25 May 09:06
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Arzuman Abdulkərimov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qazaxın dörd kəndi qaytarıldı və Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində xətlər tam müəyyən edildi. Proses bundan sonra bütün sərhəd boyu rəvan gedəcəkmi, hesab etmək olarmı ki, nəhayət, bu işə mane olmağa çalışan kənar qüvvələr zərərsizləşdirilib?

- Xalqımızı təbrik edirəm, Ali Baş Komandanımıza öz təşəkkürümü bildirirəm ki, bir güllə atılmadan və bir insan itkisi olmadan bu mərhələni də keçdik. Cənab prezident hələ yanvarda kəndlərin qaytarılacağının anonsunu vermişdi. Anklav olmayan bu dörd kəndin qaytarılacağı ilə bağlı razılaşmanın olduğunu bəyan etmişdi.

Çox keçmədən müvafiq komissiyalar bu mövzu üzərində işləməyə başladılar və məlumatlar ötürülməyə başladı ki, prinsipial razılıq əldə olunub. Komissiyaların aprelin 9-da keçirilən görüşündə kəndlərin təhvil verilməsi prosesi rəsmən başladı, indi də tamamlandı. Artıq Dövlət Sərhəd Xidməti əraziləri nəzarətə götürüb, Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilmiş 12.7 kilometr hissəsində dirəklər basdırılıb, tikanlı məftillər qoyulub.

Bundan sonrakı mərhələ bizim anklav kəndlərimizlə bağlı proses olacaq. Son günlərdə artıq Kərki kəndi ilə bağlı yeni gəlişmələr var. Ermənistan tərəfi Kərkinin Ermənistanın reyesterində olmadığını bəyan edib. Biz bu ritorikanı əvvəllər Qazaxın dörd kəndi ilə bağlı da eşitmişdik. Yəni bu, bizə deməyə əsas verir ki, dörd anklavın – Kərki, Sofulu, Yuxarı Əskipara və Barxudarlı kəndlərinin də Azərbaycana qaytarılmasına dair razılaşma olacaq. Ümid edirəm ki, bu, uzun çəkməyəcək. Bəlkə də payıza qədər bunun şahidi olarıq.

Hesab edirəm ki, bu kəndlər cənab Prezident İlham Əliyevin bir sözü ilə Azərbaycana qaytarılıb. Cənab prezident yenə də sübut etdi ki, nəyi nə vaxt etməyin lazım olduğunu özü bilir. Bunu növbəti dəfə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasında gördük.

- Sərhədin demrkasiyasındakı uğurlu başlanğıc sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıracaqmı?

- Düşünürəm ki, sülh müqaviləsinə qədər çərçivə sazişi imzalanmalıdır. Delimitasiya və demarkasiya uzun çəkən, çox çətin və gərgin iş tələb edən prosesdir. Bu, uzun illər ala bilər. Bizim bu məsələdə təkcə Ermənistan yox, digər qonşu ölkələrlə də açıq qalan məsələlərimiz var. Rusiya ilə bu işi bitirmişik, amma Gürcüstan və Xəzəryanı ölkələrlə bəzi həll edilməmiş məsələlər qalır.

Yəni gözləməməliyik ki, sərhədin müəyyənləşməsi bitsin, sülh müqaviləsini bundan sonra imzalayaq. Artıq hər iki tərəfdən eşidirik ki, sülhə daha yaxınıq, bu il imzalana bilər. Düşünürəm ki, xarici işlər nazirlərinin Almatı görüşündə də müəyyən irəliləyişlər olub.

Çərçivə sənədi bu il imzalana bilər. Ermənistanın bəzi davranışları sülh müqaviləsinin imzalanması prosesini uzadır. Niyəsə Ermənistan bu məsələdə ləngiməyə yol verir. Ermənistan tələsməlidir. Çünki Ermənistan daxilində Nikol Paşinyan hökumətinin ciddi sıxıntıları var. Ermənistan müxalifəti və ya Rusiyaya bağlı keçmiş hakimiyyətlərin təmsilçiləri, eləcə də erməni kilsəsi Qazaxın kəndlərinin qaytarılması və sərhəd məsələsindən Nikol Paşinyana qarşı istifadə etməyə çalışır.

Bunlar bizə deməyə əsas verir ki, Paşinyan hökuməti tələsməlidir. Amma görünür, onlar da sülhə ehtiyatla yanaşırlar. Bəlkə də siyasi dividentlər qazanmaq üçün bazarlığa getməyə çalışırlar. Amma il ərzində çərçivə sənədi imzalana bilər, delimitasiya da bundan sonra davam etdiriləcək.

- Ümumiyyətlə, sülh sazişinin imzalanması və sərhədlərin demarkasiyası iki xalq və ya dövlət arasındakı düşmənçiliyə son qoyacaqmı?

- Bütün müharibələr meydanlarda baş verir və bunun nəticələrini rəsmiləşdirən sülh müqaviləsi masalarda imzalanır. Uzun illər bir-birləri ilə müharibə aparan dövlətlər sonda sülh müqaviləsi imzalayıblar. Əlbəttə, asan olmayacaq, amma zamanla xalqlar arasında əlaqə və gediş-gəliş bərpa oluna bilər.

Sülh müqaviləsi imzalansa, əlaqələr yaradılsa və xalqların bir-birlərinə gediş-gəlişi bərpa edilsə belə, heç vaxt tariximizi unutmamalıyıq. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımıları və işğalları heç vaxt yaddan çıxarmamalıyıq. Bunları ciddi şəkildə yaddaşımıza yazmalıyıq və gələcək nəsillərə ötürməliyik, qalanlar da diplomatik məsələlərdir.

Bizim bir də indiki Ermənistana – tarixi torpaqlarımıza qayıdış məsələmiz də var. Bununla bağlı Qərbi Azərbaycan icması yaradılıb. İcma çox ciddi şəkildə bu prosesin önündədir. Əlbəttə, cənab prezident də demişdi ki, biz tarixi torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıdacağıq. Yəni gələcəkdə əlaqələrin yaradılması və xalqların gediş-gəlişisi məsələləri öz həllini tapacaq. Amma yenə də dediyim kimi, tarixi heç vaxt unutmamalıyıq.

Sovet dönəmində bizə bu tarixi düşünülmüş və şüurlu şəkildə unutdurmuşdular. Amma bu gün bizim imkanlarımız var ki, ermənilərin hansı xislətdə olduqlarını gələcək nəsillərə çatdıraq.

Sərhədlərin demarkasiyası da çox uzanmamalıdır. Dövlət başçısı Şuşadakı çıxışında da söylədi ki, delimitasiya və demarkasiya sürətləndirilməlidir, əgər Ermənistan bu məsələdən öz gələcək məqsədləri üçün istifadə etmək istəsə və gələcəkdə orada revanşistlər hakimiyyətə gələrsə, biz Ermənistan tərəfinin hansısa cavabını gözləməyəcəyik, sərhədlərin haradan keçəcəyini Azərbaycan müəyyən edəcək. Mənə elə gəlir ki, bu işarənin nəyə vurulduğunu hər kəs başa düşür.

- Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmağa hazır olduğunu bəyan etdi. Bu iki ölkə arasında gediş-gəliş nə vaxt başlayacaq? Ankaranın bunun üçün İrəvana şərti vardı: Bakı ilə sülh müqaviləsini imzala sonra. Bu şərt hələ də qüvvədədirmi?

- Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi ilk günlərdən Türkiyə sərhədlərini bu ölkənin üzünə bağlayıb. İşğal dövründə Türkiyənin sərhədlərini açması məsələsi gündəmə gəlmişdi, o zaman bu, Azərbaycan və Türkiyə cəmiyyətlərində təpki ilə qarşılanmışdı. Amma biz gördük ki, Türkiyə o dövrdə də, ondan sonrakı zamanda da bu əhdinə sadiq qaldı. Bu da Ermənistana bir işarədir ki, get, sülh müqaviləsini imzala, mən də səninlə sərhədləri açım, gediş-gəlişi bərpa edim.

Əminəm ki, sülh müqaviləsinin imzalanması Azərbaycandan çox Ermənistanın maraqlarına xidmət edəcək. Çünki burada siyasi məsələlərlə yanaşı, ciddi iqtisadi amillər də var. Zəngəzur yolunun açılması Ermənistan iqtisadiyyatına da ciddi gəlirlər qazandıracaq, həmçinin regionda sülhü gücləndirəcək. Türkiyə yenə Ermənistana işarə verir ki, get, sülh müqaviləsini imzala, mən də səninlə yolları və sərhədləri açım. Düşünmürəm ki, Türkiyə sülh müqaviləsi imzalanmadan Ermənistanla sərhədlərini açacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər