27 May 19:57
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ayın 9-dan İrəvanda keçirilən aksiyaların davam etməsi Ermənistanda daxili siyasi gərginliyi yaradan əsas amillərdən biridir. Eyni zamanda ötən gün keçirilən mitinqlərin miqyası da 9 maydan elə də ciddi şəkildə fərqlənmədi. Bu onu göstərir ki, erməni kilsəsinin aksiyalarına ciddi dəstək yoxdur. Sözsüz, Ermənistanda müəyyən narazı kəsim var ki, onlar Nikol Paşinyan hakimiyyətinə qarşı çıxır.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

Onun fikrincə, ötən gün Ermənistanda olan mitinqlər və səslənən bəyanatlar Paşinyana qarşı çıxan qüvvələr arasında yekdilliyin olmadığını göstərdi: “Bu aksiyaların başında orta səviyyəli keşişin durması Ermənistandakı siyasi qüvvələrin hansı səviyyədə marginallaşmasını göstərən bir amil idi. Keşiş Baqrat Qalstanyanın baş nazirlik iddiasını ortaya qoyması və bununla bağlı erməni katolikosdan icazə istəməsi də bu hadisələrin arxasında dayanan əsas qüvvənin kimliyini nümayiş etdirdi. Məlum oldu ki, erməni kilsəsi, keçmiş “Qarabağ klanı” və onların ətrafındakı revanşist qüvvələrlə yanaşı erməni diasporu bu proseslərin arxasında durur”.

Politoloq hesab edir ki, kilsənin önə verilməsi ilə başlanan proseslərdə böyük etiraz dalğası yaradan bir hərəkat baş verməyib:

“Ötən gün verilən ultimatum və görüş tələbləri 9 mayda səslənən bəyanatlardan çox da fərqlənməyəcək. Qarşılarına Paşinyanı devirmək kimi məqsəd qoysalar da buna nail olmaq çətin olacaq. Çünki Paşinyan proseslərə yetərli dərəcədə nəzarət edə bilir. Onun arxasında dayanan qüvvələr, yəni Qərb qarşısında olan qüvvələrdən daha güclü hesab edilir. Ona görə də, ötən gündən başlayan aksiyalarla hansısa dəyişikliklərin olacağı ehtimalı azdır. Eyni zamanda Paşinyanın yaxın günlərdə keşiş Baqratla görüşü heç də real görünmür. Belə bir görüş keşişin statusunu yüksəldəcək ki, bu da Paşinyanın maraqlarına uyğun deyil”.

Oqtay Qasımov Paşinyanın bu aksiyalara nə qədər dirəniş göstərəcəyi ilə bağlı yanaşmalara da toxunub: “Baş nazir bu cür qüvvələrə saymazyana bir münasibət bəsləyir. Bu da özünə və komandasına olan inamla bağlıdır. Arxasında olan qüvvələr də ona arxayınlıq verir. Ona görə də, bu aksiyaların hansısa dəyişikliyə səbəb olacağı ehtimalı yoxdur. Bu, daha çox daxili gərginlik üçün atılan addımlardır. Keşişin rəhbərlik etdiyi aksiyalarda radikal addım atılcaqsa, Paşinyan da adekvat cavab verəcək”.


Müəllif: Tapdıq Qurbanlı