24 May 16:09
2 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təşəbbüsü ilə türk dövlətləri öz məhsullarını “Made in Turan” brendi adı altında birləşdirərək dünyaya təqdim edəcəklər. Bu, Türk Dövlətləri Təşkilatı, yaxud Türk Birliyinin gücləndirilməsi istiqamətində növbəti ciddi həmlələrdən biridir. Ümumiyyətlə, son dörd ildə Azərbaycan və Türkiyə türk inteqrasiyasının gücləndirilməsi yönündə ciddi addımlar atır. Türk dünyasının “Turan” brendi isə tam başqa bir mərhələnin başlanğıcıdır, bununla bağlı da bir çox maraqlı fikirlər var. Nə baş verir, türk inteqrasiyası hara gedir?

Politoloq Arzuman Abdulkərimov Teleqraf.com-a açıqlamasında baş verənlərlə bağlı önəmli məqamlara diqqət çəkib.

Onun sözlərinə görə, son illərdə sürət qazanan türk inteqrasiyası bir zamanlar xəyal edilən Turan ideyasını gerçəyə çevirmək üzrədir, bu prosesin aparıcı qüvvəsi isə Azərbaycandır:

“Vaxtilə xəyal etdiyimiz məsələlər artıq gerçəkləşir. Bir zamanlar Turan, Türk Birliyi deyəndə, “kosmopolit və liberal” düşüncədə olanlar bizə gülürdülər, bu məsələni lağlağıya qoyurdular. İndi elə bir yerə gəlib çıxmışıq ki, indi həmin adamlar bizdən çox “türkçü” olublar, bizdən çox Turandan danışırlar. Eybi yox, olsun, bu bizi sevindirir, yetər ki, bu məsələlərdə səmimi olsunlar. Azərbaycanın təşəbbüsü ilə türk dünyası ilə bağlı bizim çox xəyallarımız gerçəkləşəcək. Artıq türk dövlətlərinin məhsullarının “Made in Turan” brendi ilə xaricə çıxarılması da, həm çox böyük, həm də qürurverici göstəricidir. Gələcəkdə bu məhsullar dünyaya çıxarılanda hər kəs Turan sözünün təsirində olacaq və bunun nə olması ilə maraqlanacaq.

Həmişə demişəm ki, Azərbaycan Türk Birliyinin qurulmasında lokomntiv rolunu oynayır. Azərbaycan prezidentinin bu işdə çox böyük rolu və əməyi var. Biz də bu işdə sonadək həmişə onun yanında olacağıq, dəstək verəcəyik ki, Türk Birliyi daha da güclənsin və genişlənsin, türk dövlətləri arasındakı inteqrasiya sürətlənsin, geniş vüsət alsın. Həm iqtisadi, həm mədəni, həm siyasi, həm də hərbi sahədə... Ümid və arzu edirəm ki, çox yaxın gələcəkdə türk dövlətlərinin hərbi, iqtisadi və gömrük birlikləri yaradılsın. Düşünürəm ki, Türk Birliyi – Turanla bağlı xəyallarımız gerçəkləşdiyi kimi, hərbi, iqtisadi və gömrük birlikləri də real olacaq.

Bəzi Qərb və Şərq ölkələrinin Turan ifadəsinə qarşı fobiyası var. Məsələn, Ermənistan, İran, Rusiya, Çin, Yunanıstan, Fransa və sair kimi. Bəs bu xofun səbəbi nədir?

Arzuman Abdukərimov hesab edir ki, bu, türklərin tarixindən irəli gələn məsələdir:

“Anlaşılandır. Türklər tarixdə böyük dövlətlər, imperiyalar qurublar. Yəqin indi onlar düşünürlər ki, gələcəkdə Turan adlı birlik yaradılarsa, bu, hansısa dövlətlərə təhdid ola bilər. Qətiyyən belə bir şey yoxdur. Sadəcə biz xalqlarımız arasındakı əlaqələrin daha sıx olmasını, dövlətlərimizin bir-birləri ilə daha möhkəm dostluq əlaqələri yaratmasını istəyirik. Bu birlik gələcəkdə bu dövlətlərdən hansısa birinə kənardan təhdidlər olarsa, digər dövlərlərin də onun haqlı davasının yanında olması üçün yaradılır. Turan ona görə formalaşdırılmır ki, hansısa dövlətin ərazisində gözümüz var və gələcəkdə ona qarşı birgə addım atacağıq. Qətiyyən belə bir düşüncə yoxdur.

Düşünürəm ki, bəzi Qərb və region dövlətləri də bundan narahat olmamalıdırlar. Tarixə baxdıqda, bəlkə də onların narahat olmalarının əsasları var. Amma indi dünya dəyişib, bizim heç kimin torpağında, tanınan ərazisində gözümüz yoxdur. Bu birlik sadəcə xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir, edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu