İran yox, həm Yaxın Şərq, həm də Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir. Belə gözlənti və İranın daxili siyasətinə kənar təsirlərin minimal olması qlobal oyunçuları İran ətrafındakı mövqelərini gücləndirməyə sövq edəcək.

Bu kontekstdə İsrail-Fələstin müharibəsinə dair beynəlxalq mövqeyin dəyişməsi də qaçılmaz olacaq. Bunun ilkin əlamətləri artıq görünməkdədir. Məsələn, İsraillə bağlı hər zaman ehtiyatlı mövqe sərgiləyən Berlin Netanyahuya həbs qərarı çıxarılarsa, səfər edəcəyi təqdirdə onun Almaniya ərazisində saxlanılaraq məhkəməyə təhvil veriləcəyini bildirib.

İspaniya, Norveç və İrlandiya isə Fələstin dövlətini beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi tanıyacaqlarını açıqlayıblar. Cənubi Qafqazda isə hadisələr hələlik Gürcüstan ətrafında cərəyən edir. Amma bu, bölgədə baş verə biləcək hərəkətlənmənin hələlik yalnız başlanğıcıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər