25 May 10:29
2 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki halda Ermənistanla Rusiya arasında münasibətlər nə qədər gərgin olsa, bu, daha əlverişli hal kimi qəbul edilməlidir. Çünki Ermənistanla Azərbaycan arasında sülh prosesi üçün bu, əlverişli amil hesab olunur. Bu halda İrəvan Bakı ilə məcbur olaraq razılaşma yolunu seçməli olur.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

“Təbii ki, Rusiya-Ermənistan gərginliyi Azərbaycanla sülh danışıqlarını yavaşlatmayacaq. Əksinə bu məsələdə Nikol Paşinyanın daha sürətli hərəkət etməsi gözlənilir”, - deyə o əlavə edib.

Politoloq hesab edir ki, indiki halda Paşinyanın prosesləri uzatmaq üçün vaxtı yoxdur:

“Onu yıxa bilsəydilər çoxdan bunu edərdilər. Ermənistanın baş nazirini niyə yıxa bilməmələrinin səbəbi isə başqadır. Cəmiyyətlərdə qeyri-hökumət təşkilatları real aparıcı qüvvələrdən hesab olunur. Ermənistan cəmiyyətində də qeyri-hökumət təşkilatları Paşinyanı dəstəkləyir. Ona görə də, revanşistlər ətraflarına çox adam toplaya bilmir”.

Fərhad Mehdiyevə görə, əslində Paşinyan dolayısı ilə bunu bilir:

“Əgər Paşinyanın Rusiyadan asılılığı, bağlılığı olsaydı, Moskva ilə münasibətlər gərginləşən zaman Azərbaycanla danışıqları dayandırardı. “Kremldən gələn reaksiya necədir? - Ondan sonra bu addımı atım” şərti ilə hərəkət edərdi. Ona görə də, Rusiya Ermənistan gərginliyi fonunda Azərbaycanla sülh danışıqları dayanmayacaq və paralel olaraq delimitasiya işləri davam edəcək”.


Müəllif: Tapdıq Qurbanlı