27 May 14:27
15 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əmək pensiyaları haqqında" qanuna ediləcək son dəyişikliklərin iki məqsədi var. Bu, ilk növbədə sosial sığorta prinsiplərinin daha geniş tətbiq olunmasına hüquqi baza yaratmaqdan ibarətdir. Digər amil isə proaktiv və avtomatik qaydada pensiya təminatı üçün hüquqi bazanın genişləndirilməsidir. Burada əsas amil vətəndaşın iki-üç əmək pensiyası almaq hüquqi yarandıqda onun həlli nəzərdə tutulur.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, ümumiyyətlə əmək pensiyasının üç növü var: “Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya müəyyənləşir. Ailə başçısını itirdiyinə görə vətəndaş aldığı əmək pensiyasının artımı ilə bağlı çox zaman məlumatsız olur. Bir çox hallarda bunu həll etmək üçün vətəndaş bir neçə sənəd toplamaq məcburiyyətində qalır. Bu da zaman itgisi deməkdir. Yeni qanunda isə sistem avtomatik olaraq özü hesablayır. Belə olan halda əmək pensiyasının hansı növü çox olduqda avtomatik onu seçəcək. İldə 6 min bu cür təyinat olur. Bununla da 6 min vətəndaşın hüquqi vəziyyəti yaxşılaşmış olacaq”.

Komitə sədri bildirib ki, burada digər dəyişiklik köhnə birinci qrup adlanan 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır:

“Çünki indiyə kimi onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunurdu: Burada da artıq 10 faiz artım edildi. İndi bu şəxslər 70 faizlə pensiya ala biləcək. Üçüncü qrup dəyişikliklər isə pensiya sığorta sisteminin daha da genişləndirilməsi ilə bağlıdır. Ölkə vətəndaşlarının təxminən 95 faizi pensiya sığorta sisteminə uyğun olaraq təqaüd alır. Kim nə qədər pensiya kapitalı yığıbsa, ona uyğun təqaüd almış olur. Amma bəzi qruplar var ki, onlara maaşdan başqa əlavələr də verilir. Bunlar hərbi qulluqçular, onlara bərabər tutulan şəxslər, dövlət qulluqçuları və onlara bərabər tutulan şəxslər, prokurorlar, hakimlər, millət vəkilləri, Mərkəzi Seçki Komissiyasının, Ombudsman və Hesablama Palatasının üzvlərini əhatə edəcək. Hərbçilər və dövlət qulluqçuları isə ötən ilə və ondan öncəki illərdə qanunda edilən dəyişikliklərlə pensiya sığorta sisteminə uyğun ödəniş alıb”.

Musa Quliyevə görə, hazırda millət vəkili aldığı əmək haqqı və vəzifə maaşına əlavə ödəniş alırsa, yeni seçimlərdə başqa bir növ əlavə təyin edilir: “Millət vəkili pensiyaya çıxanda o əlavənin artmını almayacaq. İşlədiyi dövrdə nə alıbsa, onun artımları ödənəcək. Bu, sosial sığorta və sosial ədalətə uyğundur. Eyni zamanda bir çox dəyişikliklər isə texniki uyğunlaşdırma xarakteri daşıyır”.


Müəllif: Tapdıq Qurbanlı