28 May 15:10
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, təşkilata üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik və ardıcıl siyasəti nəticəsində Azərbaycan Respublikası bütün əraziləri üzərində tam hüquqi nəzarəti bərpa edərək regionda sülhün və əmin-amanlığın təminatçısına çevrilmişdir.

TÜRKSOY ortaq türk mədəniyyətinin inkişafına yönəlik beynəlxalq fəaliyyətində Sizin dəstəyinizi daim hiss edir, Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələri yüksək qiymətləndirir.

Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-a göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram".

***

12:20

İtaliya Prezidenti Sercio Mattarelladan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Dost Azərbaycan xalqı milli bayramını qeyd etdiyi gündə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bakı ilə Roma arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri məni çox məmnun edir. Bu əlaqələr ikitərəfli səviyyədə inkişaf edərək Rusiya-Ukrayna müharibəsi və Orta Şərqdə gərginliyin artması ilə xarakterizə olunan hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, bu möhkəm əsaslarla ölkələrimiz strateji tərəfdaşlığı gücləndirmək, maraq doğuran bir çox sahələrdə onu zənginləşdirən yeni təşəbbüslər irəli sürmək üçün birgə fəaliyyətini davam etdirəcək.

Mən bir daha təsdiq edirəm ki, İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə, o cümlədən regional sabitlik, əlaqələr və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoqun intensivləşməsinə qətiyyətlə dəstək verməyə davam edəcək.

Cənab Prezident, sentyabr ayında Sizinlə Kuirinaledə yenidən görüşəcəyimə ümidvaram.

Sizə və bütün həmvətənlərinizə İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram".

***

Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizə Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.

Mən şadam ki, son illər ölkələrimiz arasında qarşılıqlı hörmət və minnətdarlığa əsaslanan çoxşaxəli əməkdaşlıq inkişaf edib. Macarıstan Azərbaycanla dostluq əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız çox gözəl əsas yaradır.

Sizi əmin edə bilərəm ki, mən çoxşaxəli siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə sədiqəm. Ümid edirəm ki, gələcəkdə bizim ümumi məsələlərlə bağlı şəxsən fikir mübadiləsi aparmaq imkanımız olacaq.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

***

09:20

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Cənab Prezident, əziz Qardaşım.

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.

Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Eyni zamanda Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.

Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.

İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər